“Bakı”nı hələ qışda tərk etmək istəyirdim”
27.07.2009 - 23:14
“Bakı”nı hələ qışda tərk etmək istəyirdim”
Az öncə “Bakı” klubundan “Xəzər-Lənkəran”a keçən Ramazan Abbasovun apasport.az saytına müsahibəsi

- “Xəzər-Lənkəran”a necə keçdiniz?
- Bir neçə gün idi ki, danışıqlar aparırdım. Ağasəlim müəllim zəng vurdu, dedi ki, gəl, danışaq. Görüşüb razılaşdıq. Digər təkliflər də var idid, amma mən "Xəzər"i seçdim.

- Nə üçün çempionat qurtaran kimi yox, qərarı indi verdiniz?
- O vaxt təklif yox idi. "Bakı"nı hələ qışda tərk etmək istəyirdim. "Neftçi"dən gələndən sonra mənə şans vermədilər. Amma dözürdüm, heç nə demirdim. İkinci dövrədə də çox az oynadım. Yaşımın elə vaxtıdır ki, ehtiyatda gün keçirə bilmərəm. Gəncəm, oynamaq istəyirəm. Hacıyevski mənə inanmırdı. Çempionlar Liqasında çıxış etmək çoxdankı arzum idi. Lakin "Ekranas"la oyunların hər ikisində məni kənarda saxladı. Adımı heç iştirak ərizəsinə də salmadı. Mən "Bakı"nın yetirməsiyəm. Özümə qarşı bu münasibəti görəndən sonra hər dəfə pis olurdum. Məşqlərdə necə can qoyduğumu uşaqlar görüb. Hacıyevskinin mənə münasibəti çox dəyişib.

- Hər halda, səbəbini bilməmiş olmazsınız...
- Allah haqqı, özüm də bilmirəm ki, niyə belə edirdi. Mənə elə yanaşırdı ki, sanki komandada yoxam. Hacıyevskiyə görə getdim komandadan. Prezident Hafiz Məmmədovdan, vitse-prezident Zeynal Məmmədovdan həmişə dəstək görmüşəm. Onlar yaxşılığımı istəyiblər. Çox istədim ki, qalım. Qalsaydım, yenə oynamayacaqdım. Baş məşqçi o şansı mənə verməyəcəkdi.

- Niyə özü ilə bu barədə danışmamısınız?
- Hacıyevski əsasən legionerlərə şans verir. "Ekranas"a qarşı yerli uşaqlardan təkcə Bəxtiyar Soltanov əsas heyətdə çıxıb. Axı mən nə vaxtadək tribunada oturub, oyuna baxacam? Yavaş-yavaş unudulub, yaddan çıxacam. Oynamalıyam ki, həm də üzdə olum. Bir-iki dəfə Hacıyevskidən nə vaxt oynayacağımı soruşmuşam. Deyib ki, sən yaxşı hazırlaş, heç nədən narahat olma. Şans verəcəyini vəd edib, amma hər dəfə oyuna çıxan heyət açıqlananda baxmışam ki, adımı siyahıya salmayıb. Aramızda xırda narazılıq da olmayıb ki, deyim, səhvim olub. Başımı aşağı salıb, məşqimi eləmişəm.

- Deyirsiniz ki, sizə qarşı prinsip aparıb?
- Mən o sözü işlətmədim. Hacıyevski yalnız güvəndiyi futbolçuları meydana buraxır. Gözündən düşdünsə, kənarda qalırsan.

- Son ilyarımda heç bəxtiniz gətirmir. "Neftçi"də də ehtiyatda qaldınız, "Bakı"ya gələndən sonra da. Bəlkə "qara zolağa" düşmüsünüz?
- Ola bilər. "Bakı"da hər şey əla idi. Pulumu alırdım, mehriban kollektivimiz vardı. Hacıyevski oynatsaydı məni, heç klubumu da dəyişməzdim.

