Böyükağa Hacıyev: Yemək mənim ən yaralı yerimdir - MÜSAHİBƏ
25.07.2009 - 23:42
Böyükağa Hacıyev: Yemək mənim ən yaralı yerimdir - MÜSAHİBƏ
2007-ci ildə “Bakı” klubuna ölkə çempionluğu qazandıran 58 yaşlı məşqçi Böyükağa Hacıyevin müsahibəsi

- Futboldan başqa ən çox maraqlandığınız sahə hansıdır?
- Boş vaxtlarım olanda mütaliə etməyi çox xoşlayıram. Xüsusən də tarixi ədəbiyyatı.

- Daha çox yerli yazıçıların əsərlərini oxuyursunuz, yoxsa xarici?
- Öz tarixini bilməyən insanın heç vaxt başqa bir dövlətin, xalqın tarixi haqda danışmağı düzgün olmazdı. Bu gün hamıya məlumdur ki, Azərbaycan tarixinin çox qədim kökləri var. Buna görə də boş vaxtlarımda çalışıram öz xalqımın tarixini öyrənim.

- Azərbaycanın qədim dövlətlərindən hansılarının adlarını çəkə bilərsiniz?
- Çox qədimlərdə bizim güclü, qüdrətli dövlətlərimiz olub. Səfəvilər dövlətinin, Eldəgizlər dövlətinin və başqalarının adlarını çəkmək olar.

- Səfəvilər dövləti neçənci ildə yaranıb?
- 1487-ci ildə.

- Şah İsmayıl Xətai müsəlmanlar arasında şiə-sünni amilini qabartdığı üçün tarixçilər tərəfindən heç də birmənalı qarşılanmır. Siz bu barədə nə deyə bilərsiniz?
- Artıq bu gün biz müsəlmanları mənşələrə bölsək, ziyanımıza olar. Bunun özündən də o vaxtı müəyyən qruplar tərəfindən bizi zəiflətmək üçün istifadə olunurmuş. Həmin qüvvələr müəyyən mənada öz istəklərinə nail olmağı bacarıblar. İndi biz keçmişdə olan səhvlərimizi təkrar edib, heç də böyük olmayan dövlətimizin ərazisini bir də parçalamayaq.

- İslam dininin necə meydana gəldiyindən xəbəriniz varmı?
- Azərbaycanda İslam dinindən əvvəl Zərdüştlük dini olub. Onların davamçıları isə Xürrəmilər olub. Xürrəmilər Babəkin rəhbərliyi ilə ərəb işğalçılarına qarşı 20 il mübarizə aparıblar. İslam dini səhv etmirəmsə, 622-ci ildə Məhəmməd Peyğəmbər tərəfindən yaradılıb.

- Ölkəmizin sərhəd olduğu dövlətləri saya bilərsiniz?
- Qurudan Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə. Sudan Qazaxıstan, Rusiya, Türkmənistan və İranla.

- Amerkanı kim kəşf edib?
- Corc Vaşinqton.

- Əminsiz?
- …

- Deyə bilərsiniz, dolların üstündə kimin şəkli var?
- Corc Vaşinqtonun.

- Maraqlanmısız ki, niyə onun şəklini vurublar?
- Amerika dövlətinin ilk yaradanı və prezidenti olduğu üçün.

- Bəs Linkoln kim olub?
- O da Amerika prezidentlərindən biridir.

- Səhv edirsiz, Linkoln “Qalatasaray”ın oyunçusudur.
- (gülür) Hə, düz deyirsiniz.

- Deyirlər ki, Amerikanın prezidentlərindən olmuş Ruzveltə sui-qəsd olunub. Ancaq hələ indiyə kimi onun qatilini tapa bilmirlər. Sizcə, niyə tapılmır?
- Onu bilmirəm.

- İtaliyanın baş naziri Silvio Berluskoni qadınlara çox meylli insandır. Sizcə, bu, dövlət başçısına nə dərəcədə yaraşan hərəkətdir?
- Ola bilər ki, onu da siyasət xatirinə edir.

- Fransanın prezidentinin də qadınlara həddən artıq çox maraq göstərdiyi deyilir. Bəs buna münasibətiniz necədir?
- Bilirsiniz, bu, vəzifəsindən asılı olmayaraq, kişilərə yaraşıq verən gözəllikdi. Ola bilər, Sarkozi qadınlara başqa cürə aludədi. Bunu ona irad tutmaq olmaz. Çünki bu, kişiyə yaraşan bir şeydi.

