“Qarabağ” - “Honka” matçının baş hakimi yenidən Respublika stadionunda
30.07.2009 - 17:00
“Qarabağ” - “Honka” matçının baş hakimi yenidən Respublika stadionunda
Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Ağdamın “Qarabağ” və Finlandiyanın “Honka” klubları arasında görüşü idarə edəcək hakimlər briqadası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı polşalı hakimlər idarə edəcək.

Baş hakim funksiyasını yerinə yetirəcək Tomaş Mikulski ardıcıl ikinci il ölkəmizin əsas arenasında fit çalacaq. 44 yaşlı FİFA referisi ötən yay “İnter”in Serbiya “Partizan”ı ilə 1:1 hesabı ilə nəticələnən qarşılaşmasını da idarə etmişdi. Həmin vaxt polşalı ikisi bakılılar olmaqla, 3 sarı vərəqə göstərməkdən başqa heç nə ilə yadda qalmamışdı.

“Qarabağ”ın oyununda UEFA-nın üçüncü kateqoriyasından olan hakimə həmyerliləri Pyotr Sadçuk, Konrad Sapela və Hubert Siyejeviç kömək edəcək. Ədalət təmsilçilərinin işinə belaruslu hakim-inspektor Oleq Çikun quymət verəcək. Oyunun UEFA nümayəndəsi isə çexiyalı Rudolf Repkadır.
0