İlqar Muradov: ...“Neftçi”nin qəlbimizdəki yeri başqadır
21.06.2009 - 16:00
İlqar Muradov: ...“Neftçi”nin qəlbimizdəki yeri başqadır
İlqar Muradov 1988-ci ildə Naxçıvan Pedaqoji Universitetini bitirib. 1982-ci ildən 1995-ci ilədək xalq artisti, pianoçu-bəstəkar Rafiq Babayevin rəhbərlik etdiyi studiyada işləyib. Muğam, təsnif, el mahnılarının, eləcə də dünya xalqlarının, müasir bəstəkarların əsərlərinin gözəl ifaçısı, bir çox dövlət tədbirlərinin iştirakçısıdır. Hazırda İncəsənət mərkəzində səsyazma studiyasının rəhbəridir.

Onu yalnız elm-incəsənət, siyasət xadimləri tanımır. Bilyard Federasiyasının vitse-prezidentidir. Yaxınlarda keçirilən seçkidə bu posta gətirilib: "Məndən də yaxşı bilyard oynayanlar var, onlardan birini vitse-prezident qoyardılar. Stolüstü idman növlərindən çox xoşum gəlir. Tennis oynamağı bacarıram. Bilyarda isə xüsusi rəğbətim var. Kiyi əlimə götürüb, bilyard stoluna yaxınlaşanda hər şeyi unuduram. Gün ərzində düşündüyüm işləri yaddan çıxarıb, istirahət edirəm. Bilyard oynayanda əsəblərim də sakit olur".

Müğənni bilyardda uduzmağı qətiyyən sevmir. Hər adamla da stol arxasına keçməz. Ov etmək qədər sevdiyi məşğuliyyətə elə aludə olub ki, hər həftə dost-tanışlarını başına yığar. İdmana əyləncə və hobbi kimi yanaşır. Sağlam həyat tərzi keçirmək istəyənlərə məsləhət görür ki, idmanla gündəlik məşğul olsunlar. Axı özü də buna əməl edir.

Hamı kimi, o da yeniyetmə çağlarından "Neftçi"yə azarkeşlik edib. İsgəndər Cavadov, Səməd Qurbanov, Maşallah Əhmədov və Səmədağa Şıxlarovu da 80-ci illərdən tanıyır. Vaxtilə tribunadan izlədiyi futbolçularla indi də əlaqə saxlayıb, görüşürlər: "Hələ də o illərin futbolunu axtarıram. İlk dəfə oyununa baxmaq üçün stadiona getdiyim komanda "Neftçi" olub. Dəqiq xatırlamıram, deyəsən, hansısa rus komandası ilə oynayırdılar. Stadionda iynə atsan, yerə düşməzdi. "Neftçi" uddu, İsgəndər də bir qol vurdu. Hamı mənim kimi sevinirdi. Ondan sonra stadiona yolum tez-tez düşürdü. Hamısını olmasa da, "Heftçi"nin Bakıdakı əksər oyunlarını izləməyə gedirdim. Sovet vaxtı başqa komandamız yox idi, hamımız "Neftçi"ni tanıyırdıq. İşdə, evdə, küçədə - hər yerdə yalnız ondan söhbət gedirdi. Komanda oynayanda Bakıda əsl bayram olurdu. "Ararat"la qarşılaşmalar ümumiyyətlə, prinsipial keçirdi".

O, indi də futbolu yalnız ekrandan izləmir, arabir yolunu Tofiq Bəhramov adına Respublika stadionundan salır. Düzdür, gənclik illərinin həvəsi, istəyi qalmayıb, ancaq içindəki futbol yanğısı öz hökmünü oxuyur. Sonuncu dəfə ölkənin baş arenasına "Neftçi" - "Turan" matçına baxmaq üçün gəlib. Lakin 1:1 başa çatan görüşü yalnız 70 dəqiqə izləyə bilib. Hakimin final fitini gözləmədən stadiondan getməsinin səbəbini öz dilindən eşidək: "Futbol gözəl oyundur. Onu oynaya bilsən. Köhnə futbolçular tam başqa cür idi. Onlarda sürət, gözəl ötürmələr vardı. Oyun mənə o dərəcədə cansıxıcı gəldi ki, dözə bilmədim, dostlarıma dedim, bağışlayın, gedəsi oldum. "Neftçi"ni biz həmişə güclü görmüşük. Stadionda heç tamaşaçı da yox idi. Keçmiş günləri bir anlıq yadıma saldım, həqiqətən üzüldüm. "Neftçi" oynaya, stadion boş qala. Gözlərimə inanmadım. Su gələn arxa bir də gələr. Nə qədər çox klub olsa da, "Neftçi"nin qəlblərdəki yeri başqadır. Mən indi də bu komandaya pərəstiş edirəm. Gün o gün olsun ki, səsini Avropanın ən gözəl meydanlarından eşidək”.
0