Feliks Badri Kvaratsxeliyaya əlcək atdı
22.07.2009 - 13:37
Feliks Badri Kvaratsxeliyaya əlcək atdı
“Bakı”nın braziliyalı hücumçusu Feliks Felipe Almeyda Badri Kvaratsxeliyanın rekordunu təkrarladı. Apasport.az saytının məlumatına görə, ucaboylu futbolçu Çempionlar Liqasının (ÇL) ikinci təsnifat mərhələsində Litvanın “Ekranas” klubu ilə oyunlarda üç qol vurdu. Panevejis şəhərində keçirilən görüşdə 1 qol vuran Feliks Bakıdakı matçda dubl etdi. İndiyədək avrokuboklarda bir rəqibə ən çox qol vuran Badri idi. Artıq karyerasını bitirən 44 yaşlı veteran hücumçu 9 il öncə ÇL-nin ilk təsnifat mərhələsində “Skonto” (Latviya) ilə 2 oyunda 3 dəfə rəqib qapısına yol tapmışdı.

Riqadakı oyunda (1:2) fərqlənməyən gürcü futbolçu Tofiq Bəhramov adına Respublika stadionunda cavab görüşündə het-trik etmişdi. Ancaq fərq ondadır ki, qalib əlavə vaxtda müəyyənləşməli olduğundan, mübarizə 120 dəqiqə davam etmişdi. Bundan əlavə, Felipe gürcü həmkarından fərqli, yeni klubunda debüt oyunlarda bu göstəriciyə nail olub.

Qeyd edək ki, Kvaratsxeliya avrokuboklarda ən sərrast futbolçumuzdur. Həmin mövsümdə (2000/01) ÇL-də 4 qol vuran Badrinin bu uğuru artıq 9 ildir əlçatmazdır. 3 qol vuran 2 futbolçumuz var ki, bunlar Kvaratsxeliya kimi artıq məşqçiliyə başlayan Müşfiq Hüseynov və Zaur Ramazanovdur. Müşfiq qollardan ikisini “Qarabağ”, birini “Neftçi”nin heyətində vurub. Zaur isə hər üç qola “Xəzər-Lənkəran”ın heyətində imza atıb.

Yeri gəlmişkən, bu dəfə avrokuboklardan kənarda qalan 33 yaşlı Ramazanov qitə miqyaslı turnirdə oynadığı mövsümlərdə mütləq qol vurub. Azərbaycanlı həmkarlarının göstəricisini təkrarlayan Feliksin Badriyə çatıb, sonradan yeni rekord müəyyənləşdirməsinə çox yaxşı şansı var. Axı onu nəzərə almaq lazımdır ki, “Bakı” üçüncü təsnifat mərhələsində Bolqarıstanın “Levski” klubuna uduzsa belə, avrokuboklarda mübarizəni davam etdirib, Avroliqaya qatılacaq. Yəni zədə, cəza və bu kimi problemləri olmasa, Almeydanın hələ bu mövsüm qarşıda ən azı 4 oyunu var.

Feliks “Ekranas”la cavab görüşündə dubl etməklə, Müşfiq Hüseynov və Vadim Vasilyevin 10 il öncəki göstəricisini təkrarladı. Müşfiq İntertoto kubokunda İsrailin “Makkabi” klubu ilə səfər, Vadim isə UEFA kubokunda Yuqoslaviyanın “Srvena Zvezda” klubu ilə ev oyununda dubl edib.

“Bakı”nın digər qollarının müəlliflərindən Amiran Muciri artıq ikinci dəfədir avrokuboklarda fərqlənib. 34 yaşlı gürcü yarımmüdafiəçi iki il öncə İntertoto kubokunda Moldovanın “Daçiya” klubu ilə səfər oyununda (1:1) qol vurmuşdu. “Ekranas”ın qapısına yol tapanlardan - braziliyalı hücumçu Vilyam Roşa Batista və bosniyalı yarımmüdafiəçi Aleksandar Şoliç “Bakı”da avrokuboklarda qol hesabını açıblar.
0