Yığmamızın kapitanı: “Roma”nın baş məşqçisi bizimlə maraqlanırdı - MÜSAHİBƏ
25.07.2009 - 00:04
Yığmamızın kapitanı: “Roma”nın baş məşqçisi bizimlə maraqlanırdı - MÜSAHİBƏ
İngiltərənin Maynhid şəhərində keçirilən Avropa çempionatının qrup mərhələsi çərçivəsində “Dumanlı Albion” təmsilçisiylə yanaşı, Almaniya millisi ilə də qarşılaşan yığmamız hər iki matçda qələbə qazanaraq mübarizəni lider kimi başa vurub. Bununla da, cəmi 1 ildir fəaliyyət göstərən çimərlik futbolu üzrə yığma komandamız avqustda Portuqaliyada baş tutacaq final mərhələsinə vəsiqə qazanıb. Budəfəki müsahibimiz turnirdə özünü yaxşı tərəfdən göstərməyi bacaran yığmanın kapitanı Elşad Quliyevdir. Onunla söhbətə, təbii ki, İngiltərədə keçirilən oyunlardan başladıq.

- Turnir çox çətin keçdi. Hər iki oyunumuz ağır oldu. Hava şəraiti də öz sözünü deyirdi. Burada 35-40 dərəcə istidə məşq edirdiksə, orda havanın temperaturu 15 dəqəcəyə qədər enmişdi. Üstəlik, tez-tez yağış yağırdı. Əlbəttə, yaş meydançada oynamaq çətin idi. Bunlara baxmayaraq, vətənə qalib kimi döndük. Düzdür, bu gün çimərlik futbolu böyük futbol kimi populyar deyil. Ancaq 2012-ci ildə bu idman növünün Yay Olimpiya Oyunlarının proqramına salınması gözlənilir. Bu reallaşsa, azarkeşlər 2016-cı ildən etibarən olimpiya oyunları zamanı çimərlik futbolu üzrə keçiriləcək yarışları da izləyə biləcəklər. Ona görə biz də işlərə indidən başlamalıyıq. Yoxsa gec olacaq. Necə ki, böyük futbolda vaxtında düzgün işlər görülmədiyindən, indi Avropa ölkələrindən geri qalırıq. Ancaq çimərlik futbolunda vəziyyət fərqlidir. Bu gün biz istənilən rəqibə qarşı mübarizə aparmaq gücündəyik. Bunu inkişaf etdirməsək, böyük futboldakı acını çimərlikdə də yaşayacağıq. Düzdür, AFFA rəhbərliyi həm çimərlik futbol, həm də futzalın səviyyəsini qaldırmaq üçün xeyli işlər görüb və bu proses davam edir. Böyük futbolda da gələcəkdə uğurlu nəticələr əldə edəcəyimizə inanıram.

- Yığmamız mübarizəni qrup lideri kimi başa vurdu. Bu nəticə gözlənilən idimi?
- Hər iki oyunda qələbə qazanacağımıza inanırdıq. Çünki həm Almaniyanı, həm də İngiltərəni 1 ay əvvəl İspaniyada keçirilən oyunlarda məğlub etmişdik. Əgər komanda uğur qazanacağına inanırsa, buna nail olmaq asandır. Növbəti oyunlarda da qələbə qazanacağımıza inanırıq. İnşallah, 2 il ərzində İspaniya, Braziliya səviyyəsində bir komanda olacağıq.

- Necə düşünürsən, Avropa çempionatının final mərhələsində uğurun davamı gələcəkmi?
- Biz iştirak etdiyimiz yarışlarda ancaq qələbə haqqında düşünürük. Çünki yığma komanda Azərbaycanı təmsil edir. Bayrağımızın hər zaman ən yüksək yerlərdə dalğalanmasını istəyirik.

- İngiltərədə meydan sahiblərini məğlub etdiniz. Bu oyundan sonra yerli publikanın komandamıza qarşı münasibəti necə idi?
- Bunu sözlə tam ifadə etmək çətindir. Təsəvvür edin ki, oyundan sonra küçə ilə gedərkən, azarkeşlər bizimlə yaxından maraqlanmağa başladılar. Onlar yığmanın üzvlərini adbaad tanıyırdılar. Bizdən avtoqraf istəyir, şəkil çəkdirirdilər. Hətta küçə ilə gedərkən azarkeşlərdən biri yığmanın həkiminin formasını almışdı.

