“Arı-şou”
10.07.2009 - 10:15
“Arı-şou”
Azərbaycan çoxövladlı ailələr diyarı olub. Keçmiş sovetlərin vaxtında 10-dan çox uşaq dünyaya gətirənə “qəhrəman ana” ordeni verirdilər. Hətta bu qəhrəmanlıq insanlardan ilanlara keçmişdi və “yeddiqardaş ilan” məfhumu ortaya çıxmışdı. Son illər gizli və aşkar iqtisadi böhranla əlaqədar ailələrdə övladların sayı azalıb. Şəxsən mən Sumqayıtda “Dörd qardaş” şadlıq evi və “Üç qardaş” supermarketinə rast gəlmişəm. Amma iki qardaş...

Bax, bu, nə gözlə görünəsi, nə də mücərrədliyi sübut olunası məfhumdur. Nəyə görəsə Premyer Liqa adlandırılan Azərbaycan çempionatının güclülər dəstəsində Bakının “İnter” və Zaqatalanın “Simurq” adlı komandaları var. Onlar sponsorları, loru dildə desək, yemək yedikləri qabların eyniliyi baxımından qardaşdırlar. Nəyə görəsə çempionatı təşkil edən və keçirən Peşəkar Futbol Liqası (PFL) bu fakta göz yumur. Amma bir klub rəsmisinin zənginə cavab verən hakimi peşəsindən kənarlaşdırır. Sözüm onda yox...

Həmin “İnter” və “Simurq” ötən mövsümün yekunlarına əsasən, Avropa Liqasında oynamaq hüququna yiyələnmişdi. Biri “Karvan”ın 3 il öncə UEFA kuboku adlandırılan turnirdən həm səfər, həm də evdə qalib gələrək, kənarlaşdırdığı Slovakiyanın “Spartak” komandasına rəqib olmuşdu. Digəri də “Qarabağ”ın düz 10 il öncə İntertoto kubokunda dayandırdığı İsrail təmsilçisi (bu dəfə “Bney Yehuda”) ilə qarşılaşmalı idi.

Və qarşılaşdılar da... Hər ikisi ilk görüşdə 1 top fərqi ilə uduzdu. Cavab matçında isə qapılarından hərəyə 3 top buraxaraq, biabır oldular. Həm “İnter”, həm də “Simurq” mövsümlərarası fasilə müddətində heyətlərini gücləndirmiş və ən azı özlərinin səs-küylü saydıqları transferlər etmişdilər. Hər ikisi yeni oyunçulara ətək-ətək pul xərcləmişdilər. Axırı nə oldu? Hər ikisi Avropa Liqası ilə erkən vidalaşdılar. Halbuki “Bney Yehuda”nın baş məşqçisi Qay Luzon Bakıda yalvarırdı ki, bizi udun, diqqətimizi İsrail çempionatına yönəldək. Əgər “İnter” və “Simurq” vaxtilə məğlubiyyətə uğradılan Slovakiya və İsrail təmsilçilərini indi arxada qoya bilmirlərsə, görün, futbolumuz nə qədər geriləyib... Budurmu “qardaşlar”ın Azərbaycan futboluna xeyri? Budurmu futbolumuzun inkişaf göstəricisi?

İşlərini hələ ki plana uyğun quran “Bakı” klubu ilə işim yox. İkiqat Azərbaycan çempionunun Çempionlar Liqasındakı rəqibi Litva “Ekranas”ı gözüyumulu keçiləsi rəqibdir. Bunu “Bakı” rəsmiləri də etiraf edir. Hətta 3 il öncə Gürcüstan “Sioni”sinə də eyni formada yanaşıb, sonda pis vəziyyətdə qalan komandamız bu dəfə eyni halın təkrarlanma ehtimalını əsla yaxına buraxmır.

