“Qəbələ”nin futbolçusu Türkiyədə xəstəxanaya yerləşdirildi
29.07.2009 - 16:35
“Qəbələ”nin futbolçusu Türkiyədə xəstəxanaya yerləşdirildi
Türkiyədə təlim-məşq toplanışı keçirən “Qəbələ” klubu üçüncü yoxlama oyununda qüvvəsini sınayıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, bu gün "Siirt Jetpaspor"la qarşılaşan Ramiz Məmmədovun yetirmələri 2:1 hesabı ilə qalib gəlib.

Türkiyə ikinci liqasında çıxış edən rəqib matçın birinci hissəsində hesabı açsa da, qəbələlilər fasilədən sonra nəinki bərabərlik, hətta qələbə topunu da vurub. Hər iki qolun müəllifi İqor Melnik olub. Həmyerlimiz Rövşən Əhmədovun başçılığı altında azərbaycanlı hakimlər briqadasının idarə etdiyi oyun meydan sahiblərinin intizamsızlığı ilə yadda qalıb. Elə matçın əvvəlində baxışda olan futbolçulardan birinə ciddi xəsarət yetirdilər. Baş nahiyəsindən zədə alan futbolçu xəstəxanaya çatdırıldı. Hazırda onun vəziyyəti normaldır. Matçın gedişində kobud oyunla yanaşı, söyüş söyməkdən də çəkinməyən "Jetpaspor"un oyunçularını baş hakim çətinliklə sakitləşdirdi.
0