“Bakı” klubunun əvəzedici heyətində 100 min dollarlıq futbolçu
14.08.2009 - 13:43
“Bakı” klubunun əvəzedici heyətində 100 min dollarlıq futbolçu
“Bakı” klubunun əvəzedici heyətinin futbolçusu Ndayisaba Floribertin transfer qiyməti açıqlanıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin koordinatoru Akif Özakyol Türkiyə mətbuatına müsahibəsində 19 yaşlı oyunçunun 100 min dollara satıldığını bildirib.

Özakyol vurğulayıb ki, Burundi milli komandasının müdafiəçisini Türkiyənin “Kocaelispor” klubu bəyənməyib: “Floriberti “Kocaelispor”un prezidenti Serkan Gürkana təklif etdim. Onu başa salmağa çalışdım ki, bir il sonra afrikalının dəyəri 1 milyon dolları keçəcək. İndi isə onu transfer etməyin xərci cəmi 100 min dollardır”.

“Bakı” rəsmisi izmitlilərin belə bir oyunçudan imtina etməsini anlaşılmazlıqla qarşılayıb: “Sonradan eşitdim ki, Floribert “Kocaelispor”a lazım olmayıb. Belə qərarın verilməsi məni heyrətləndirdi. Klub çox qiymətli bir futbolçunu əldən qaçırdı”.

Qeyd edək ki, Ndayisaba Nazim Süleymanovun rəhbərliyi altında ötən mövsümü “Bakı”da keçirib. Çempionat başa çatdıqdan sonra paytaxt klubu onu transferə çıxarıb.
0