“Heç Maldini də Mahmud qədər çempion olmayıb”
20.05.2009 - 18:10
“Heç Maldini də Mahmud qədər çempion olmayıb”
“Bakı” klubunun heyətində Azərbaycan çempionu olan gürcü futbolçu Georgi Adamiyanın apasport.az saytına müsahibəsi

- Çempion olmağınızdan artıq 3 gün keçib. Əhval-ruhiyyəniz necədir?
- Əla. Komanda ilə çempionluğu elə həmin gün, “Muğan”la oyundan dərhal sonra qeyd etdik. Axşam banket oldu.

- “Bakı”dakı həmyerlilərinizlə birgə bunu öz aranızda qeyd etmədiniz?
- Hələ bununla bağlı heç nə etməmişik. Üç gündür istirahətdəyik. Mayın 21-də mükafatlandırma mərasimi olacaq. Bundan sonra hərə öz evinə dağılışacaq.


- Vətəninizdə istirahət etdikdən sonra Azərbaycana qayıdacaqsınızmı?
- Hələ bilmirəm.

- Niyə?
- Çünki “Bakı” ilə müqaviləm bitib.

- Bəs müqavilənin müddətini uzatmağı düşünmürsünüz?
- Birincisi, bu, tək məndən asılı deyil. İkincisi isə hələ bu haqda danışmamışıq.

- Yəqin ki, rəhbərlik gözəl, həlledici qollara imza atan sizin kimi təcrübəli futbolçunun xidmətində maraqlıdır. Son turda “Muğan”a vurduğunuz qol çox baxımlı alındı...
- Komplimentə görə çox sağ olun. Karyeramı harada davam etdirəcəyimlə bağlı indidən heç nə deyə bilmərəm. Bunu zaman göstərəcək.

- Əgər “Bakı” sizə yeni müqavilə təklif etsə, komandada qalmaq istərdinizmi?
- İstərdim. “Bakı” çox yaxşı komandadır, gözəl ab-hava hökm sürür. Ancaq qalacağımı hələ bilmirəm. Gərək fikirləşim. Oturub, danışmalıyıq. Hələ konkret söhbətləşməmişik.

- Adətən futbolçu çempion olduqdan sonra həmin komandada qalır. Bu həm də Çempionlar Liqası kimi Avropanın ən nüfuzlu klub turnirində oynamaq şansı ilə bağlıdır.
- Əlbəttə, Çempionlar Liqasında oynamaq hamı kimi, mənim üçün də pis olmazdı. Komandada qalsaq, imkan daxilində daha çox mərhələ adlamağa çalışacağıq. Həmin vaxt turnirə ciddi hazırlaşacağıq və hər şey aydınlaşacaq.

- Çempionlar Liqasında çoxdandır oynamırsınız. Sonuncu dəfə 2005-ci ildə “Neftçi”nin heyətində çıxış etmisiniz. Bu turnir üçün darıxmamısınız?
- İstənilən halda, Çempionlar Liqasında hər şey başqa cür olur. Orada başqa atmosfer hökm sürür. Ardıcıl çətin oyunlar olur. Bəli, Çempionlar Liqası üçün darıxmışam.

- Sizin sözlərinizdən belə duyulur ki, “Bakı”da qalmaq yox, daha çox başqa kluba keçmək haqda düşünürsünüz. Doğrudanmı belədir?
- Siz Azərbaycan, yoxsa xarici klubu nəzərdə tutursunuz?

- Yeri gəlsə, elə hər ikisini...
- Xaricdə oynamaq istəyim var. Bilirsiniz, istənilən halda, özümü xaricdə sınamaq istəyirəm. Ancaq hələ bu, fakt deyil və mən nə edəcəyimi müəyyənləşdirməmişəm.

- Bəlkə uzun müddət oynadığın “Neftçi” sizi cəzb edir?
- (gülür) Hələ bilmirəm, bu haqda düşünməmişəm. Mövsümün bitməsindən cəmi 3 gün keçib. Hazırda istirahət edirəm, mükafatlandırma mərasiminə hazırlaşıram. Bir neçə gün də keçəcək, götür-qoy edib, qərarımı verəcəyəm.

