“Bu, tələsik qərardır, limitin tətbiqi klubları çatışmazlıqla üz-üzə qoya bilər”
14.08.2009 - 14:58
“Bu, tələsik qərardır, limitin tətbiqi klubları çatışmazlıqla üz-üzə qoya bilər”
“Əgər legioner limitinin tətbiq olunması AFFA rəhbərliyi tərəfindən məqsədəuyğun sayılıbsa, deməli, bu düzgün addımdır. Biz klublar bu qərara hörmətlə yanaşmalıyıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib.

AFFA İcraiyyə Komitəsinin legionerlərə tətbiq etdiyi “8+3” limitə münasibət bildirən Nikolov bildirib ki, bunu tələsik qərar adlandırıb: “Ümumiyyətlə, limitin olması müsbət haldır. Hər halda, FİFA prezidenti Yozef Blatter də Avropada “6+5” sisteminin tətbiq edilməsinə çalışır. Əgər AFFA FİFA ilə paralel addımlamaq istəsəydi, onda “6+5” sistemini qəbul edərdi. Lakin assosiasiya fərqli qərar verib. Məncə, bu, bir az tələsik qərardır. AFFA ya “6+5”ə üstünlük verməli idi, ya da heç nəyi dəyişməyib, bir az gözləməli idi. Axı, elə ola bilər ki, bir ildən sonra hamı “6+5”ə keçsin. Onda bizdə yenidən limit dəyişməli olacaq”.

“İnter”in rəhbəri AFFA-nın qərarının uzun müddət qüvvədə qalmasını istəyir: “Əsas məsələ odur ki, AFFA hansısa qərarını hər il dəyişməsin. Yəni, qəbul edilmiş qərardan sonra müəyyən vaxt gözləmək lazımdır ki, nəticəsi görünsün. Bu elə legioner limitinə də aiddir. Futbolun inkişafına bilavasitə təsir edən məsələlərdə tez-tez dəyişiklik etmək heç də yaxşı hal deyil”.

Həmçinin, Nikolov ölkəmizdə səviyyəli futbolçunun azlığından şikayətlənib: “Təbii ki, Azərbaycanda səviyyəli yerli oyunçular azdır. Limitin tətbiqi klubları çatışmazlıqla üz-üzə qoya bilər. Lakin elə biz klubların işidir ki, əvəzedici və yeniyetmə komandalara diqqəti artırıb yerli istedadları çıxaraq. Bu yolla limit tətbiq olunduğu vaxt yerli futbolçu qıtlığından əziyyət çəkmərik”.
0