- Azıx mağarasından o vaxt 50 ton qızıl tapmışdılar. Deyə bilərsiz, həmin qızılın taleyi necə oldu?
- Mən qızıl barədə eşitməmişəm. Amma onu bilirəm ki, ordan qədim insana məxsus alt çənə sümüyü tapılıb.

- Çinlilər niyə bu qədər çoxdur?
- Ola bilsin, onlarda əhali çox olduğundan, iş yerləri azdı. Ona görə də başqa məşğuliyyətləri yoxdur (gülür).

- “Yahoo” və “Google”ın nə olduğunu bilirsiniz?
- Yox, onu bilmirəm.

- Yaxınlarda uyğurlarla çinlilər arasında baş verən toqquşmalar haqda eşitmisiz?
- Bəli, xəbərim var. Harada olur olsun, azsaylı xalqlar öz hüquqları uğrunda mübarizə aparırlar. Uyğurlar da öz hüquqlarını tələb edirlər.

- Kondoliza Raysı tanıyırsız?
- Onu tanımayana lənət.

- Kimdir ki?
- ABŞ-ın keçmiş dövlət katibi.

- Qadınların siyasətdə olmasına necə baxırsınız?
- Bəzi məsələlər var ki, bunu alqışlayıram. Bayaq bir söz dediniz ki, İtaliyanın baş naziri ilə Fransanın prezidenti qadınlara qarşı çox həssasdırlar. Bəzi məsələlərdə qadın siyasətçilərin olmağı vacibdir.

- Bəs qadınların hərbi xidmətə çağırılması necə?
- Düzdür, qadınların hərbi xidmətdə tibb bacıları vəzifəsində iştirakı vacibdir. Ancaq buna elə də yaxşı baxmıram. Çünki döyüşmək kişiyə yaraşan sənətdir.

- Açıq-saçıq geyinən qadınlara münasibətiniz?
- Bilirsiniz, bu gün biz hər yerdə Avropaya inteqrasiya etdiyimizi deyirik. Karl Marksın belə bir sözü var: Mədəniyyətin ən yüksək həddi vəhşilikdir. Hərdən biz bunun həddini aşırıq. Unutmamalıyıq ki, bura Azərbaycandır. Bizim mentalitetimiz var. Məsləhət olsaydı, ulu babalarımız, nənələrimiz də elə geyinərdilər. Geyimin də qədəri var.

- Namiq Qaraçuxurlu və Aygün Kazımovanın münasibətləri barədə nə düşünürsüz?
- Fikrimcə, onların münasibətləri sırf reklam xarakteri daşıyır.

- Övladlarınıza xeyir iş etməli olsanız, hansı müğənnilərin toyda oxumasını istəyərdiniz?
- İlqar Muradov, Flora Kərimova və başqalarının.

- Söz Flora Kərimovadan düşmüşkən. Sizcə, niyə Flora xanımla İlhamə Quliyeva yola getmir?
- Futbolda olduğu kimi, musiqiçilər arasında da rəqabət gedir. Mən onların şəxsi münasibətlərinə heç vaxt qarışmaq istəməzdim. Bu onların öz işidir. Hər ikisinə böyük hörmətim var.

- Sizcə, Nadir Qafarzadədən əjdaha olar?
- Nadir “simpatiçni” oğlandır. O, heç də əjdahaya oxşamır.

- Bu gün ictimaiyyətdə belə bir fikir formalaşır ki, bizim ölkədə ən çox pul qazananlar futbolçularla müğənnilərdir...
- Düzdü, bu gün futbolda xeyli pullar meydana çıxıb. Amma mən deyə bilmərəm ki, hazırda ən varlılar bu iki sahənin nümayəndələridir. Hər iki sahənin nümayəndələrinin kasıbı və orta təbəqəsi var.

- Faiq Ağayevə münasibətiniz necədir?
- Bir sənətkar kimi hörmətim var.

- Deyirlər, deputat olmaq istəyir...
- Mənə elə gəlir, Milli Məclisi Mədəniyyət Nazirliyinə çevirməməliyik.