- Ötən yay “Neftçi” ilə müqaviləni uzatmağa tərəddüd edirdiniz. Xeyli düşündükdən sonra razılıq verdiniz. İlk dövrənin gedişində də transferə çıxarıldınız. Bəlkə bundan ibrət götürüb, daha səhv etmək istəmirsiniz?
- Belə deməzdim. Heç kim məni məcbur etmir. Əgər özün müqaviləni uzatmaq istəməsən, heç kim səni imzalamağa məcbur etməyəcək. Əslində, “Bakı” ilə müqaviləni uzatmaq istəyirəm. Ancaq sonadək qərarımı qətiləşdirməmişəm. Öz gücümü Avropada da yoxlamaq istəyirəm. Həm bunu istəyirəm, həm də “Bakı”da qalmağı (gülür)

- Lakin bir əldə iki qarpız tutmaq olmur...
- Bu, məlum məsələdir. Elə buna görə də düşünüb, seçim etmək lazımdır.

- Belə məlum olur ki, daha çox Avropaya can atırsınız. Hər halda, cəmi 28 yaşınız var və adətən bu, futbolçu üçün ən yaxşı yaş dövrü hesab olunur.
- Avropaya indi getdinsə getdin, sonra gec olacaq. Vaxt ötür və bir neçə ildən sonra artıq heç kimə lazım olmursan.

- Siz Avropa deyəndə Rusiya, Ukrayna kimi futbol ölkələrində oynamağı nəzərdə tutursunuz, yoxsa?
- Açığı, Rusiyada çıxış etmək haqda fikirləşməmişəm.

- Bəs Ukrayna?
- Ukraynada oynamaq olar. Ancaq məni daha çox Avropa çəkir. Diqqətimi ora yönəltmişəm.

- Qış fasiləsində özünüzə klub axtararkən, Rumıniyaya yollanmaq variantı var idi. Ancaq Gürcüstandan ora viza ala bilmədiyinizə görə səfəriniz baş tutmadı. Rumıniya variantına yenidən qayıtmaq mümkündürmü?
- Ola bilər. Hələ dəqiq bilmirəm. Rumıniyadan mənimlə əlaqə saxlayan olmayıb.

- Daha çox Avropanın hansı ölkəsində legioner həyatı yaşamaq istərdiniz?
- Avropada hansı ölkədə oynamaq istədiyimi bilirəm. Ancaq orada heç kim məni götürməz.

- Hansı ölkədən danışdığınızı anladım. Bu, İspaniyadır. Ən sevdiyiniz klub da “Barselona”dır. Bunu bir dəfə mənə müsahibənizdə demişdiniz...
- Düzdür. Ancaq dediyim kimi, bu komandaya məni heç kim götürməz. Buna görə də real şeylərdən danışmaq, fikirləşmək lazımdır. Gücümə görə, oynaya biləcəyim kluba keçməyə çalışacağam. Hələ son qərarımı verməmişəm.

- Futbolçunun yaxşı kluba keçidi menecerdən, reklamdan da asılıdır. Bu planda vəziyyət necədir?
- Futbolçunun reklamı daha çox öz oyun səviyyəsi, potensialı, təcrübəsi ilə bağlıdır. Burda harada oynaması, çempion olması böyük rol oynayır. Razılaşın ki, Azərbaycandan harasa getmək çətindir. Üstəlik, milli komandada oynamamışam. Fikrimcə, buna görə bir az çətin olacaq.

- “Qəbələ” variantı nə dərəcədə realdır? Bu klubda çıxış edən həmyerliniz Tornike Aptsiauri vasitəçilik edirmi?
- Mənə zəng edən bir jurnalist “Qəbələ”yə keçməyim haqda soruşdu. Birincisi, mənə bu klubdan heç kim dəvət göndərməyib. İkincisi də bu variant haqda düşünməmişəm. Hələlik “Qəbələ”yə keçmək niyyətim yoxdur.

