“Mən Rəşad Sadıqovun komandamıza gələcəyinə inanıram”
29.07.2009 - 14:13
“Mən Rəşad Sadıqovun komandamıza gələcəyinə inanıram”
“Kocaelispor”un Transfer Komitəsinin rəhbəri Adnan Yaman Rəşad Sadıqovun məsələsi ilə bağlı klub rəhbərliyinə raport verib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, Yaman yığmamızın 27 yaşlı futbolçusunun geri qayıdacağını düşünür. Ötən həftə Bakıya gələn türkiyəli həmyerlimizlə görüşüb və bildirib ki, Sadıqovdan yenidən “Kocaelispor”a gələcəyi ilə bağlı söz alıb: “Rəşad gəlmək istəyir. Hətta yerli telekanallardan birinə “Türkiyədə sadəcə, “Kocaelispor”da oynayaram” deyib. Ancaq Rəşadın “Rusenborq”a vurduğu qoldan sonra təklifləri artıb. Menecerlər məsələyə qarışmağa başladı. Ona Türkiyədən olduğu kimi, xaricdən də təkliflər var. Ancaq mən Sadıqovun komandamıza gələcəyinə inanıram”.

İzmitli həmkarlarımızın fikrincə, Rəşadın taleyinə “Qarabağ”ın heyətində Finlandiyanın “Honka” klubu ilə səfərdə keçiriləcək oyundan sonra aydınlıq gələ bilər. Yəni, artıq ilk oyunda cütün taleyinə böyük ölçüdə aydınlıq gələrsə, müdafiəçi vaxt itirmədən Türkiyəyə gəlib, “Kocaelispor”la danışıqlar masasına əyləşəcək. Əgər yaxşı nəticə alınarsa, avqustun 6-da Bakıdakı cavab görüşü gözləniləcək. İstənilən halda, Sadıqovun bu oyunlardan sonra qəti qərarını verəcəyi bildirilir.
0