- Əminsiniz ki, "Xəzər-Lənkəran”da da kənarda qalmayacaqsınız?
- Ağasəlim müəllim vəziyyətimi bilir. Söz verib ki, hər şey yaxşı olacaq. Yarımmüdafiə xəttinin hansı mövqeyində şans versə, oynayacam. Mənim üçün fərqi yoxdur, əsas odur ki, oynayım. Oyun praktikam son vaxtlar çox azdır, hiss edirəm ki, gündən-günə dala gedirəm. Əvvəl belə deyildim axı. Milliyə də daha çağırılmıram. Şahin Diniyev yığmada işləyəndə məni çağırırdı. "Bakı"da oynamayandan sonra Berti Foqtsun da yadına düşmərəm. Sübut etmək istəyirəm ki, həmin Ramazanam! "Xəzər"də oynamasam, burda da qalan deyiləm. Bu komandanı seçməyimdə pul rol oynamayıb. "Bakı"da da yaxşı pul alırdım, rəhbərliklə münasibətlərim normalı idi. İndi mənə vaxt lazımdır ki, əvvəlki formamı yığım. Bir oyun, iki oyun, axır açılacağam. Ağasəlim müəllim mənə bu dəstəyi verəcək. Oyun praktikam olmasa da, fiziki cəhətdən yaxşı vəziyyətdəyəm. 80 dəqiqə tam oynaya bilərəm. İndi Avstriyada hazırlıq keçirik, bir az da "artıracam". Yerli uşaqların hamısını tanıyıram. Komandaya tezliklə uyğunlaşacam. Onu görürəm ki, öz üzərimdə işləməkdə davam etsəm, Mircavadov mənə şans verəcək. Onun oyun üslubuna yaxşı bələdəm. Yerli futbolçulara üstünlük verir. Mən də bunu gördüyüm üçün "Xəzər"ə keçdim.

- İndiyədək rayon klublarında oynamamısınız. Adaptasiya prosesinin uzun çəkəcəyindən qorxmursunuz?
- Çətin olmaz. Komandada çoxu ilə münasibətim var, əvvəldən bir-birimizi tanıyırıq. Millidə oynadığım uşaqlar az deyil.

- "Bakı"dan "Xəzər-Lənkəran"a keçən sayca ikinci futbolçu oldunuz. Sizdən əvvəl Ceyhun Sultanov da "Bakı"nı "Xəzər-Lənkəran"a dəyişib. Amma o "Xəzər-Lənkəran"da özünü heç cür göstərə bilmədi. Eyni halla üzləşəcəyinizdən qorxmursunuz?
- Yox, inanıram ki, hər şey yaxşı olacaq.

- "Bakı" sizi təmannasız buraxdı?
- Onlarla müqaviləm başa çatmışdı. "Xəzər"ə sərbəst keçmişəm. Müqaviləm 1 illikdir. Özüm artırmadım, dedim, qoy görüm nə olur.

- Müqavilə şərtləri içərisində daha nə var?
- Heç nə. Adi müqavilədir.

- Bəs "Bakı" sizə yeni müqavilə təklif etmədi?
- Zeynal müəllimlə söhbətim oldu. Dedi ki, qal, yaxşı olacaq. Onlar yaxşı adamdır, klubda heç kimdən narazılığım yoxdur. Dedim ki, Hacıyevski mənə şans verməyəcək. Vaxtım gedir axı. Gələn mövsüm də oynamasam, mənim futbolum getdi. Bu mənim son şansımdır.

- Yəqin ki, çempionatda "Bakı"ya qarşı oyunlara fərqli motivasiya ilə çıxacaqsınız?
- Adi oyun olacaq mənim üçün. "Xəzər"də möhkəmlənmək və çempion olmaq istəyirəm. Hacıyevskiyə özümü göstərmək üçün hər şey edəcəyəm. Ona qarşı kinim yoxdur - qoy, bunu da deyim. Məşqçidir, yəqin xoşuna gəlməmişəm.
0