Aleksandr Tomaş: “Levski”nin nə qədər üstün cəhətləri olsa da...
27.07.2009 - 09:47
Aleksandr Tomaş: “Levski”nin nə qədər üstün cəhətləri olsa da...
“İstənilən halda, “Levski” bizimlə oyunun favoritidir. Lakin bir məsələ də var ki, iştaha diş altındadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun bolqarıstanlı futbolçusu Aleksandr Tomaş deyib.

Uzun illər MOİK-in heyətində “Levski” ilə rəqabət aparmış legioner bolqar həmkarlarımıza müsahibəsində Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi ilə bağlı fikirlərini açıqlayıb: “Levski”nin nə qədər üstün cəhətləri olsa belə, futbol onunla maraqlıdır ki, heç kim əvvəlcədən kimin qalib gələcəyini deyə bilmir. Şəxsən mən sofiyalılarla matçda hər şeyimi meydanda qoymağa hazıram”.

Tomaş müdafiədəki problemlərin müvəqqəti olduğunu düşünür: “Təbii ki, “Ekranas”dan üst-üstə 4 qol buraxmağımız heç də yaxşı hal deyil. Lakin bu çatışmazlığın üzərində çalışırıq ki, “Levski” ilə görüşlərdə eyni problemlə üzləşməyək. Bu işimizin də nəticəsini artıq sabah görəcəyik”.

Aleksandr “Ekranas”la Bakıdakı matçda gördüklərinə inanmadığını da etiraf edib: “Bizim çempionat oyunlarında heç bu qədər tamaşaçı gəlmirdi. Hamı da ona təəccüblənir ki, necə oldu ki, 28 min azarkeş bizi dəstəkləməyə gəldi. Əminəm ki, “Levski” ilə görüşdə stadionda daha çox adam olacaq. “Levski”də baş verən baş məşqçi dəyişikliyi isə sofiyalıların xeyrinə işləyən amildir. Statistik hesablamalar göstərir ki, belə əvəz etmələr oyunçulara müsbət təsir edir. Axı hər kəs özünü yeni çalışdırıcıya göstərmək istəyir. Lakin inanmıram ki, Radko Dostaniç oyun üslubunu dəyişsin”.

Qeyd edək ki, “Bakı” ilə “Levski” arasında sabah keçiriləcək ilk oyun saat 20:00-da başlayacaq.
0