Feliks yenə qol vur, amma ehtiyatlı ol!
27.07.2009 - 12:56
Feliks yenə qol vur, amma ehtiyatlı ol!
“Bakı” sabah Azərbaycan futbolu tarixində növbəti siftə edəcək. Apasport.az saytının məlumatına görə, makedoniyalı mütəxəssis Qyoko Hacıyevskinin çalışdırdığı komanda Çempionlar Liqasının (ÇL) üçüncü təsnifat mərhələsində ilk oyuna çıxacaq. 1997-ci ildən ÇL-ə qatılan təmsilçilərimiz indiyədək bu mərhələnin iştirakçısı olmayıb.

Rəqibimiz ölkəsinin ən titullu komandalarından olan “Levski”dir. Həmin “Levski” ki ÇL-nin qrup mərhələsində iştirak edən yeganə Bolqarıstan təmsilçisidir. Üç il öncə “Barselona”, “Çelsi”, “Verder” kimi nəhənglərlə bir qrupda yer alan Sofiya təmsilçisi indi “Bakı”nın qonağı olacaq. Ölkə çempionluğunu 26 dəfə qazanan “Levski” bu göstəricidə yalnız əzəli rəqibi, həmşəhərliləri MOİK-ə (31 dəfə) uduzur.

İkinci təsnifat mərhələsində “Ekranas”la (Litva) görüşlərdə səviyyəsini göstərən “Bakı”nın məhsuldarlığı diqqət çəkir və gələcəyə nikbin baxmağa əsas verir. Düzdür, bakılıların 6 qol vurduğu “Ekranas”la “Levski”ni eyniləşdirmək olmaz. Ancaq hər halda, çempionumuz üçün rəqib qapısına yol tapmaq ciddi problem deyil və bu mənada yeni transfer Feliks Felipe Almeydaya böyük ümidlər bəslənilir. İki oyunda üç top vuran braziliyalı hücumçu hələlik Bakı”nın heyətində meydanı qolsuz tərk etməyib.

Təbii ki, Feliksdən yenə qol gözləyirik və eyni zamanda ona diqqətli olmağı tövsiyə edərdik. Axı Felipe “Ekranas”la ilk oyunda sarı vərəqə alıb və daha birisi növbəti görüşü buraxmaq deməkdir. Eyni sözləri hesabında sarı vərəqəsi olan digər futbolçulara da şamil etmək olar. Yeri gəlmişkən, “Bakı”nın əsas qapıçısı Xalidu Sissoko və yarımmüdafiəçi Bəxtiyar Soltanov “Ekranas”la hər iki oyunda sarı vərəqə aldığı üçün cəzalı duruma düşüblər və sabahkı görüşdə komandaya kömək edə bilməyəcəklər.

Sözsüz ki, həm Sissoko, həm də Soltanov “Bakı” üçün əsas oyunçulardır və mərhələ adlamaqda onların rolu danılmazdır. İndi Xalidunu qapıda əvəzləyəcək, avrokuboklarda “Bakı”nın heyətində debüt edəcək xorvat Marko Şarliyaya böyük ümidlər bəslənilir.

Sözsüz ki, Sofiyadakı görüş daha çətin olacağından “Bakı” səfər öncəsi mütləq üstünlük qazanmağa çalışacaq. Meydana qələbə qazanmaq üçün çıxacaq Hacıyevskinin yetirmələri ən pis halda, qolsuz heç-heçə ilə kifayətlənməyə çalışacaq. Yəni evdə qol buraxmamaq ən vacib şərtlərdəndir və bərabərliklər arasında 0:0 daha münasibi sayıla bilər. Çünki belə olan halda, Sofiyada istənilən qollu heç-heçə “Bakı”nın daha bir mərhələ adlamasına imkan yaradacaq. Bu isə futbol tariximizdə görünməmiş olay olacaq və komandamıza ən pis halda, Avroliqada qrup mərhələsinə vəsiqəni təmin edəcək.

Saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Bakı” – “Lesvki” görüşünü Sven Oddvar Moenin başçılıq etdiyi norveçli hakimlər briqadası idarə edəcək. Ona həmyerliləri Daq-Rodjer Nebben, Sven İnqe Viken və Kristofer Helqerud yardımçı olacaq. 30 yaşlı Moen 2005-ci ildən FİFA hakimidir. Norveçli hakimlərin işinə serbiyalı UEFA hakim-inspektoru Zoran Petroviç qiymət verəcək.
0