- Siz necə, deputat olmaq istəyirsiniz?
- Xeyr, mən idmançıyam, idman adamıyam. Heç vaxt siyasətlə məşğul olmaq istəmərəm.

- Millət vəkillərindən fəallıqlarına görə daha çox hansıları bəyənirsiniz?
- Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov, Siyavuş Novruzov xüsusən də idmanımız haqda çox gözəl açıqlamalar verir. Fazil Qəzənfəroğlu, Qüdrət Həsənquliyev, Səməd Seyidov, İqbal Ağazadə və başqalarını da bəyənirəm.

- Qubadlı nə vaxt işğal olunub?
- Bunu bilmirəm.

- Sizcə, Qarabağ problemi niyə həll olunmur?
- Bilirsiniz, bu problemin həlli üçün zaman lazımdı. Heç vaxt müharibə ilə alınan torpaqlar asanlıqla qaytarılmır. Mən bunu açıq deyə bilərəm ki, Qarabağ problemi bizim xeyrimizə həll olunarsa, Rusiya Qafqazda Azərbaycan kimi güclü bir dövləti itirmiş olar. Bu məsələnin açarı rusların əlindədir. Ermənilər o cəsarəti tapıb Qarabağı işğal edə bilməzdilər.

- Aleksandr Rıbakı tanıyırsız?
- Bəli. Yaxınlarda keçirilən Avropa musiqi yarışmasının qalibi oldu.

- Bəs Artur Konan Doylunu?
- Yox, o kimdir?

- Yaxınlarda Moldovanın prezidenti seçilib (bax, yazıçını prezident kimi qələmə vermək yalnız bizim ağlımıza gələr). Deyirlər, o da Azərbaycanın qazına göz dikənlərdən biridir...
- Azərbaycanın təbii sərvətlərinə çoxları göz dikib. Ancaq biz bu sərvəti heç kəsə vermərik.

- Cek London haqda eşitmisinizmi?
- Nə isə tanış addır.

- O da İngiltərədə rəhbər vəzifələrdə işləyib (!).
- Bilirsiniz, mən onu tanıya bilmərəm. Necə ki, o da Böyükağa Hacıyevi tanımır.

- Vurma cədvəlini bilirsiniz?
- Uşaqlıqda öyrənirdim.

- 9 dəfə 5 neçə edir?
- 45.

- Bəs 8 dəfə 6?
- (azca fikirləşir) 48.

- Yemək bişirməklə aranız necədir və hansı yeməkləri bişirməyi bacarırsınız?
- Yemək ən yaralı yerimdi. Demək olar, bütün yeməkləri bişirə bilirəm. İranda legioner məşqçi həyatı yaşamışam. Orda ailəm yanımda olmadığı üçün yeməklərimi özüm hazırlayırdım.

- Mətbuatla maraqlanırsınız?
- Ölkəmizdəki futbolla bağlı bütün qəzetləri, verilişləri izləyirəm.

- Futbolçu olmasaydınız, hansı sahədə olmaq istəyərdiniz?
- Yəqin arxeoloq olmaq istərdim.

- Niyə arxeoloq?
- Axtarış aparmağı, yeni nəsə tapmağı çox xoşlayıram.

- Sonda oxucularımız üçün bir lətifə danışa bilərsiniz?
- Danışım da. Bir gün bir nəfər “Hammer” markalı avtomobillə Fəhlə prospekti ilə gedir. Qarşısında təcili tibbi yardım maşını, arxasında isə yanğınsöndürmə maşını onu müşayiət edir. Yol Patrul Xidmətinin əməkdaşı bir ay ərzində bu vəziyyəti izləyir və getdikcə onun bu məsələyə marağı artmağa başlayır. Nəhayət, bir gün “Hammer”in sürücüsünü saxlayıb ona: “Düz bir aydır sənə fikir verirəm, hər gün bir yanğınsöndürən və bir təcili tibbi yardım maşınının müşayiəti ilə gedib gəlirsən. Bu nə məsələdir” deyir. Sürücü deyir: “Ay qardaş, nə edək? Maşını saxladıb, gah deyirsiniz “apteçka” hanı, gah da deyirsiniz yanğınsöndürən hanı? Budu, qarşıdakı “apteçkadır”, arxadakı yanğınsöndürən”.

Mənbə: “KomandA” qəzeti

0