“Burda Avropa ənənələrinə malik yalnız bir komanda var”
27.07.2009 - 17:27
“Burda Avropa ənənələrinə malik yalnız bir komanda var”
“Bakı” klubunun makedoniyalı baş məşqçisi Qyoko Hacıyevskinin müsahibəsi

- “Ekranas” üzərində qələbə qazandınız. “Bakı” ilə Avropada haraya qədər irəliləyə bilərsiniz?
- Hesab edirəm ki, uğurumuza tam layiq idik. “Levski”nin böyük klub olduğunu və Azərbaycanın dünya futbolunda böyük ölkə olmadığını bilirik. Azərbaycanda idmana böyük maliyyə vəsaiti qoyulur. Klublar sürətlə inkişaf edir, kifayət qədər əcnəbi futbolçular gəlir. Bu “Levski” ilə oyunlar öncəsi bizdə nikbinlik yaradır. Bu komanda ilə oyunda uğura ümid etdiyimizi gizlətmirəm. Bu, qətiyyən o demək deyil ki, bolqar komandalarını qiymətləndirmirik. Hər bir komanda, hətta bizdən zəif olan da gizlicə uğura ümid edir.

- Azərbaycanda Bolqarıstan futbolu haqda hansı məlumatlara malikdirlər?
- Çox yaxşı. Hamıya məlumdur ki, Bolqarıstan böyük futbol ənənələrinə malikdir. Ölkənizdə çoxlu tanınmış futbolçular var. “Levski” və MOİK həmişə avrokuboklarda oynayıb.

- Rəqib haqda kəşfiyyatlarınız hansı nəticəni verib?
- İlk növbədə “Levski” ilə oyuna ağıllı yanaşmaq lazımdır. Məndə rəqib haqda çoxlu informasiya var. İki dəfə Bolqarıstanda işləmişəm və MOİK-lə “Vihren” klubunu çalışdırmışam. Ölkənizi tərk edəndən sonra da futbolunuzda baş verənləri izləmişəm. Ətrafımda çoxlu insanlar var ki, onlar “Levski”nin vəziyyəti ilə tanışdırlar. Rəqib bizdən heç nəyi gizləyə bilməz. Çünki hər şey bizə yaxşı məlumdur.

- Növbəti mərhələyə çıxmaq şanslarınız nə qədərdir?
- Mən buna yüz faiz dəqiq cavab verə bilmərəm. Çox şeydən asılıdır. “Levski” yalnız kağız üzərində favoritdir. Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə çıxandan sonra qələbə eyforiyası yaşadıq. Hazırda düşərgəmizdə yaxşı ab-hava hökm sürür. Bizim uğurumuzu “Qarabağ” “Rusenborq”u keçməklə davam etdirdi. Normal insanlar belə hesab edir ki, seriyamız davam edəcək. Fikrim belədir ki, “Levski” ilə görüşdə çox ağıllı oynamalıyıq. Əlbəttə, eyforiyaya qapılmamalıyıq. İstərdim ki, oyunda sürətlə hərəkət edək.

- “Ekranas”la iki oyunda dörd qol buraxdınız. Demək olarmı ki, müdafiə ən zəif yerinizdir?
- Bu dörd qoldan üçünü 90-cı dəqiqədən sonra buraxdıq. Birində qapımıza olmayan 11 metrlik cərimə zərbəsi fikirləşib, tapdılar. İki qolu isə sevindiyimiz anlarda buraxdıq. Hər iki oyunda son saniyələrdə - Litvada 2:1, Bakıda 4:1 hesabı ilə irəlidə idik. İstənilən halda, komandamız gənc, təcrübəsizdir və belə vəziyyətlərdə lazımı konsentrasiyaya malik olmalıdır. Müdafiəmiz yazıldığı kimi heç də pis deyil.

- “Levski” ilə oyunlarda da müdafiədə belə səhvlər yol verilə bilərmi?
- Mən güclü və zəif tərəflərimizi yaxşı bilirəm. Bəzi çatışmazlıqlarımız var. Ancaq elə “Levski” də həm yaxşı, həm də pis tərəflərə malikdir. Misal üçün, Andorranın həvəskarları üzərində qazanılan asan qələbə məqsədə tam çatmaq demək deyil. Ancaq onunla razıyam ki, “Santa-Culiya” ilə “Ekranas” arasında səviyyə fərqi litvalıların xeyrinə böyükdür.

- Bəzi əsas futbolçularınız “Levski” ilə ilk oyunu buraxacaq?
- Bəli, bu qapıçımız Xalidu Sissoko ilə hücumameylli yarımmüdafiəçimiz Bəxtiyar Soltanovdur. Təbii ki, onların da oynasaydı, daha yaxşı olardı. Ancaq nə etmək olar? 23 futbolçumuz var və onlar bir-birlərini layiqincə əvəzləyə bilərlər.

- Ümid edirsiniz ki, Tofiq Bəhramov adına Respublika stadionu “Levski” ilə oyunda dolacaq?
- Bəli. Fikrimcə, stadion yenə dolacaq. Mən “Ekranas”la Bakıdakı oyunumuzu izləyən “Levski”nin köməkçi məşqçisi Antoni Zdravkovun fikirlərini oxudum. O, bizə qarşı bəzi düzgün olmayan hərəkətlər edib. Ancaq təxribat yaratmaq fikrim yoxdur. Mən mövsümdə “Levski” ilə oyunlarda yaxşı nəticə əldə edən Bolqarıstan komandalarını özümüzlə müqayisə etmişəm. Zdravkov deyir ki, bizim azarkeşlər mütəşəkkil deyil. Onlar lazımı atmosfer yarada bilmirlər. Bəli, hər gün 30 min azarkeşin gözü qarşısında oynamırıq. Futbolçularımız xalqın dəstəyini hiss edirlər. Elə buna görə də tamaşaçıların əməyini teatrda olduğu kimi qiymətləndirmək lazımdır.

