Samir Əliyev: Əsas heyətdə oynasam, yəqin ki, yığmaya da çağırılaram - MÜSAHİBƏ
25.07.2009 - 18:30
Samir Əliyev: Əsas heyətdə oynasam, yəqin ki, yığmaya da çağırılaram - MÜSAHİBƏ
Ötən mövsümdə tarixinin ən uğursuz nəticələrindən birinə imza atan "Neftçi" növbəti "futbol ili"nə ciddi hazırlaşır. Bu sözləri Samir Əliyevə də aid etmək olar. Son iki ili zədə üzündən boşa verən futbolçu qarşıdan gələn mövsümə səylə hazırlaşır və yenidən əvvəlki formasına qovuşmaq istəyir. Rəhbərliyin ötən birinciliyin bombardiri Valter Quqlemonu transfer etməsi ilə hücum xəttində rəqabət daha da artacaq. Belə də görəsən, yaşı 30-u haqlamış və əvvəlki formasından çox uzaq olan Samir bu rəqabətə tab gətirə biləcəkmi? Türkiyə toplanışında yenidən zədələnən futbolçu ilə söhbətdə belə məqamlara aydınlıq gətirdik.

- Samir, deyəsən, yenə zədələnmisiniz?
- Təlim-məşq toplanışında topuğumdan zədə aldım. Amma ciddi problem yoxdur, bir-iki günə tam sağalacağam. Sabah (bu gün - red) yenidən Türkiyəyə yola düşürük. Orda 4-5 yoldaşlıq görüşü keçirəcəyik. Həmin matçlarda iştirak edəcəyəm. Yeni mövsümə tam hazır olmağa çalışıram. Zədələnməmiyimi arzulayıram. Çünki iki ilə yaxındı zədələr oynamağa imkan vermir. Sanki "qara zolağ"a düşmüşəm. Heç nədən zədələnir, nəticədə həftələrlə yaşıl meydan üzünə həsrət qalıram. Sonuncu dəfə qaçdığım yerdə ayağım burxuldu və zədələndim. Şanssızlıqdan sadə epizodlarda belə, zədə alıram.

- Zədələr olmasa yeni mövsümdən əvvəlki Samiri izləyə biləcəyik?
- Əlbəttə, məqsədim futbol oynamaqdı, baş aldatmaq, yalandan vaxt keçirmək yox. Xeyli vaxtdır mütəmadi oynamıram. Düzdü, həvəsdən düşmürəm, heç vaxt da düşmərəm. Həmişə vuruşmuşam, yenə sona kimi mübarizə aparacağam. Zədələnməsəm, daim əsas heyətdə yer alacağıma inanıram. Yeni legionerlərin gəlməsi, heyətin daha da güclənməsi məni o qədər də narahat etmir. Heyətimizdə səviyyəli əcnəbilərin olması yaxşı haldır, mənim üçün sevindiricidir. Görəcəyəm ki, rəqabət var, bu mənim çıxışıma müsbət təsir göstərəcək. Heyətə düşmək və səviyyəmi isbatlamaq üçün mübarizə aparacağam. Heyəti gücləndirdiyinə görə rəhbərliyə minnətdaram. Rəqabətdən çəkinmirəm.

- Yenidən milliyə qayıtmağı arzulayırsan?
- Əsas məsələ klubda heyətə düşməkdir. Milliyə düşmək ikinci plandadır. "Neftçi"də əsas heyətdə oynasam, yəqin ki, yığmaya da çağırılaram. Bunlar bir-birinə bağlı olan şeylərdi.

- Real danışsaq, Zaurdan sonra kapitan sarğısını daşımağa ən layiqli namizədsiniz. Amma sarğını başqası daşıyır.
- Səmimi deyirəm: mənim üçün kapitan və ya vitse-kapitan olmağın elə də önəmi yoxdur. Kapitan həm təcrübəli, həm də liderlik qabiliyyətinə malik futbolçu olmalıdır ki, bu xüsusiyyətlər də Zaurda cəmləşib. Kapitanlıqda gözüm yoxdur. Zaurun, Railin və ya mənim kapitan olmağımın prinsipal fərqi yoxdur. Əsas odu, yerlilər legionerlərlə birləşib yaxşı kollektiv formalaşdıraq və "Neftçi"nin adını ucaldaq.

- Komandada ab-hava necədir? Yeni gələnlər heyəti gücləndirə bilibmi?
- İnanıram ki, yaxşı olacaq. Hər şey çempionatın startından sonra bilinəcək. Qarşıda bizi Türkiyə toplanışı gözləyir. Yaxşı hazırlaşmalıyıq. Orda keçirəcəyimiz görüşlərdə uyğunlaşma problemini həll etməyə çalışacağıq, vaxt qısadır. Heyətə 25-30 yerli futbolçu yığmaq olmur. Çünki səviyyəli futbolçularımızın sayı elə də çox deyil. Ona görə də legionerlərə ehtiyac var. Amma gələndə güclü əcnəbi gəlsin. Heyətə yeni qoşulan gəlmələrə inanıram, özlərini yaxşı tərəfdən göstərə bildilər. Elə oyunçular var ki, çox səviyyəlidir, ancaq Azərbaycan çempionatında özünü göstərə bilmir. Elə gəlmələr də var ki, ilk vaxtlar özünü göstərir, sonra burda heç yerdə görmədiyi pulları görür və dəyişir.

