Qurban Qurbanov: Alacağımız hücumçu legioner də ola bilər - MÜSAHİBƏ
25.07.2009 - 23:31
Qurban Qurbanov: Alacağımız hücumçu legioner də ola bilər - MÜSAHİBƏ
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsi


- Mətbuata verdiyiniz açıqlamaları qoyaq bir tərəfə, “Rusenborq”la oyunlardan əvvəl özlüyünüzdə şansları necə dəyərləndirirdiniz?
- Açığı, inamım vardı. Amma ilk gündən deyirdim ki, məni narahat edən rəqibin Avropa təcrübəsinin olması idi. Çempionlar Liqasının qrup mərhələsində oynamışdılar, güclü rəqiblərlə qarşılaşmışdılar. Buna görə bir az ehtiyat edirdim. Sonra onların 4-5 oyununun videoyazısını izlədik. İlk oyundan sonra isə dedim ki, səfərdəki heç-heçəyə baxmayaraq, cavab matçı daha ağır olacaq. Elə də oldu.

- Qalibi mühakimə etməzlər. Amma hər halda, “Rusenborq”la oyunlar “Qarabağ”ın hansı zəif nöqtələrini üzə çıxardı?
- Bəzi futbolçularımızda fiziki çatışmazlıqların olduğunu gördüm. Bir də rəqibin bizdən ümumi fiziki göstəricilərə, yəni boylarının uca olmalarına, dözümlülüklərinə görə üstün olduğunu deyə bilərəm. Və onların üstünlüyü onda idi ki, çempionatın 15 və 16-cı oyununu oynamışdılar. Yəni çempionatları davam edirdi və tam formada olan komanda idi. Bizi bir az da bu narahat edirdi. Onların qarşısını ancaq kollektiv oyunla ala bilərdik və əks-hücumlara bel bağlamalı idik. Allahın köməyi ilə düşündüyümüz kimi də oldu. Baxmayaraq ki, ilk oyunda istədiyimiz kimi hücuma keçə bilmədik, top itkiləri çox oldu. Bakıya qayıdandan sonra daha çox bunların üzərində işlədik.

- Bakıdakı oyunun ilk hissəsinin gedişində bir epizod diqqətimizi çəkdi. Yarımmüdafiənin sol cinahında oynatdığınız Vaqif Cavadov hücumda yer alan Vüqar Nadirovla mövqeyini dəyişsə də, bu heç beş dəqiqə də davam etmədi. Cavadova Nadirovla mövqeyini dəyişməyi siz tapşırmışdınız? Bəs niyə onlar çox tezliklə öz mövqelərinə qayıtdılar?
- Hesab edirəm ki, Vaqifin solda oynaması komandamıza daha çox xeyir verir. Amma oyundan əvvəl demişdim ki, Cavadov hücuma meylli futbolçudur. Ola bilər ki, o, hücumlara çox aludə olar və onda Vüqar onun mövqeyinə çəkilməlidir. Belədə rəqib sol cinahdan asanlıqla qapımıza doğru hərəkət etmək imkanı qazanardı. Sağ olsunlar, dediklərimin hamısına əməl etdilər.

- Döyüşkənliyi, əzmkarlığı qoyaq bir tərəfə. “Qarabağ” sırf oyun komponenti baxımından rəqibini nədə üstələdi?
- Daha çox çalışırdıq ki, rəqibi öz qapımızın ağzında yox, meydanın mərkəzində qarşılayaq. Belədə qapımızın önündə qol epizodları da az olacaqdı. Bundan başqa, bizdə qələbə qazanmaq istəyi həddən artıq çox idi. Azarkeş dəstəyi də ki öz yerində. Çox möhtəşəm dəstəklədilər, sağ olsunlar. Düzdü, oyunun başlamasına yarım saat qalmış stadion tam dolmamışdı. Lakin mən azarkeşlərdə hansısa “minus” görmədim.

- Oyundan əvvəl ən çox müzakirə olunan məsələ cavab görüşünün Ağdamın işğal gününə təsadüf etməsi idi. Siz də demişdiniz ki, bu, futbolçularda psixoloji problem yarada bilər…
- Futbolçular işğalla bağlı məsələni tam olmasa da, unuda bilmişdilər. Bunun üzərində çox işlədik. Onlarla söhbət etdik, dedik ki, bu, futboldur, meydana çıxdıqsa, rəqibi, öz oyunumuzu fikirləşməliyik. Hər gün, hər məşqdən əvvəl bu söhbətləri edirdik.

