“Legionerlər bir növ muzdlu qatillərdir...”
01.06.2009 - 23:30
“Legionerlər bir növ muzdlu qatillərdir...”
Futbolçu karyerasını bitirən Bakının “Olimpik” klubunun kapitanı Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

- Futbolçu karyeranızı bitirməklə bağlı qərarı necə verdiniz?
- Futbolçu karyeramı başa vurub, məşqçiliyə keçirəm. “Olimpik” rəhbərliyi, baş məşqçi Əsgər Abdullayev məndən xahiş etdi ki, komandada qalıb, köməkçi məşqçi kimi işləyim. Bir-iki variant da var, gözləyirəm.

- Karyeranızı 38 yaşında başa vurdunuz. Bu, taleyin işidir, yoxsa?
- Rəhbərlik belə qərar çıxardı. Həmişə demişəm ki, özümü oyunumla sübut edəcəyəm. Əgər bu gün zəifəmsə, deməli, belədir. Mənə desələr ki, zəifsən, çatdırmırsan, o yükləri götürə bilmirsən, onda futbolla vidalaşaram. Amma rəhbərlik belə qərar verdi və mən də çox dərinə getmədim. Dedim ki, nə olar, belə istəyirlər, belə də olsun. Amma məndən olsaydı, yenə oynayardım.

- Sözlərinizdən belə qənaətə gəlmək olar ki, rəhbərlik sizinlə müqavilənin müddətini uzatmadı...
- Bəli.

- Buna görə incimədiniz?
- Yox, Allah eləməsin. Bu, rəhbərliyin işidir, komandanı cavanlaşdırırlar. Bu mövsüm yeni heyət qurmaq, komandanı gənc futbolçulardan təşkil etmək istəyirlər. Sponsor rəhbərliyin qarşısında belə məqsəd qoyub.

- Ötən il çempionluğun bir addımlığında olan “Olimpik” son mövsümü 6-cı yerdə başa vurdu. Xüsusilə, ikinci dövrədə hökm sürən maliyyə problemləri komandaya çox təsir etdi?
- Futbol elədir ki, gəlmə futbolçular, zədə amili var. Hər bir oyunçu meydana çıxanda ilk növbədə komandasının uğuru üçün çalışmalıdır. Götürək elə özümüzünküləri. Yerli futbolçu fikirləşir ki, dost-tanış var, haradasa özünü toparlaya bilir. Amma legioner bir növ “muzdlu qatil”dir, pul üçün gəlib. Pulu verilməsə, heç vaxt canını meydanda qoymaz.

- Yəni, yerli və əcnəbi futbolçular bu mənada bir-birindən çox fərqlənirlər?
- Bəli. Bu kimi şeylər ötən mövsüm çıxışımıza böyük təsir etdi. Komandada xırda söz-söhbətlər olur ki, pul verilmir. Həmin gün oyuna çıxmırdılar. Nə qədər həvəsləndirsələr də, oyuna istənilən vəziyyətdə çıxmaq istəmirdilər. Baxırdın ki, bir oyuna həvəslə çıxırdılar, üçünə yox. Bəli, bütün bunlar böyük rol oynadı. Əslində, çətinlik hər yerdə var. Maliyyə bütün dünyada hökm sürür. O böhranın bizə böyük zərbəsi dəydi. Haradasa 4 ay maaş ala bilmirdik. Artıq yavaş-yavaş bu problem aradan götürülür. Amma həqiqətən də maliyyə problemləri nəticəyə böyük təsir göstərdi.

- Maliyyə problemi olmasaydı, “Olimpik”i yenə iddialı ola bilərdi?
- Bu ilki “Olimpik” keçən ilkindən də yaxşı idi. Həqiqətən də çox yaxşı komandamız vardı. Düzdür, ötən ilki “Olimpik” öz əzmkarlığı, birliyi, mübarizliyi ilə seçilirdi. İndiki komanda isə texnikası, yaradıcı oyunu ilə fərqlənirdi. Sadəcə, o problemlər gətirib bu vəziyyətə çıxartdı. Bəli, bu ilki komandamız keçən ilkindən qat-qat üstün idi. Bəlkə də ötən ilkindən da yaxşı nəticə göstərə bilərdik. Mövsümün əvvəlində iki cəbhəyə oynayırdıq. Sonradan maliyyə çatışmazlıqlarına görə hər iki yerdən əlimiz üzüldü.

- Rusiya və Ukraynada oynamısınız, orda çoxlu tanışlarınız var. Məşqçiliyə başladığınız zaman, təhsil və bu kimi digər məsələlərlə bağlı onlardan kömək almaq fikriniz varmı?
- Belə bir fikrim var. Vaxtilə formasını geyindiyim Lutskun “Volın” klubunda məşqçilər korpusu mənə bu işdə kömək edə bilər.