- Bu heyətlə çempionluğa oynamaq mümkün olacaqmı?
- Ötən mövsümkü uğursuzluğun səbəbləri vardı. Bir sıra problemlərlə üzləşmişdik. Yoxsa, heyətimiz heç də zəif deyildi. O vaxt həmin uşaqlar səfərdə "Simurq"a qalib gəldi. Hansı ki, onları öz meydanında yenmək çox çətin idi. Bundan başqa, "Xəzər Lənkəran"ı udduq, "İnter"lə başabaş mübarizə apardıq. Heyətdə səviyyəli futbolçular yetərincə idi. Yenə həmin məsələyə qayıtmaq istəmirəm. Bildiyiniz kimi, uğursuzluğun səbəbkarı başqası idi. İndi şükürlər olsun, problem yoluna qoyulub. Hər şey mümkündür. Hazırkı heyətlə çempionluğa oynamağa gücümüz çatar. Düzdü, futbolda əvvəlcədən dəqiq söz söyləmək olmur.

- Azarkeşlərə çempionluq sözü verə bilərsiniz?
- Xeyr, yalan deyə bilmərəm, çətin məsələdir. Yalnız çempionluğa oynayacağımıza söz verə bilərəm. Güclü rəqiblərimiz var, amma belə olmasa da, söz vermək düzgün deyil. Fikrimcə, qarşıdan gələn birincilik daha çətin keçəcək. Çünki rəqiblərimiz yerində saymır, daha da güclənir.

- "Neftçi" avrokuboklardan kənar qalsa da, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən tapıldı. Bu haqda nə deyərsən?
- Şükür Allaha, iki komandamız uğura imza atdı. Onları təbrik edirəm. İstərdim ki, dördü də rəqiblərini keçsin, amma belə olmadı. Dediyim kimi, bu futboldur və nəticəni öncədən proqnozlaşdırmaq olmur. Şəxsən mən potensialına görə "İnter"in mərhələ keçəcəyinə inanırdım, "Simurq"a elə də yox. Amma "İnter" gözlənilmədən məğlub oldu. Həmin rəqib sonrakı mərhələdə uduzmaqla, o qədər də güclü olmadığını göstərdi. Bilmirəm, onlarda, xüsusən də legionerlərində sanki istək yox idi. Əvəzində "Qarabağ"ın mərhələ adlaması sürpriz oldu. "Rusenborq" adlı-sanlı komanda olduğundan təmsilçimizin rəqibi keçəcəyinə bir o qədər inanmırdım. Amma "Qarabağ"ın futbolçuları sona kimi döyüşdü.

- Əsası yerlilərdən qurulan "Qarabağ" tarix yazdı. Onlar bununla nəyi isbatladı?
- Əsas istəkdir. Legionerlər pul qazanmaq üçün gəlir. Onlar üçün udub-uduzmaq o qədər də önəmli deyil. Təki sonda pulunu alsın. Amma yerlilərin durumu belə deyil. Onlar da pul qazanır. Sadəcə, daha çox məsuliyyət daşıyır. Sabah tanış, qohum qarşısına çıxacağını xatırlayır. Digər yandan, 23 iyul tarixi haqda əcnəbi futbolçu heç nə bilmir. Məlumatı olsa da, bu hissi yerlilər qədər yaşamır. Bu qələbə nəticəsində ermənilər də öyrəndi ki, "Qarabağ" adlı komanda uğur qazanıb, mərhələ adlayıb. Yəni futbol həm də siyasətdir. Bəzi klub rəhbərləri yerli futbolçulara heç güvənmir. Bu düzgün deyil, əcnəbi gətir, söz yox. Amma özümüzünkülərə də şans ver. Hazırda kənarda qalan elə futbolçular var ki, klublarımızda çıxış etməyə qadirdir. Bunu "Qarabağ" da sübuta yetirdi. Həmin gün bəlkə də bütün ağdamlıların gözləri yaşarmışdı.

- Amma yalnız bir azərbaycanlıya güvənən "Bakı" daha parlaq futbolla mərhələ adladı.
- Razılaşaq ki, "Bakı"nın rəqibi də "Rusenborq" deyildi. Norveçlilərlə oynasalar, həmin oyuna göstərə bilərdilərmi? Bilmək olmaz, bəlkə də daha yaxşı çıxış edərdilər. Hər iki təmsilçimizə qarşıdakı görüşlərdə uğurlar arzulayıram.

0