- Qolu cərimə zərbəsindən, bir az fərqli vurduq. Rəşad Sadıqovun uğurla başa çatdırdığı həmin cərimə zərbəsinin üzərində məşqlərdə işləmişdiniz?
- Belə, işləyirdik. Amma həmin yerdən, Rəşadla işləməmişdik.

- Qol vurulan anda nə düşündünüz?
- Qol elə bir vaxtda vuruldu ki, fikirləşmək üçün vaxtım çox oldu. Çünki artıq komandalar fasiləyə çıxırdı. Fasilədə birinci hissə üçün nə tapşırıq vermişdimsə, ikinci hissə üçün də onu verdim. Yəni yenə rəqibi yaxına buraxmamaq, meydanın mərkəzində qarşılamaq. Çünki bizim bu cür taktikamız “Rusenborq”a uyğun gəlirdi. Axır-axırda rəqib topları birbaşa bizim cərimə meydançamıza göndərməyə başladı ki, mən də Zaur Həşimovu meydana buraxdım. Belədə Zaurla Admir Teli tam topa oynaya biləcəkdi, Rəşad Sadıqov isə onların arxasında sərbəst qalmaq imkanı qazanacaqdı.

- Özünüzü missiyanızı başa çatdırmış kimi hiss edirsiniz?
- Yox, yox. Bura kimi gəlmək rahatdır. Burda qalmaq isə çətindir. Burda qalmasaq, aşağı düşsək… Amma nəticə olmasa da, çalışacağıq oyunla göstərək ki, gəldiyimiz yerə layiqik.

- “Qarabağ”ın “Honka”nı keçməsinə nə əngəl ola bilər?
- Vallah, boş yerə demirlər ki, futbol gözlənilməzliklərlə doludur. Ancaq hansı proqramla hazırlaşmışıqsa, o proqramla da davam edəcəyik. Bu oyunlar elədi ki, komanda nəticəyə oynamağı da bacarmalıdır.

- “Honka” haqda heç bir təsəvvürünüz yoxdur?
- Açığı, yox.

- Niyə? “Rusenborq”u keçəcəyinizə inanmırdınız deyə, Finlandiya təmsilçisinə maraq göstərmirdiniz?
- Yox, sadəcə, bütün fikrimizi “Rusenborq”la oyunlara yönəltmişdik. Həm də oyunun keçirildiyi gün Ağdamın işğal günü idi. Çox qorxurdum ki, bunun futbolçulara psixoloji baxımdan çox təsiri ola bilər. Ancaq bunlar barədə düşünürdük.

- Yaxşı, “Honka”yla görüşlərdə hansısa üstünlüyümüz ola bilər?
- “Rusenborq” kimi “Honka” da Skandinaviya ölkəsini təmsil edir. Yəni futbolları bir-birinə bənzəyir. Bu, bizim üçün üstünlük sayıla bilər.

- Rəşad Sadıqovun məsələsi necə olacaq? O, “Qarabağ”a iki oyunda kömək etmək üçün gəlmişdi. Amma artıq növbəti mərhələdəsiniz və irəlidə daha iki oyun var.
- Rəşad bizə “Honka”yla oyunlarda da kömək etsə, yenə Türkiyəyə qayıtmaq imkanı olacaq. Çünki ora getmək üçün vaxtı olacaq. Rəşadı orda gözləyirlər. Amma qarşıdakı iki oyunda bizə yüz faiz kömək edəcək.

- Bu barədə onunla söhbətiniz olub?
- Ayaqüstü danışmışıq.

- Deyəsən, bu barədə mətbuatda yazılıb. Amma yenə də soruşacam: «Qarabağ» niyə vaxtında hücumçu problemini həll etməyib? «Rusenborq»la oyunlarda Vüqar Nadirov zədələnə, vərəqə ala bilərdi və «Honka»yla görüşləri buraxardı. Onda nə edəcəkdiniz?
- Komandaya perspektivli, gənc futbolçuları cəlb etmək istədik. Bu məqsədlə Vüqarla Elvin Məmmədovu gətirdik. Amma bəli, bu gün komandamızda hücumçu azdı. Vüqar olmasa, problem yarana bilər. Lakin biz hər şeyi pillə-pillə etmək istəyirdik. Çalışacağıq ki, hücumçu gətirək.

- Yerli, yoxsa legioner?
- Legioner də ola bilər. Amma hələ tələsmirik. Çalışacağıq ki, gətirəcəyimiz hücumçu da gənc olsun.

