Azərbaycan futbolunun şulerləri
15.05.2009 - 11:14
Azərbaycan futbolunun şulerləri
Almaniya Bundesliqasında yeni antirekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Arminiya”nın futbolçusu Markus Şuler ölkə çempionatında 181-ci matçını keçirməklə, tarixi nəticəyə imza atıb. Bu matçlarda hələ də qol sevinci yaşamayan 31 yaşlı müdafiəçi Bundesliqada ən uzun qol həsrəti yaşayan futbolçu olub.

Belə ki, çempionatda bu sayda oyun keçirən istənilən futbolçu (təbii ki, qapıçılar istisna olmaqla) ən azı bir dəfə qol vurub. Markus son turda meydana çıxmaqla, özü ilə Tomas Ayxinin şərikli antirekordunu yeniləyib. Ayxin 1980-90-cı illərdə “Borussiya”nın (Mönhenqladbax) heyətində qol vurmadan 180 qolsuz matç keçirmişdi.

Antirekordun rəsmiləşdiyi “Hoffenhaym”la qarşılaşmadan sonra Markus qol vurmamağını vecinə almadığını etiraf edib. Ümumilikdə isə, karyerasında 3 dəfə qol vuran Şuler bu topları aşağı dəstədə rəqib qapısından keçirib. Bundesliqada isə Markus mərdimazarın qurbanı olub. Oyunların birində o topu qapıçının yanından çərçivəyə göndərib. Boş qapıya diyirlənən top qapı xəttinə keçmək üzrə olduğu vaxt özünü yetirən Freddi Bobiç onsuz da vurulacaq qolu öz adına yazdırmaq üçün güclü zərbə ilə toru silkələyib.

Markus Bundesliqadakı qol həsrətini növbəti turlarda qırmağa çalışacaq. Onun Azərbaycandakı həmkarları da həmçinin. Premyer Liqanın “Şuler”ləri arasında kimin lider olmağı maraq doğurur. Güclülər dəstəsində ilk qolunu cari mövsümdə vurmaq ümidi ilə yaşayan, lakin bu ümidlər hələ də doğrulmayan futbolçuların siyahısına Mixail Kitelman başçılıq edir. “İnter”ın sıralarında olmasına baxmayaraq, 2008/09 mövsümünün çempionat oyunlarında meydana çıxmaq şansı belə qazanmayan 26 yaşlı yarımmüdafiəçi Premyer Liqada 123 qarşılaşmaya çıxıb. Hələ də karyerasını davam etdirənlər arasında antirekordun sahibini Elvin Əliyev izləyir. “Bakı” ilə ölkə çempionu olmağa yaxın olan müdafiəçi mayın 17-də keçiriləcək son turda qol vurmasa, gələn mövsümün ilk turunda çempionatda 100-cü matçına da həsrətlə çıxacaq.

Qeyd edək ki, Premyer Liqanın “Şuler”ləri arasında yalnız karyerasını davam etdirməkdə olan və heç vaxt qol vurmayan oyunçular daxildir. Hərçənd, artıq karyerasını bitirən futbolçular arasında da qol həsrətində olanlar var.

Premyer Liqanın 10 ən böyük “Şuler“i

yer

futbolçu

klubu

Oyun

1

Mixail Kitelman

İnter

123

2

Elvin Əliyev

Bakı

98

3

Nodar Məmmədov

MOİK

91

4

Hüseyn İsgəndərov

Qarabağ/Turan

86

5

Vüqar Həsənov

Qəbələ

84

6

Azər Bağırov

Muğan/Qəbələ

79

7

Orxan Rəcəbov

Muğan

74

8

Aleksandr İntskirveli

Karvan

73

9

Mixaylo Starostyak

Simurq

62

10

Elşad Quliyev

MOİK

53