“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi: İnəklər otlayan yerdə məşq edirdik
27.07.2009 - 10:18
“Xəzər-Lənkəran”ın sabiq baş məşqçisi: İnəklər otlayan yerdə məşq edirdik
“Mən “Xəzər-Lənkəran”ı qəbul edəndə komanda turnir cədvəlinin aşağılarında idi. Amma Lənkəran təmsilçisi rəhbərliyim altında çempionatda heç bir oyunda uduzmadı, topların fərqinə görə bizdən yuxarıda yalnız “Neftçi” dayanırdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran” klubunun sabiq baş məşqçisi Viktor Pasulko deyib.

2005/06 mövsümünün ikinci yarısında ölkəmizdə çalışan 48 yaşlı ukraynalı mütəxəssis Lənkəran təmsilçisi ilə çempionatda uduzmadı. Yalnız Azərbaycan kubokunun cavab yarımfinal görüşündə Yevlaxda “Karvan”a böyük hesabla yenilən (0:3) Pasulko elə həmin mövsüm bitəndən sonra istefaya göndərildi. O, “Neftçi”ni 4 ay çalışdırmış çexiyalı həmkarı Vlastimil Petrjela kimi, Azərbaycanda təəccüb qaldığı məqama toxunub: “Mən hələ yaxşı məşqçi olmaq yolundayam. Hər bir yenilikdən xəbərdaram, istənilən məşqçilik kurslarına böyük məmnuniyyətlə gedirəm. Dörd il Moldova milli komandasının baş məşqçi postunda çalışdım. Hər şey heç də pis alınmırdı. Hərçənd, inəklər otlayan meydançalarda məşq edirdik. Yalnız sonradan baza tikmək mümkün oldu. Ardından Azərbaycanda, Özbəkistanda işlədim. “Xəzər-Lənkəran”la artıq yeni mövsümə hazırlaşırdım. Birdən klub prezidentinin qardaşı yanıma gəldi. Mənə dedi ki, səninlə müqaviləni pozuruq”.

Uzun müddətdir Almaniyada yaşayan “Xəzər-Lənkəran”ın sabiq çalışdırıcısının sözlərinə görə, ona beş ay öncə Afrikadan dəvət gəlibmiş: “Məşqçi kimi aldığım ən ekzotik təklif Nigeriyada idi. Fevralda məni ora çağırırdılar. Ancaq Nigeriyada işləməyə ürək etmədim”.
0