Bəs “Qarabağ”? PFL prezidenti Ramin Musayev bu klubun ölkə kubokunu qazanması münasibətilə keçirilən tədbirdə maraqlı çıxış etdi. Musayev etiraf etdi ki, Ağdam komandası finalda “İnter”i yendikdən sonra bir klub rəsmisi ona zəng edərək, ““Qarabağ”a kubok verdiyin üçün səni təbrik edirəm” deyib. Hakimlikdən kənarlaşdırılan FİFA referisi Babək Quliyev isə bu günlərdə keçirdiyi mətbuat konfransında Musayevi “Qarabağ”a ölkə kubokunu verməsi münasibətilə 1 yox, 5-6 klub rəsmisinin təbrik etdiyini açıqladı. Mən baş məşqçi Qurban Qurbanovun komandasının finalda “İnter”i necə yendiyinin, paytaxt klubunun kapitanı Samir Abbasovun heç bir lüzum olmadan Ağdam komandasının futbolçusunu yerə sərərək, penaltiyə səbəb olmasının arxasında nələrin durduğunu indi araşdırmaq fikrindən uzağam. Amma PFL prezidenti “Qarabağ” komandasının siyasi çəkisindən pafosla danışırsa, mən ortaya əks-arqument qoymaq istərdim: Bu il iyulun 23-də Ağdam rayonunun ermənilər tərəfindən işğal günündən 16 il ötəcək. Məhz həmin gün “Qarabağ” Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə Norveçin “Rusenborq” klubu ilə üz-üzə gələcək. Əgər ölkə kubokunun sahibi Ağdamın işğalı günündə xalqımıza təskinlik vermək istəyirsə, buyursun, “Rusenborq”u udsun. Buyursunlar, başdan-başa azərbaycanlı futbolçularla hər şeyə qadir olduqlarını isbatlasınlar. Əgər onlar da bunu bacarmasalar, millimizin baş məşqçisi Berti Foqtsu heç kimin tənqid etməyə ixtiyarı yoxdur. Bacarsalar, Foqtsu qovub, yerinə dördüncü dəfə Vaqif Sadıqovu gətirə bilərlər.

Heyf ki, bu yazını azarkeş kimi yox, jurnalist kimi qələmə alıram. Azarkeş kimi yanaşsaydım, tüpürərdim hər şeyə... Boş-boşuna nə qədər futbolumuzun inkişafından danışmaq olar? Bu ölkədə futbol adına quru təbliğatdan başqa bir şey yoxdur. Bəlkə bu acı reallığı anlayaq?

Təsəvvür edin, qeyri-futbol növü ilə məşğul olan idmançı böyüklər arasında Avropa və ya dünya çempionu olur. Bu xəbər adi bir hal kimi ya işıqlandırılır, ya da yox... Amma 17 yaşlı futbolçulardan ibarət yığmamız Moldovada bir vecsiz turnirdə ikinci yeri tutur, bu, az qala böyük uğur kimi qələmə verilir. Bəlkə birdəfəlik anlayaq ki, Azərbaycanda futbol yox, onun qalaq-qalaq yığılan problemləri var? Axı bunun nəyi qəbahətdir?

ABŞ yığması 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı medalların sayına görə, dünya ölkələri arasında I yeri tutdu. Amerikada basketbol, qolf, üzgüçülük, tennis və digər inkişaf etmiş idman növləri var. Okeanın o tayında futbol adına “Amerika futbolu”ndan başqa heç nədən danışılmır. Amma az öncə - 14–28 iyunda Cənubi Afrika Respublikasında keçirilmiş Konfederasiyalar Kuboku ABŞ-da əsl futbol oynaya bilənlərin olduğunu da sübuta yetirdi. Dünya və Avropa çempionları İtaliya ilə İspaniyanı geridə qoyaraq, finaladək irəliləməyi bacaran superdövlətin komandası finalda futbol “əjdaha”sı Braziliya ilə başabaş mübarizə apardı.

ABŞ futbol yığması Konfederasiyalar Kubokunda finala çıxıb. Lakin yenə okeanın o tayında futboldan danışan yoxdur. Amma bizdə futbol yoxdur, əvəzində boş-boşuna inkişafdan danışırlar.

Yeri gəlmişkən, Konfederasiyalar Kubokunun oyunları zamanı tribunalarda bezdirici mahnı sədaları səsləndirilirdi. İlk baxışdan, bu səslər arı vızıltısına bənzəyirdi. Maraqlı mənzərə idi: “Arılar” vızıldayır, futbolçular da adi qaydada öz oyunlarını davam etdirirdilər. İndiki halda, Azərbaycan futbolu arı vızıltısını xatırladır...

Elşən MƏMMƏDOV