Ağdamın işğal, “Qarabağ”ın çətin günü: Növbəti, yoxsa təsadüfi sensasiya?
22.07.2009 - 16:56
Ağdamın işğal, “Qarabağ”ın çətin günü: Növbəti, yoxsa təsadüfi sensasiya?
Sabah Avroliqada ikinci təsnifat mərhələsinin cavab görüşləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, ölkəmizin bu turnirdə son təmsilçisi “Qarabağ”ı Tofiq Bəhramov adına Respublika stadionunda ciddi sınaq gözləyir.

Komandamız dəfələrlə Norveç çempionu olan, Çempionlar Liqasının qrup mərhələsində iştirak edən “Rusenborq”u qonaq edəcək. Ağdam təmsilçisi bir həftə öncə Norveçdə baş tutan oyunda qolsuz heç-heçə etməklə, bütün Avropaya səs aldı. Sözsüz ki, bu ikinci təsnifat mərhələsinin ilk görüşləri arasında ən sensasiyalı nəticələrdən biri idi. İndi bunun davamını gətirməli olan Qurban Qurbanovun komandası “Rusenborq”u keçməklə, daha böyük səs-küy salmalıdır. Bunun üçün skandinaviyalıları evdə mütləq məğlub etmək lazımdır. Çünki mərhələ adlamaq üçün bizə heç-heçə sərf etmir və istənilən qollu bərabərlik “Rusenborq”u növbəti mərhələyə çıxaracaq. Yəni, 2 oyunun nəticəsinə əsasən hesab bərabər olarsa, rəqibin Bakıda vurduğu qol ikiyə bərabər olacaq.

Bunun üçün qapısının toxunulmazlığına xüsusi diqqət yetirməli olan “Qarabağ” Avroliqada “İnter” və “Simurq” klublarının uğursuzluğunu unutdurmalıdır. Bu iki komanda turnirin hələ ilkin təsnifat mərhələsində “Rusenborq”dan qat-qat zəif “Spartak” (Slovakiya) və “Bney Yehuda” (İsrail) ilə görüşlərdə uduzdu. Ağdamlılar artıq ilk oyunda xal qazanmaqla, ölkəmizin UEFA klub reytinqindi əmsalını yüksəldib. “Qarabağ” mərhələ adlayarsa, yarışda Yevlaxın “Karvan” klubundan sonra buna nail olan ikinci təmsilçimiz olacaq. Cari mövsümədək UEFA kuboku adlanan Avroliqada indiyədək bir dəfə - 2006-cı ildə “Karvan”ın timsalında Slovakiya “Spartak”ını keçməklə mərhələ adlamışıq.

Oyunun iyulun 23-ə təsadüf etməsi də “Qarabağ” - “Rusenborq” görüşünü prinsipiallaşdıran məqamdır. Belə ki, həmin tarix Ağdamın işğal günüdür və bundan artıq 16 il vaxt ötür. “Qarabağ” belə bir gündə çətin imtahandan üzüağ çıxmaqla, çoxsaylı azarkeşlərini sevindirmiş olacaq. Bu, Qurbanovun özü üçün də əhəmiyyətli oyundur. 37 yaşlı mütəxəssis 2007-ci ildə “Neftçi”nin sükanı arxasında Avstriyanın “Rid” klubuna UEFA kubokunda iki oyunun nəticəsinə görə (1:3 və 2:1) yenildi. Azərbaycan kubokunu həm futbolçu, həm də baş məşqçi kimi qazanan yeganə şəxs olan Qurbanov cavab görüşündə də ehtiyatı əldən verməməyə çalışacaq.

“Qarabağ” - “Rusenborq” matçını Mihal Fabianın başçılıq etdiyi macarıstanlı hakimlər idarə edəcək. Onların işinə slovakiyalı UEFA hakim-inspektoru Ladislav Gadosi qiymət verəcək. Görüşə UEFA nümayəndəsi almaniyalı Tomas Veyhinq təyin olunub. Saat 20:00-da başlayacaq sabahkı qarşılaşmaya giriş pulsuzdur.
0