- Bu da faktdır ki, İngiltərədə Azərbaycanı futbol ölkəsi kimi tanımırlar. Bu qələbə ölkəmiz haqqında düşüncələrin müsbət istiqamətdə dəyişilməsinə kömək etdimi?
- Çox kömək etdi. Bəziləri, ümumiyyətlə, Azərbaycanı tanımırdı. İngilislər sözün yaxşı mənasında futbol xəstəsidirlər. Düzdür, onlarla oyun zamanı azarkeşlər tərəfindən komandamıza təzyiq var idi. Bu da başa düşüləndir. Hər bir fanat komandasının qələbə qazanmasını istəyirdi. Həm də qrupda vəziyyət elə idi ki, bu matçda qələbə qazanan komanda qrup lideri kimi finala vəsiqə qazanacaqdı. Oyundan əvvəl şanslar da 50/50-yə idi. Şükürlər olsun ki, sonda sevinən tərəf biz olduq. Amma oyun bitdikdən sonra vəziyyət 180 dərəcə dəyişdi. Azarkeşlər komandamızı təbrik etdilər. Artıq Maynhid şəhərində hamı Azərbaycandan danışırdı.

- Elşad, uzun müddət böyük futbolda oynamısan. Çimərlik futboluna adaptasiya olmaq çətin olmadı?
- Bir az üslubda fərq var. Çimərlik futbolunda çıxış edən futbolçu yüksək texnikaya malik olmalıdır. Çünki havada topu saxlamaq, eləcə də tez düşünüb qərar vermək lazımdır. Əgər ani gecikmə olarsa, onda epizodu itirirsən. Bu baxımdan ilk vaxtlarda müəyyən çətinliklər yaşadım. Qumda ayaqyalın oynamaq da çox çətindir. Ancaq bu idman oyunu bizim mentalitetə uyğundur. Çimərliyə gedərkən, eləcə də böyük futbolda dəniz kənarında çox futbol oynamışıq.

- Bizdə çimərlik futbolu üzrə peşəkar klub yoxdur. Belə olan təqdirdə formanı necə qoruyursan?
- Əlbəttə, çətindir. Bu problem yalnız mənə deyil, yığmanın bütün üzvlərinə aiddir. Ancaq bu sahədə işlər görülür və bizdə də peşəkar klubların olacağı deyilir. Məsələn, İtaliya Superliqasında 22 komanda mübarizə aparır. Həmin klubların heyətində illik müqavilə gəliri 150 min avro məbləğində olan braziliyalı futbolçular çıxış edir. Rusiyada isə 26-ya yaxın klub var və onlar qruplara bölünərək yarışırlar. Bizdə isə yığmanın əksər üzvləri qışda futzalda güclərini sınayırlar. Yayda yenidən çimərliyə dönərkən 1 ay, ay yarım adaptasiya olmağa vaxt itiririk. Yəni futzalda oynamaqla fiziki hazırlığımızı qoruyub saxlayırıq. Amma çimərlik futbolu ilə futzal arasında xeyli fərq var. Bunun ağrısını İspaniyadakı oyunlar zamanı hiss etdik.

- Adətən yığma uğurlu çıxış edərkən, futbolçulara əcnəbi klublar tərəfindən maraq artır. Bu qələbələrdən sonra hansısa xarici komandadan transfer təklifi almısanmı?
- Təkliflər var. Almaniya yığmasının baş məşqçisi eyni zamanda İtaliya “Roma”sının çimərlik futbolu üzrə komandasını da çalışdırır. O, yığmamızın üzvləri ilə maraqlanırdı. Rusiya klublarından da oyunçularımızla maraqlananlar olub. Hələlik yığmanın düşərgəsində olduğumuzdan klublardan təkliflər təxminən 1 aydan sonra gələcək. Çünki əksər klublar Avropa çempionatının final mərhələsinin başa çatmasını gözləyirlər.

Mənbə: “Futbol dünyası” qəzeti
0