“Məgər siz günəşli Azərbaycan, super komanda “Neftçi”ni unutmusunuz?”
28.07.2009 - 15:28
“Məgər siz günəşli Azərbaycan, super komanda “Neftçi”ni unutmusunuz?”
“Bugünkü futbolun necə olması ilə bağlı sualın cavabı genişdir. Buna 2 sözlə cavab vermək olmaz”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moskvanın “Spartak” klubunun sabiq baş məşqçisi Stanislav Çerçesov deyib.

45 yaşlı veteran qapıçı SSRİ çempionatlarında “Neftçi” ilə oyunları unutmur. Təsadüfi deyil ki, Çerçesova özünəməxsus, fərdi oyun üslubu ilə seçilən Tiflisin “Dinamo”, İrəvanın “Ararat” klubları haqda soruşanda o, zəruri qeyd edib: “Mən sizə Qafqaz futbolunun daha bir təmsilçisini göstərirəm. Məgər siz günəşli Azərbaycan, super komanda “Neftçi”ni unutmusunuz? Əgər biz Qafqaz futbolu haqda danışırıqsa, bu ölkəni qətiyyən unutmaq olmaz. Çünki Azərbaycan, “Neftçi” haqda yaxşı xatirələrim var”.

Rusiya yığmasının və “Spartak”ın sabiq qapıçısına “Neftçi”nin SSRİ dövründə daha çox birinci diviziona düşdüyü deyiləndə onun cavabı belə olub: “Mənim vaxtımda onlar güclülər dəstəsində oynayırdı. Yəqin ki, belə rəqiblə görüşdüyüm üçün bəxtim gətirib. Əgər “Dinamo”, “Ararat”, “Neftçi”ni götürsək, indi onlar müvafiq olaraq, Gürcüstan, Ermənistan və Azərbaycan yığmalarıdır. Razılaşın ki, SSRİ çempionatı öz vaxtında kifayət qədər yaxşı səviyyədə olub”.

Çerçesov martın 28-də Moskvada keçirilmiş Rusiya – Azərbaycan oyunu haqda da fikirlərini bölüşüb: “Azərbaycanın səciyyəvi oyun üslubunu görmədim. Görüşə baxanda mən öz oyunlarımızı xatırladım. Onda qığılcım, səhvlər, emosiya vardı. Hər halda, Moskvadakı görüşdə emosiya görmədim. Bu, ən əsasdır, Azərbaycan və Ermənistan futbolunu müəyyənləşdirən məqamdır”.

Milli komandamızın 5 il öncə Avstriya yığması ilə səfər oyununu televizordan izləyən Çerçesov hesabı səhv salıb. Yəni, həmin görüşdə yığmamız meydan sahibləri ilə onun dediyi kimi 1:1 hesablı heç-heçə etməyib, 0:2 hesabı ilə uduzub: “Ola bilsin ki, təəccüblənəcəksiniz, amma mən Azərbaycan komandasını hələ bir neçə il əvvəl, avstriyalılarla bir qrupda yer alanda görmüşəm. Məncə, onlar Vyanada 1:1 hesabı ilə heç-heçə etdilər. Mən televizoru işə salanda, sadəcə bilirdim ki, məni nə gözləyir: uda da bilərlər, uduza da”.

Milliyətcə osetin olan Çerçesov həmyerlisi, məşhur veteran futbolçumuz Kazbek Tuayev barədə də danışıb: “3 ay əvvəl onunla telefonla danışdım. Yeri gəlmişkən, tanış oldum. Tuayev mənim üçün bir növ Allah idi. Kifayət qədər yaxşı danışdıq. Təbii ki, belə məşqçi insanları çalışmağa məcbur edir”.
0