Berti Foqts üçün növbəti rəqib: MOİK
27.07.2009 - 17:55
Berti Foqts üçün növbəti rəqib: MOİK
Mərkəzi Ordu İdman Klubu (MOİK) 2009/10 mövsümünə hazırlıq çərçivəsində Azərbaycanın əsas yığması ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bununla bağlı “hərbçilər”lə milli komandanın rəhbərliyi arasında razılıq əldə olunub.

Berti Foqtsun yetirmələri Ramil Əliyevin başçılıq etdiyi ordu klubu ilə avqustun 1-də üz-üzə gələcək. Zabrat qəsəbə stadionunda keçiriləcək oyun saat 18:00-da başlanacaq. Bu, yığma üçün avqustun 12-də Bakıda dünya çempionatının seçmə mərhələsində Almaniya ilə oyuna hazırlıq xarakteri daşıyacaq.

Qeyd edək ki, MOİK növbəti çempionata hazırlığın ikinci mərhələsində artıq bir oyun keçirib. “Hərbçilər” iyulun 24-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Standard” klubuna 2:4 hesabı ilə uduzub.
0