- Həmin komandanın baş məşqçisi olan Vitali Kvartsyanını da nəzərdə tutursunuz?
- Yox. Kvartsyanı elə işlərə qarışmır. Onun köməkçiləri var. Tanınmış ukraynalı futbolçu Sergey Kovaletslə bir yerdə oynamışıq. Onun əlaqə saxlamağım mümkündür. O vaxt mənə demişdi ki, məşqçiliyə başlasan, sənə kömək edərik. Bir-iki əlaqələrim var ki, onlardan istifadə etmək istəyirəm. “Volın”da bir yerdə oynadığım Vladimir Qaşin də mənə kömək edə bilər. İnşallah, ola bilsin ki, yaxın zamanda Kiyevə getdim.

- Karyeranızda xeyli uğurlarınız olub. Bunların hansı ilə böyük qürur duyursunuz?
- Heç vaxt “özümü sübut etdim, özümü göstərdim” kimi şeylər haqqında fikirləşməmişəm. Çünki futbolçunun bir işi var ki, o da meydançaya çıxanda bütün canını qoysun. Onun oyununa tamaşaçı, mütəxəssis, siz jurnalistlər baxırsınız. Ona siz qiymət verməlisiniz. Əgər futbolçu özünə qiymət verirsə, bu, özündən razılıq əlamətidir. Hər halda, mən belə hesab edirəm. Həmişə istəmişəm ki, mənə kənardan qiymət verilsin. Futbol həyatımda uğurlar olub. Yeniyetmələr arasında Avropa çempionu olmuşam, Azərbaycan kubokunu qazanmışam, 2-ci və 3-cü yer tutaraq, gümüş və bürünc medal qazanmışam.

- Amma Azərbaycan çempionu ola bilmədiniz. Halbuki ötən il “Olimpik”in heyətində buna çox yaxın idiniz...
- “Karvan”da da belə şansım var idi. 2006-cı ildə Tovuzda “Turan”la oyunda qolsuz heç-heçə etməsəydik, çempion olacaqdıq. “Qarabağ”da da belə şansım olub. Əfsuslar olsun ki, Bərdədə, Masallıda xal itirdik. “Neftçi” ilə də çempion ola bilərdim. Amma... Bilirsiniz, bu, qismətdir. Allahın yazısıdır ki, Avropa çempionu olasan, amma Azərbaycan çempionu yox.

- Amma sizdən qat-qat zəif futbolçu Azərbaycan çempionu olur, boynundan qızıl medal asır. Buna görə heyfsilənmirsiniz?
- Yox. Bu, Allahın qismətidir. Mən çox arzu edirəm ki, hamı qızıl medal qazansın. Qismətim belə imiş. Buna heç vaxt heyfsilənmərəm, nə də ki narazılığım olmayıb. Allah məsləhət bilsəydi, mən Azərbaycan çempionu olardım. Şərt o deyil ki, neçə dəfə çempion olasan. Şərt odur ki, ətrafında futbolçu yetişsin. Yanımda üç-dörd futbolçu yetişdisə, mən buna sevinirəm. Misal üçün elə götürək mənimlə iki il “Olimpik”də bir yerdə oynayan Elvin Əliyevi.

- Əliyev son mövsümdə “Bakı” klubunun heyətində Azərbaycan çempionu oldu...
- Vaxt var idi, kimsə ona demişdi ki, sən futbolçu olsan, biz nə bilim neynəyəcəyik. Amma şükürlər olsun ki, Elvin artıq özünü bir futbolçu kimi sübut edib.

- SSRİ futbol məktəbinin yetirmələri olan Tərlan Əhmədov Azərbaycan çempionatında 38, keçmiş komanda yoldaşın Vidadi Rzayev 40 yaşına kimi oynadı. Sizcə, bu, nəyin göstəricisidir? Həqiqətən də Tərlan bu yaşda özündən kiçiklərdən, müstəqillik dövrünün yetirmələrindən güclü olduğunu sübut edir?
- Təsəvvür edin ki, SSRİ dövründə gündə hətta dörd dəfə məşqimiz olurdu. Bu gün şərait baxımından həmin məşqlər alınmır. Çünki meydançaların, bazaların olmamağı belə məşqləri arxa plana salır. Bu gün biz saat yarımla hər bir şeylə kifayətlənirik. Bir meydança üstündə 4-5 komanda həm hazırlıq prosesində, həm də oyunda mübarizə aparır. Amma SSRİ dövründə belə deyildi. O dövrdə “Neftçi” Azərbaycanın yeganə komandası idi və uşaq məktəbində yaxşı, istedadlı futbolçuları yavaş-yavaş ora çəkirdilər. Bu gün həmin futbol məktəbinin azlığının nəticəsidir ki, futbolçu cavan olmağına baxmayaraq, yeri gələndə, mənimlə rəqabət apara bilmir. Bizə o vaxt verilən, götürdüyümüz yükü indi hansısa oyunçuya versən, bəlkə də o saat futboldan uzaqlaşar. Həmin dövrə qəbul etdiyimiz yükün ehtiyatıdır ki, biz onu bu gün də balans edirik.