- Elə fərz edək ki, “Qəbələ” “Bakı”dan çox pul təklif edir. Belə olan halda, Adamiya maddi amillərə görə “Bakı”nı “Qəbələ”yə dəyişərmi?
- Mən “Qəbələ”ni alçaltmaq, yaxud bu yöndə hər hansı hərəkət etmək istəmirəm. Onların kifayət qədər yaxşı, ortabab komandası var. Azərbaycandan gedəsi olmasam, elə “Bakı”da qalacağam.

- İkinci dəfə Azərbaycan çempionu oldunuz. İlk dəfə 2005-ci ildə “Neftçi”nin heyətində belə uğur qazanmışdınız. Hər iki çempionluğu müqayisə edəndə hansı qənaətə gəlirsiniz? Fərq təkcə dəyişən illərdədirmi?
- İstənilən halda, çempionluq çempionluqdur. Buna hansı komandanın heyətində nail olmaq elə də əhəmiyyətli deyil. Çempionluq istənilən futbolçu üçün yaxşı nailiyyətdir. Bu, çıxış etdiyin klubdan asılı olmayaraq xoşdur. Hesab edirəm ki, birinci dəfə də çox sevinmişdim, ikinci dəfə də.

- Maraqlısı odur ki, bir qayda olaraq qışda keçdiyiniz, yəni ikinci dövrədən oynadığınız klubla çempion olursunuz. 2005-ci ildə “Neftçi”də belə olmuşdu, indi isə “Bakı”da. Amma bütün mövsüm formasını geyindiyiniz “Neftçi” ilə 3 il dalbadal buna nail olmadınız...
- Çempion olmaq üçün yarım il oynayacağam, qışda kluba keçəcəyəm (gülür) Görünür, qismət belə imiş. Bu, taleyin işidir.

- Azərbaycanda ən azı iki dəfə çempion legionerlərin sayı çox azdır. Belə futbolçulardan ikisi “Bakı”da komanda yoldaşlarınız – seneqallı qapıçı Xalidu Sissoko və argentinalı hücumçu Fernando Peresdir. Daha ikisi isə həmyerliləriniz Badri Kvaratsxeliya və Valeri Abramidzedir...
- Abramidzenin çempionluğu yadımdadır. İlk dəfə “Neftçi” ilə birgə çempion olmuşduq. Sonra Abramidze “Xəzər-Lənkəran”a keçdi və bu komanda ilə də çempion oldu.

- Bəs çempionluq üzrə rekordçu Badri Kvaratsxeliyanın ölkəmizdə ən titullu legioner olduğunuzu bilirdinizmi?
- Kvaratsxeliya Azərbaycanda əfsanədir. Bizim ona çatmağımıza hələ çox var (gülür).

- Niyə? Daha bir dəfə çempion olsanız, Kvaratsxeliyaya çatırsınız. Ölkəmizdə çıxış etdiyiniz dövrdə titullar, mükafatlarla bağlı hədəfiniz nədir?
- Məqsədim odur ki, Azərbaycanda qalası olsam, daha çox çempion olmağa çalışacağam. Bu, mənim hədəfimdir. Çempionluq nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Bilmək olar, Kvaratsxeliyanın çempionluğu hansı komandalarladır?

- Kvaratsxeliya 1997/98 mövsümündə “Kəpəz”lə çempion olub. Sonradan “Şəmkir”ə keçən Badri bu komandada 1999/2000 və 2000/01 mövsümlərində ardıcıl iki dəfə qızıl medal qazanıb.
- Çalışacağam ki, Kvaratxseliyanın rekordunu qırım. Ən azı bunu təkrarlamağa, qismət olsa, yeni rekorda imza atmağa səy göstərəcəyəm.

- Çempion olduğunuz “Neftçi” və “Bakı”da Mahmud Qurbanovla bir yerdə oynamısınız. Komanda yoldaşınız artıq 10-cu dəfə ölkə çempionu oldu. Bu rekorda çatmaq haqda necə, düşünürsünüzmü? Ümumiyyətlə, kimsə bu rekordu qıra bilərmi?
- Məncə, bu, ümumdünya rekordudur. Deyəsən, Paulo Maldini də Mahmud Qurbanov qədər çempion olmayıb. 10 dəfə çempion olmaq çox çətindir. Çox az futbolçu buna nail olacaq. Mahmud bu planda xoşbəxt adamdır. Afərin ona!
0