- «Rusenborq»la cavab oyunundan əvvəl demişdiz ki, növbəti mövsümdə «Qarabağ»ın hansısa hədəfi olmayacaq. Düşünmürsüz ki, bunu deməklə mətbuatı qıcıqlandıra bilərsiz. Yəni «Qarabağ», özü də iddiası olmayan komanda?
- Hə, bundan sonra qıcıqlandırar (gülür). Yox, bu o demək deyil ki, əllərimizi yanımıza salacağıq. Ən başlıcası o idi ki, mənim qarşıma məqsəd qoyulmadı, çempionluq üçün oynayırıq. İki ilə tam oturuşmuş komanda düzəltmək istəyirik. Özümüzdə də əvvəldən gənc oyunçular vardı. Yenə gənc, perspektivli futbolçular qazanmağa çalışacağıq. Amma hər bir oyunda maksimum nəticə qazanmağı da düşünürük.

- «Rusenborq» üzərindəki qələbə baş məşqçi olaraq sizə nə qazandırdı?
- İlk növbədə təcrübə. Belə oyunlar nə qədər çox olsa, baş məşqçi də bir o qədər təcrübə qazanar. Həm də güclü rəqibə qarşı oynadıq. Gənc də olsam, mənə istər rəhbərlik, istərsə də mətbuat tərəfdən inam yarandı.

- «Rusenborq» üzərində qələbə qazandığınız günü hansı günlə müqayisə etmək olar? Məsələn, Serbiya yığmasına iki qol vurduğunuz günlə olar?
- Yox, iyulun 23-nü yaddan çıxarmaq olmaz. Həm də axı Qarabağın işğal günü idi o gün. İnanmıram ki, azarkeşlərdə hansısa oyunda belə sevinc olsun.

- «Qarabağ»ın qələbəsindən sonra çoxları «yerli futbolçu, yoxsa legioner» müqayisəsini daha da böyüdüb. Siz üstünlüyü kimə verirsiz?
- Hər məşqçinin öz futbol fəlsəfəsi, baxışı var. Bu gün əlimin altında legionerlər də olsaydı, çalışacaqdım ki, mərhələni keçək. Amma əlbəttə, azərbaycanlı futbolçularla belə uğur qazanmaq həm mənim, həm də onların özləri üçün sevindiricidir. Məncə, futbolda inkişafa nail olmaq üçün ayrı-seçkiliyə yol vermək olmaz. Biz artıq inkişafa doğru getməyə başlamışıq.

- «Qarabağ»ın keçmiş legionerlərindən zəng vurub təbrik edən oldumu?
- Səhv etmirəmsə, Artim Şakiri oyundan sonra futbolçularımızdan kiməsə zəng vurub təbrik edirdi.

- Siz qələbə qazanıb, «Qarabağ» rəhbərliyini sevindirdiniz. Bəs rəhbərlik necə, sizi sevindirdimi? Bildiyimizə görə, «Rusenborq» üzərində ümumi qələbə komandaya 400 min manat qazandırmalı idi…
- Şükür, bu günə kimi narazılığımız olmayıb. O gün elə bir gün idi ki, heç bir futbolçu pul haqqında düşünmürdü. Tahir bəylə (klubun prezidenti Tahir Gözəli nəzərdə tutur) toplantımızda bu barədə söhbətimiz də olmuşdu. Bizdə çempionat oyunlarından əvvəl uşaqlar gəlib soruşurdular ki, mükafat nə qədər olacaq. «Rusenborq»la oyundan əvvəl toplantıda Tahir bəy dedi ki, siz oynayın, heç bir problem olmayacaq. Mən də dedim ki, Tahir bəy, ilk dəfə olaraq, işlədiyim dövrdə heç bir futbolçu pul haqda soruşmayıb.

- «Honka» ilə ilk oyunun səfərdə keçirilməsini üstünlük sayırsınız, yoxsa…
- Belə oyunlarda ilk oyunun səfərdə olması üstünlük sayılır. Tanımadığın komandaya qarşı nisbətən rahat oynaya bilirsən. Bu baxımdan üstünlükdü.

- Azarkeşlərə qələbə söz verirsiniz?
- Söz vermək elədi ki, verdin, gərək əməl edəsən. Çalışacağıq ki, sona qədər mübarizə aparaq, daha da baxımlı futbol oynayaq, azarkeşlərimizi sevindirək.

Mənbə: “KomandA” qəzeti
0