“Xəzər-Lənkəran" - "Simurq" görüşü başqa vaxta keçirildi
15.05.2009 - 11:46
“Xəzər-Lənkəran" - "Simurq" görüşü başqa vaxta keçirildi
Azərbaycan Premyer Liqasının XXVI turunda keçiriləcək “Xəzər-Lənkəran” – “Simurq” matçının vaxtı dəyişdirilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Lənkərandakı qarşılaşma mayın 16-da saat 18:00-da baş tutacaq. Hərçənd əvvəlcədən görüşün mayın 17-si saat 18:00-da keçirilməsi nəzərdə tutulmuşdu.

Oyunun bir gün əvvələ keçirilməsi Azərbaycan və Özbəkistanın 21 yaşlılardan ibarət milli komandaları arasında beynəlxalq yoldaşlıq görüşünün bu şəhərdə qarşılaşması ilə bağlıdır. İlk dəfə Lənkəran şəhərində meydana çıxacaq yığmanın matçı ilə əlaqədar tədbirlərin yüksək səviyyədə təşkil olunması - Azərbaycan və Özbəkistan nümayəndə heyətinin qarşılanması, yerləşdirilməyi, hər iki komandanın məşqlərinə şərait yaradılması, meydançanın matçın keçiriləcəyi saata kimi tam hazır vəziyyətə gətirilməsi üçün "Xəzər-Lənkəran" çempionat qarşılaşmasının vaxtının dəyişdirilməsini istəyib. “Simurq”un da razılığını nəzərə alan PFL lənkəranlıların xahişini müsbət cavablandırıb.

Qeyd edək ki, çempionatın ilkin təqvimində son turun bütün oyunlarının mayın 17-də keçirilməyi nəzərdə tutulmuşdu. Sonradan stadion problemi üzündən “Standard” – MOİK matçı da bir gün əvvələ keçirilmişdi. Bütün bu matçlar saat 18:00-da başlayacaq.