“Levski” – “Bakı” oyunu nəqliyyat menecerinə tapşırıldı
27.07.2009 - 11:22
“Levski” – “Bakı” oyunu nəqliyyat menecerinə tapşırıldı
“Bakı”nın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın “Levski” klubu ilə cavab görüşünü idarə edəcək hakimlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, avqustun 5-də Sofiyada keçiriləcək cavab görüşünü Stefan Yohanessonun başçılıq etdiyi isveçli hakimlər briqadası idarə edəcək. Ona Maqnus Syoblom, Stefan Uittberq və Ake Andreasson yardımçı olacaq. İsveçli hakimlərin işinə şimali irlandiyalı UEFA hakim-inspektoru Alan Snoddi qiymət verəcək. O, hakimliyi dövründə milli komandamızın oyununu idarə edib, UEFA hakim-inspektoru kimi isə klublarımızın avrokubok oyunlarına təyinat alıb. Sofiyadakı görüşün UEFA nümayəndəsi belçikalı Jan-Mari Filipsdir.

Qeyd edək ki, 38 yaşlı Yohanesson 2003-cü ildən FİFA hakimidir və ixtisasca nəqliyyat meneceridir. O, ötən seçmə mərhələdə milli komandamızın yer aldığı qrupda İrəvanda oyun idarə edib. Yohanesson Ermənistan və Serbiya milli komandalarının qolsuz heç-heçə nəticələnən rəsmi oyununda baş hakim olub. İsveçli hakim ötən yay İntertoto kubokunun üçüncü mərhələsində kuryoz hadisə ilə üzləşib. Belə ki, “Tavriya” (Ukrayna) – “Renn” (Fransa) görüşündən sonra 24 penalti zərbəsinin vurmasına şahidlik edib. 10:9 hesabı ilə qalib gələn “Renn” UEFA kubokuna çıxıb.
0