“...azərbaycanlı hakimlər qərəzli və səviyyəsizdir”
31.07.2009 - 09:50
“...azərbaycanlı hakimlər qərəzli və səviyyəsizdir”
“Azərbaycanda insanların bir az fərqli xüsusiyyətləri var. Heç slavyanlara bənzəmirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun sabiq məşqçisi Andrey Kuptsov deyib.

Son iki mövsümdə komandanın o vaxtkı baş məşqçisi Valentin Xodukinin köməkçisi işləyən ukraynalı çalışdırıcı vətənində müsahibə verib. O, ölkəmizdəki fəaliyyəti və “İnter”dəki işinin özəlliklərindən danışıb: “Azərbaycanlı futbolçularla işləmək çox çətindir. Onlar tez inciyən olur və bəzən deyilən iradları pislik kimi qəbul edirlər. Hərçənd, bu ümumi işin xətrinə edilir. Tez-tez özlərinə qapanmaları da diqqət çəkir. Buna görə də legionerlərlə işləmək daha asan idi”.

Kuptsov “İnter”dən ayrılmasının səbəblərini də açıqlayıb: “Biz qarşımıza qoyulan vəzifənin öhdəsindən gəlsək də, xidmətlərimizdən imtina etdilər. Belə vəziyyətdə şərh vermək çətindir. Rəhbərlik bilən məsləhətdir. Yəqin ki, özümüz ötən il çempion olmaqla, bu həddi qaldırmışdıq. Artıq rəhbərlik gümüşü də uğur kimi qiymətləndirmirdi. Yeri gəlmişkən, 6-7 komandanın gərgin mübarizəsində biz çempiondan 1 xal geri qaldıq. Sadəcə, bəxtimiz gətirmədi. Kubokun finalında da uduzduq. Çempionat və kubokun qalibi olan “Bakı” ilə “Qarabağ” avrokuboklarda nəyə qadir olduğunu göstərməkdədir”.

Ukraynalı mütəxəssis Azərbaycan hakimlərinin səviyyəsindən də narazıdır: “Açığı, çox istərdim ki, azərbaycanlı hakimlər oyunları daha yaxşı idarə etsinlər. Oradakı hakimliyin səviyyəsi arzulanan kimi deyil. Hətta Ukraynadan da aşağıdır. Lakin yaxşı referilər də var. Onların sayı 1-2 nəfərdir. Digərləri qərəzli və səviyyəsizdir”.

Azərbaycan və Ukrayna çempionatlarını müqayisə edən Kuptsov səviyyə fərqinin azalacağını düşünür: “Mən Azərbaycana gedəndə səviyyə tam başqa idi. O vaxt legionerlərə limit qoyulmuşdu. Bu limit götürüldükdə isə klubların və çempionatın səviyyəsi artmağa başladı. O qədər yüksək səviyyəli olmasalar da, yerlilərdən üstün olan əcnəbilərin axını intriqanın da böyüməsinə səbəb oldu. Təbii ki, Ukrayna çempionatı ilə müqayisə etmək olmaz. Amma azərbaycanlılar bu tempdə davam edərsə, çempionatın səviyyəsi artacaq”.

Mənbə: ua-football.com
0