- Siz Bolqarıstan və Azərbaycan futbolu arasında müqayisə apara bilərsinizmi?
- “Levski” Çempionlar Liqasının qrup mərhələsində oynayıb. Mən “Verder”lə oyunda stadionda olmuşam. Bolqarıstanın başqa güclü klubları da var. Bunlar MOİK, “Liteks”, “Botev”, “Çerno More”, Sofiyanın və Plovdivin “Lokomotiv” klublarıdır. Bu, Azərbaycandakı kimi deyil. Burda Avropa ənənələrinə malik yalnız bir komanda – “Neftçi” (Bakı) var. Azərbaycan klublarının son bir neçə ildə Avropa miqyaslı turnirdə çalışsalar da, hansısa böyük uğura imza ata bilməyiblər. Təbii ki, Bolqarıstan Azərbaycanı qabaqlayır. Ancaq “Rusenborq”la “Qarabağ” arasında fərq böyük idi - bu, həm səviyyədə, oyunçuların fərdi xüsusiyyətlərində əks olunurdu. Bəzən komandaların adı elə də əhəmiyyət kəsb etmir.

- “Levski”nin üç il öncə Çempionlar Liqasının qrup mərhələsində yığdığı təcrübə üstünlük ola bilərmi?
- Həmin futbolçulardan çoxu indi “Levski”də deyil. Təcrübə klubun təşkilində ən vacib rol oynayır. İndi “Lesvki”də nə Timoti var, nə də “Çelsi”yə qol vuran Oqnyanov var.

- “Levski”də məşqçi dəyişikliyi haqda nə fikirdəsiniz?
- Bu haqda bir şey deyə bilmərəm. Adətən baş verən dəyişiklər müsbət nəticəyə səbəb olur. “Lesvki”dəki baş məşqçi dəyişikliyi isə mənə qəribə görünür. Çünki “Sent-Culiya” üzərində iki oyuna görə 8:0 hesablı qələbədən sonra baş məşqçini istefaya göndərmək məntiqəuyğun deyil. Yəqin ki, Emil Velevin qovulmasının başqa səbəbləri var.

- Komandanızda bolqar futbolçu Aleksandr Tamaş var. O, “Levski”yə qarşı oynayaqmı?
- İndi bunu deyə bilmərəm. Hələ o, əsas heyətə düşmək üçün rəqabət aparmalıdır və buna vaxtı var. Mən onun əməyini yüksək qiymətləndirirəm. Zədə ilə bağlı problemi vardı, bütün hazırlıq prosesini buraxmalı oldu. Aleksandr təbiətcə çox yaxşı insan və futbolçudur. Ona tam güvənmək olar.

- “Levski” ilə görüşdə müdafiə, yaxud hücum futbolu oynayacaqsınız?
- Mən taktika haqda yalnız oyundan sonra danışa bilərəm. Komandamız və “Levski” üzərində real səviyyə fərqinə baxmalıyıq. Hansı futbolçuları əsas heyətə qoyacağımı hələ bilmirəm. Məqsədimiz ev oyununda müsbəti nəticə əldə etməkdir. Əks halda, bizi Bolqarıstanda çətin sınaq gözləyir.

- Müsbət nəticə deyəndə nəyi nəzərdə tutursunuz?
- Yalnız qələbə.

- Buna görə hansı mükafata layiq görüləcəksiniz?
- Düzünü desəm, hələ bilmirəm. Sözsüz ki, hər şey yaxşı olacaq. Bununla belə, biz mükafatda maraqlı deyilik. Bizim üçün ən vacibi “Levski”ni keçməkdir. Çünki bu, Avroliqada qrupda oynamağımıza imkan verəcək. Bu isə pulla müqayisədə daha çox qazancdır. Məqsədimizə çatmaq üçün hər gün, hər dəqiqə işləyirik.

- “Levski”nin ən güclü futbolçuları kimi sayırsınız?
- Fikrimcə, bu, Elin Topuzakovla Georgi Petkovdur. Onlar milli komandanızda böyük oyun təcrübəsinə malikdirlər. Digər çox yaxşı futbolçularınız da var. Misal üçün Darko Tasevski, Niki Dimitrov. Ola bilsin ki, hücumçunuz Xristo Yovov indi yaxşı formada deyil. Ancaq o da yaxşı futbolçudur. Mənim xoşuma Ze Soareş da gəlir. Ancaq o, zədə üzündən ilk oyunda iştirak etməyəcək. Komandada əsas yeni funksiyaya Orteqa malikdir. Onun özünü sübut etmək üçün böyük motivasiyası var. Cinah oyunçuları Jivko Milanovla Veselin Minov tez-tez hücuma qoşulurlar. Bir sözlə, “Levski” yaxşı komandadır.

- Bolqarıstanda daha çox komandanızın braziliyalı hücumçusu Felisk Felipe Almeydadan çəkinirlər. Doğrudanmı “Bakı” bu futbolçudan ilham alır?
- Bəli. Əlbəttə, buna ciddi əsaslar var. Onun boyu, sürəti çox şeydən xəbər verir. Ancaq o, meydanda təkbaşına heç nə edə bilməz. Ona digər oyunçular da dəstək olmalıdır. Bizdə də başqa yaxşı futbolçular da var ki, onları qiymətləndirməmək düzgün olmazdı.
0