“Biz qızların da bu idman növünə cəlb edilməsini istəyirik” - MÜSAHİBƏ
14.08.2009 - 11:56
“Biz qızların da bu idman növünə cəlb edilməsini istəyirik” - MÜSAHİBƏ
Azərbaycanda səfərdə olan Danimarkanın Açıq Əyləncəli Futbol Məktəblərinin nümayəndəsi Henninq Kurland AFFA-nın rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, qonaq bir sıra maraqlı məqamlara toxunub.

- Sumqayıtda Açıq Əyləncəli Futbol Məktəblərinin açılış mərasimində iştirak etmisiniz. Bu tədbir barədə fikirlərinizi bilmək istərdik.
- İkinci dəfədir ki, burada iştirak edirdim. Uşaqların istəyi və dərslərin gedişi çox xoşuma gəldi. Biz qızların da bu idman növünə daha çox cəlb edilməsini istəyirik. Təəssüf ki, sizin ölkənizdə bu problem var. İstərdik ki, Azərbaycanda Açıq Əyləncəli Futbol Məktəblərinə gələnlərin, heç olmasa, 30 faizi qızlar olsun.

- Ölkəmizə ilk səfərinizlə müqayisədə hansı fərqi hiss etdiniz?
- İlk gəlişimdə də burada gördüklərimdən razı qalmışdım. Hər kəs işinə tam ciddi yanaşır. Məni razı salan əsas məqam uşaqların gözündə olan sevincdir. Ötən dəfəki kimi, yenə də Açıq Əyləncəli Futbol Məktəblərində Valideynlər Komitəsinin üzvləri ilə görüşdüm.

- Bu komitənin işi nədən ibarətdir?
- Onlar əsasən təşkilati işlərlə məşğuldurlar. Kimi uşaqları məktəblərə gətirir, kimi təchizat işləri ilə məşğul olur.

- Açıq Əyləncəli Futbol Məktəblərinin fəaliyyət göstərdiyi ölkələr arasında Azərbaycanın mövqeyi necədir?
- Konkret yer demək mümkün deyil. Ancaq ən yüksək yerlərdən birini tutduğunuzu deyə bilərəm. Çünki burada Açıq Əyləncəli Futbol Məktəblərinə maraq çox böyükdür.

- Açıq Əyləncəli Futbol Məktəblərində fəaliyyət göstərən müəllimlərin, təlimatçıların səviyyəsi sizi qane edirmi?
- Bəli. Onlar işlərinə çox ciddi yanaşırlar. Seminarlarda əlini qoynuna qoyub oturan olmur. Hamı nəsə öyrənməyə çalışır. Bu da bizim işimizi xeyli asanlaşdırır. Ona görə də sizdə diqqət yetirdiyimiz insanlar çoxdur. Misal üçün, 4 qız məşqçidən ikisi artıq gələn il özləri məşqçilərə dərs keçəcəklər.

- Gələcəkdə Açıq Əyləncəli Futbol Məktəblərinin başqa ölkələrdə də açılması nəzərdə tutulurmu?
- Belə bir fikir var. Məsələn, Ukraynada da fəaliyyət göstərməyi nəzərdə tutmuşuq. Bunun üçün isə maliyyə vəsaiti lazımdır.
0