Bakıya səfər öncəsi “Levski”yə hədə-qorxu gəliblər
27.07.2009 - 10:25
Bakıya səfər öncəsi “Levski”yə hədə-qorxu gəliblər
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı”nın rəqibi olan Bolqarıstanın “Levski” klubunun sahibi Todor Batkov azarkeşlərə müraciət edib. Apasport.az saytının məlumatına görə, vətənində kifayət qədər tanınan sahibkar qorxu hisslərini tərəfdarları ilə bölüşməyə qərar verib. O, azarkeşlərdən komandanı dəstəkləməyi, stadionlarda iğtişaş törətməməyə çağırıb.

“Bakı” ilə oyunlar ərəfəsində Batkov ən çox “Levski”nin avrokuboklardan kənarlaşdırılmasından qorxur. Bu isə səbəbsiz deyil. Belə ki, özlərini “kiçik narkoplasyorçet” adlandıran azarkeşlər dəstəsi klubun ofisinə zəng vuraraq, hədə-qorxulara başlayıb. 10-dan artıq belə zənglərin məzmunu isə idman direktoru Daniel Borimirovun haqsız işdən azad edilməsinə etiraz və onun geri qaytarılmasını tələb etməkdir. Batkov isə bu hədə-qorxulara boyun əyməyəcəyini bildirib: “Bilin ki, mən bir qrup adamın dediyi ilə oturub-duracaq insan deyiləm. “Levski” Bolqarıstanın adı, bayrağı və himnindən sonra ölkəmiz üçün ən dəyərli varlıqdır. Komandanı sevənlər təkcə stadiona gələnlər yox, milyonlardır. Bunun qarşılığında biz də 2006-cı ildə olduğu kimi, yenə qrup mərhələsinə düşməyə çalışacağıq”.

Qeyd edək ki, “Levski” Çempionlar Liqasının qrup mərhələsində oynamış yeganə Bolqarıstan klubudur.
0