Qomeş və Romarionun komanda yoldaşı “Karvan”da!
16.07.2009 - 11:55
Qomeş və Romarionun komanda yoldaşı “Karvan”da!
Azərbaycan yığmasının futbolçusu Leandro Qomeş karyerasını Yevlaxın “Karvan” klubunda davam etdirəcək. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, ötən mövsümü “Olimpik”də keçirən 33 yaşlı hücumçu yenidən həmyerlisi Andre Ladaqa ilə birgə oynayacaq.

Milli komandamızın sabiq üzvü olan Ladaqa “Bakı”da 4 il bir yerdə oynadığı Qomeş kimi “Karvan”ın heyətində yer alıb. Son mövsüm milli çempionatımızdan kənarda qalan 34 yaşlı braziliyalı yarımmüdafiəçinin hələ qışda həmyerlisi Markos Fereyra ilə “Karvan”a keçəcəyi gözlənilirdi. Ancaq bu, indi baş tutdu və Fereyra bir illik fasilədən Yevlax təmsilçisinə qayıtdı. Onunla yanaşı, Fil Diş Sahilindən olan 34 yaşlı Yakuba Bamba da “Karvan”a döndü və hər ikisi bir ildən sonra yenidən milli çempionatımızın iştirakçısı olacaqlar. Fereyra “Neftçi”də, Bamba isə “Xəzər-Lənkəran” uğursuz çıxışı ilə yadda qalıblar. Hər üç futbolçu bu gün “Karvan”la birgə Türkiyənin təlim-məşq toplanışına yollanıb.

Qeyd edək ki, Ladaqa vaxtilə vətənində məşhur həmyerlisi Romario ilə birgə, habelə Dieqo Maradonanın sabiq klubu olan İtaliyanın “Napoli” klubunda oynayıb.
0