“Qarabağ”ın rəqibi coşdu
27.07.2009 - 09:24
“Qarabağ”ın rəqibi coşdu
“Yaz-payız” sistemi ilə keçirilən Finlandiya çempionatında növbəti turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının üçüncü təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubunun rəqibi olan “Honka” 16-cı turu qələbə ilə başa vurub. Ötən tur heç-heçə etməklə xal itirən Espo təmsilçisi VPS klubunu böyük hesabla məğlub edib – 3:0.

Rəqibimizin ilk qolunu penalti zərbəsi ilə Erman Vuorinen vurub. Ardınca Yaakko Lepola və Cami Puustinen “Honka” azarkeşlərini sevindirib. Vuorinen cari mövsümdə 11-ci qolunu vurmaqla, bombardirlər yarışındakı liderliyini möhkəmlədib. İndi Erman ən yaxın izləyicisi olan 8 futbolçunu 6 top qabaqlayır.

Lepola və Puustinen isə hərəyə 4 dəfə rəqib qapısına yol tapıb. Bu qələbədən sonra xal hesabını 26-ya çatdıran rəqibimiz turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Honka” növbəti oyununu avqustun 2-də səfərdə “MüPA” klubu ilə keçirəcək.

Qeyd edək ki, “Qarabağ”ın avrokuboklar tarixində ilk rəqibi elə bu komanda olub. 1996-cı ildə ağdamlılar evdə 0:1 hesabı ilə uduzduğu rəqibi ilə səfərdəki qarşılaşmanın yalnız əlavə vaxtında “sülh” bağlayıb – 1:1.
0