- Vaxtilə müsahibənizdə demişdiniz ki, futbolçu karyeranızı bitirdikdən sonra məşqçiliyə başlamaqla bağlı tərəddüd edirsiniz. Futboldan gedəndən sonra müxtəlif sahələrdə - agent kimi, menecerlikdə, biznesdə özünü sınamaq olar. Futbolçu kimi iddialı, xarizmatik lider olan Tərlan Əhmədov məşqçi kimi qarşısına belə məqsəd qoyubmu?
- Mən o vaxt dedim ki, birdən-birə məşqçiliyə başlamaq istəmirəm. Öz işimi tədricən görmək arzusundayam. İstəyirəm ki, hər bir şeyin incəliyini, uşaqların psixologiyasını öyrənim. Düzdür, klubda kapitan olmuşam, uzun müddət oynamışam, haradasa təcrübəm var. Amma məşqçiliyin özünəməxsus xüsusiyyətləri var və bunun incəliyinə kimi öyrənmək istəyirəm. Bəli, əgər yavaş-yavaş buna nail olsam, qarşımda böyük məqsədlər var. Bu, olmasa, heç bir işin mahiyyəti də olmaz. Məşqçi də olsam, iddialı olacağam, biznesmen də olsam. Hər nə olsam, yaxşısından olacağam (gülür).

- Yəni, məşqçilikdə ilk olaraq köməkçi kimi çalışmağa normal baxırsınız?
- Bəli, mən buna normalı baxıram.

- Birdən-birə məşqçi olmaq iddianız yoxdur?
- Yoxdur. Mən elə şeyləri qəbul etmirəm. Həyatdır, ola bilər ki, gedib bir zəif komandada işə başlayıb, həm tədricən öyrənmək, həm də baş məşqçi işləmək olar. Bu, başqa məsələdir. Amma hansısa iddialı komandaya baş məşqçi gəlmək – mən bu haqda düşünmürəm.

- Məşqçi kimi uşaq futbolunda çalışmaq istərdinizmi?
- Bəli. Yenə də deyirəm ki, hər nəyə başlasam, aşağıdan başlayacağam. Məqsədim o şeyin xırdalığına kimi gəlib çatmaqdır. Birdən-birə yuxarıdan başlayıb, sonra da hər şeyə nöqtə qoymaq istəmirəm.

- Hər halda, uzun müddət rəhbərliyi altında oynadığınız Əsgər Abdullayevdən çox şey öyrənmisiniz, futbolçu karyeranızda onun böyük rolu olub...
- Doğrudur. Onunla uzun müddət bir yerdə işləmişəm. Bu, həm “Şəfa”da, yığmada, həm də indiki klubda. Artıq dördüncü ildir ki, “Olimpik”də bir yerdə çalışırıq. Hansı məşqçi ilə işləmişəmsə, onların hər birindən bir şey öyrənmişəm, yaxşı xüsusiyyətləri götürmüşəm. Hamıdan, o cümlədən Əsgər Abdullayevdən çox şey öyrənmişəm.

- “Olimpik”də məşqçi kimi işləyəcəyiniz nə vaxt dəqiqləşəcək?
- Artıq danışığımız olub və hələ ki “Olimpik”də qalıb, işləyirəm. Dəqiqləşməyinə artıq dəqiqləşib. Burda başqa söhbət yoxdur.

- Komandanın seleksiya işləri ilə məşğul ola bilərsiniz?
- İnşallah, mənə hansı sahəni verəcəklər, onunla da məşğul olacağam.

- Yəqin ki, Əsgər Abdullayev “Olimpik”in baş məşqçi postunda qalır?
- Qalır. Hələ ki komandanın demək olar hamısı yerindədir. Futbolçularla danışıqlar olmalıdır. Bu, artıq mənə yox, rəhbərliyə aid olan məsələdir.

- Futbolçularınızın çoxunun müqaviləsi bitib. Hamı gözləyir ki, “Olimpik”in oyunçuları hara gedəcək. Yəni, komandanızın gələcək taleyi maraq doğurur...
- Dediyim kimi, futbolçuların əksəri öz yerindədir. Düzdür, qapıçımız Rauf Mehdiyev, bəziləri gedib, bu, məlum məsələdir. Ancaq eşitdiyimə görə, oyunçuların çoxu “Olimpik”də qalır.
0