İkisinə 0,75 xal
24.07.2009 - 18:10
İkisinə 0,75 xal
Çempionlar Liqasında (ÇL) və Avroliqada mərhələ adlayan “Bakı” ilə “Qarabağ” Azərbaycanın UEFA-dakı klub reytinqinə 0,75 xal qazandırıb. Apasport.az saytının məlumatına görə, bu komandalar ölkəmizin avrokuboklardakı digər təmsilçiləri “İnter” və “Simurq”dan fərqli, hələ məğlubiyyət acısı dadmayıblar.

Avroliqada mübarizəyə ilk təsnifat mərhələsindən başlayan “İnter”lə “Simurq” hər iki oyunda uduzdular. “Bakı” ilə “Qarabağ” isə səfərdə heç-heçə etdi, evdə qalib gəldi. Ancaq bu əmsal avrokuboklar tariximizdə rekord deyil. Belə ki, 2005/06 və 2006/07 mövsümlərinin hər birində qazanılan üç qələbə sayəsində 1,333 xal toplamışıq. “Bakı” ÇL-nin üçüncü təsnifat mərhələsində Bolqarıstanın “Levski” klubuna uduzsa belə, avrokuboklarda mübarizəni davam etdirəcək. Çünki komandamız həmin halda avroliqada mübarizə aparacaq.

Göründüyü kimi, “Bakı”nın ən azı 4, “Qarabağ”ın isə 2 oyunu var. Bu 6 görüşdə qazanılan xallarla əmsalımız daha da yüksələ və yeni rekord müəyyənləşə bilər. Təbii ki, UEFA-nın klub reytinqində xalımızın çoxalması növbəti mövsümlər üçün bizə güzəşt verəcək. Deməli, “Bakı” ilə “Qarabağ” bu fürsətdən maksimum yararlanmalıdır.

Avrokuboklarda 16 illik tariximizdə artıq üçüncü dəfədir 2 klubumuz eyni zamanda mərhələ adlayır. Bu, 2004/05 mövsümündə “Xəzər Universiteti” (İntertoto kuboku) və “Neftçi”nin (ÇL), 2008/09 mövsümündə “Neftçi” (İntertoto kuboku) və “İnter”in (ÇL) timsalında olub. “Bakı” da mərhələ adlamaqla, buna nail 6-cı klubumuz oldu. Buna qədər “Qarabağ”, “Şəmkir”, “Neftçi”, “Karvan” və “İnter” avrokuboklarda analoji uğura imza atıblar.
0