Qyoko Hacıyevski rekorda yaxınlaşır
29.07.2009 - 13:52
Qyoko Hacıyevski rekorda yaxınlaşır
“Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski ukraynalı həmkarlarının Azərbaycandakı rekordunu təkrarladı. Apasport.az saytının hesablamalarına görə, 54 yaşlı makedoniyalı mütəxəssis Çempionlar Liqasında (ÇL) ardıcıl 3 oyundur uduzmur.

“Ekranas”la (Litva) 2 oyun (2:2 və 4:2) keçirən, “Levski” ilə 1 dəfə görüşən (0:0) Hacıyevski Valentin Xodukinlə Anatoli Demyanenkonun göstəricisini təkrarladı. Xodukin ötən mövsüm elə ÇL-də ardıcıl 3 oyun yenilmədi. Onun rəhbərlik etdiyi “İnter” “Rabotniçki”ni (Makedoniya) səfərdə vurulan qol hesabına yendi (0:0 və 1:1). Ardından “Partizan”la (Serbiya) Bakıda 1:1 hesablı bərabərliyə qalan Xodukinin komandası Belqradda uduzaraq (0:2) mübarizəni dayandırdı.

50 yaşlı Demyanenko da ötən yay avrokuboklarda ardıcıl 3 görüşdə meydanı məğlubiyyətsiz tərk etdi. Bu, “Neftçi”nin sükanı arxasında İntertoto kubokunun ikinci mərhələsində “Jerminal”la (Belçika) 2 oyun (1:1 və 1:0) və üçüncü mərhələdə “Vaslui” (Rumıniya) ilə Bakıdakı görüş (2:1) idi. Səfərdə keçirilən cavab görüşündə “İnter” kimi, 0:2 hesabı ilə yenilən “Neftçi” mübarizəni sona çatdırdı.

Göründüyü kimi, Hacıyevskinin ukraynalı həmkarları məğlubiyyətsiz oyunlar seriyası qırılan kimi avrokuboklarda kənarda qalıblar. İndi “Bakı”nın çalışdırıcısı avqustun 5-də “Levski” ilə Sofiyada cavab görüşündə uğurlu nəticə qazanmaqla, həm bu uğursuz seriyaya son qoya, həm də yeni rekorda imza ata bilər.
0