AFFA legioner limitini dəyişdi!
14.08.2009 - 13:18
AFFA legioner limitini dəyişdi!
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, komitə üzvləri gündəlikdə duran məsələləri iki saatdan çox müzakirə ediblər. Nəticədə bir sıra qərarlar qəbul olunub. Bunlardan ən mühümü legioner futbolçularla bağlı çıxarılan qərardır. Belə ki, 2010/11 mövsümündən etibarən Premyer Liqada əcnəbilərə məhdudiyyət qoyulacaq. Daha doğrusu, bir klub oyun zamanı start heyətdə maksimum 8 əcnəbi futbolçunun xidmətindən yararlana bilər. Limit “8+3” sisteminə uyğun müəyyənləşdirilib. Bundan başqa, I divizionda birinci və ikinci yeri tutan klublara pul mükafatlarının verilməsi barədə qərar çıxarılıb.

AFFA İcraiyyə Komitəsində qəbul olunan qərarlar:

1.
15 yaşadək (1995-96-cı il təvəllüdlü) futbolçulardan ibarət komandalar arasında ölkə çempionatı keçirilsin, bu məqsədlə AFFA-nın U-15 liqası yaradılsın və I, II, III yeri tutan komandalar üçün mükafat fondu təsis edilsin.
2. 13 yaşadək (1997-98-ci il təvəllüdlü) futbolçulardan ibarət komandalar arasında ölkə çempionatı keçirilsin, bu məqsədlə AFFA-nın U-13 liqası yaradılsın və I, II, III yeri tutan komandalar üçün mükafat fondu təsis edilsin.
3. AFFA-nın tələbə liqası yaradılsın.
4. Legioner limiti 2010/11 mövsümündən başlayaraq, 8 (legioner futbolçu) + 3 (yerli futbolçu) sistemi ilə tətbiq olunsun.
5. 2010/11 mövsümündən başlayaraq, I divizionda I yeri tutan komanda 100 min, II yeri tutan komanda 70 min manat məbləğində mükafatlandırılsın.
6. AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elxan Məmmədovun UEFA-nın və AFFA-nın daxili çempionatla bağlı Lisenziyalaşdırma hesabatı dinlənildi və «Standard» klubuna müvafiq sənədləri təqdim etmək üçün 10 sentyabr 2009-cu il tarixinə qədər vaxt verildi.
7. 16 yaşadək futbolçu çıxış etdiyi klubu və ya futbol məktəbini dəyişərsə, həmin uşağın məşqçisinə minimum 1000 manat məbləğində təzminat ödənilməlidir.
8. Tofiq Fətullayev və Yaşar Şamilova AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq təqaüd verilsin.
0