Zeynal Məmmədov: Özbaşınalıq deyil ki... - MÜSAHİBƏ
15.08.2009 - 00:45
Zeynal Məmmədov: Özbaşınalıq deyil ki... - MÜSAHİBƏ
“Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədovun müsahibəsi

- Öncə braziliyalı hücumçu Jabanın transferi barədə danışardız...
- Jabanı çoxdan istəyirdik. Ötən çempionat qurtarandan onun adı transfer siyahımızda olub. Braziliyalı hücumçunun səviyyəsi barədə artıq danışmağa ehtiyac yoxdur. Dörd-beş ildir Superliqada oynayır. Ötən mövsüm 32 oyunda 11 qol vurub. Jabanı 5-6 klub istəyirdi. "Diyarbəkirspor", "Antalyaspor", "Ankaraspor" və başqaları. Onun özü isə daha iddialı klubların birinə keçmək istəyirdi. "Ankaragücü" də saxlamaq istəyirdi, mən bilənə görə, baş məşqçi Hikmət Karamanla aralarında fikir ayrılığı olub. Buna görə "Ankaragücü"nü tərk edib. "Bakı"nın Avroliqada oynaması Jabanın seçiminə təsir göstərib. O, çoxdandır belə yarışlarda özünü göstərmək istəyir. Danışıqlar tezləşsəydi, onu Çempionlar Liqası başlamamışdan öncə heyətə qatardıq. "Bazel" oyunu öncəsi belə transfer lazım idi. Komandadan beş nəfər gedib. Hücum xəttində boşluqlar əmələ gəlib. Batista "Karpatı"ya qayıtdı. Feliks zədəlidir, üstəlik, gələn oyunda cəzalı duruma düşdüyü üçün meydana çıxmayacaq. Əhməd Ticani anasının ölümünü bəhanə gətirərək, aradan çıxıb. Suari də iki aydır yoxa çıxıb.

- Jaba "Bakı"ya keçmək üçün niyə bu qədər gözlədi?
- İndi də ona Türkiyədən xeyli təklif var. Başqa ölkələrdən dəvət aldığını bilirik. Jaba Superliqanı Avroliqaya görə tərk etdi.

- Müqavilənin maliyyə tərəfləri tam razılaşdırılıb?
- Bura gəlib çıxıbsa, demək ki, maliyyə məsələləri yoluna qoyulub. Bütün detallar xırdalıqlarına kimi bəllidir.

- Anlaşmanın müddəti nə qədərdir?
- 1+1. İlk ildə özünü göstərsə, müqavilə şərtlərinə yenidən baxılacaq.

- "Bazel"ə qarşı forma geyinəcək?
- Adını iştirak ərizəsinə salmağa çalışacağıq.

- Onun keçidində klubunuzun vitse-prezidenti Tunc Afşarın rolu oldumu?
- Tunc bəy Türkiyədə bu işin üstünə düşdü. Jabanın meneceriylə yaxın münasibətləri transferin alınmasında bizə yaxından kömək elədi.

- Sirr deyilsə, futbolçu Azərbaycanda Türkiyədə aldığından az, yoxsa çox qazanacaq?
- Burda sirr nə var ki? Jaba Azərbaycan reallığına görə heç də az pul almayacaq. Batistadan bahadır. Amma braziliyalı burda Türkiyədəkindən az qazanacaq. Superliqaya yeni çıxan "Manisaspor" və "Diyarbəkirspor" ona daha yüksək maddi şərtlər təklif eləmişdilər.

- Ticani və Suari komandanı çətin vəziyyətdə qoydu. Onlarla bağlı nə kimi ölçü götürəcəksiz?
- Ticani bir aya yaxındır Nigeriyadadır. Gedəndə bizdən bir həftə vaxt istəmişdi, sonra yenə xahiş eləmişdi ki, 2-3 gün də qalım. Odur-budur, gəlib çıxmayıb. Nə telefonuna zəng çatır, nə də özü zəng vurur. Nə vaxt gələcəyini də bilmirik. Mütləq onu cəzalandıracağıq.

- Getmək istəsə, buraxacaqsız?
- Müqaviləsi var. Özbaşınalıq deyil ki, hərə öz istədiyini eləsin. Ticani komandanı pis vəziyyətdə qoydu. Vaxtında gəlsəydi, bizə "Levski" oyunlarında kömək edərdi. İndi əsas heyətə düşməsi çətindir. Bir ay burda olmayıb, təlim-məşq toplanışlarında iştirak etməyib, meydana çıxmayıb - bunlar hamısı şərtdir.

- Bəs Suari?
- O, başımıza oyun açdı. Mayda gedəndə hələ cibinə pul da basdım ki, narazılığı olmasın. Dubaya getmək istəyirdi, amma sənədi bizdədir. Xəbər göndərib ki, indi qayıtmaq istəyirəm. Mən də biletini almışam, bir-iki günə burda olmalıdır. Qoy gəlsin, çox ciddi söhbətimiz olacaq. Səbəbini soruşacam. Oynaması sonranın söhbətidir. Altı ay transfer vərəqəsi gəlmədi, biz Suariyə pul ödədik. Dedik, yaxşı deyil, ailəsi var. Amma o da bizi başa düşməli idi.

- Jabadan sonra yeni transfer gözlənilir?
- Olacaq. Türkiyədən daha 5-6 nəfəri təklif ediblər. İndi iki rumın baxışdadır. Oprita və Pank. Onlar Sloveniyada keçirilən təlim-məşq toplanışında iştirak ediblər. Səviyyələrini görmüşük, bizə köməkləri dəyəcək. Bilirsiz, biz elə-belə futbolçular götürmürük. İkisi ilə də müqavilə bağlamaq istəyirik. Bir illik. Oprita hücum xəttini gücləndirəcək və rəqabəti artıracaq. İstəyirik ki, onun da adını UEFA-ya göndərək. Panku da uzun illər güclü klubların şərəfini qoruyub.

- Dörd matçda 6 qol buraxan müdafiə xəttində dəyişikliklər labüddür?
- Mənə də elə gəlir. Barboza və Bates yeni gəlib, komandaya hələ tam uyğunlaşmayıblar. Müdafiədəki səhvləri tezliklə düzəltməliyik.

- Qyoko Hacıyevski ilə bu barədə söhbətiniz olub?
- Bəli, Bolqarıstandan gələndən sonra komandanı hərtərəfli müzakirə etmişik. Səhvlərimizi bilirik. "Levski"yə məğlubiyyətin səbəblərini aydınlaşdırmışıq. Əsas heyətdə dəyişikliklər olmalıdır. Hərə öz məsuliyyətini başa düşməlidir. Gələn həftə "Bazel"lə oynayacağıq. "Bazel" səviyyəcə heç də "Levski"dən geri qalmır. Məqsədimizi demişik, Avroliqanın qrup mərhələsinə düşmək istəyirik. Bunun üçün komandaya hər cür şərait yaratmışıq. Hələ heç bir Azərbaycan klubu qrupa çıxmayıb. Allah eləsin, "Qarabağ" da, biz də bu vəzifənin öhdəsindən gələk. Futbolumuz üçün böyük uğur olardı bu.

- İsveçrədə keçirilən püşkatma mərasimini işıqlandıran "Evrosport"un əməkdaşları sizi görüntüyə alıb. Aparıcı bildirib ki, "Bazel"in adı püşkdən çıxan kimi məyus olmusuz.
- Rəqiblərimiz arasında çox güclü komandalar vardı. "Latsio", "Tuluza", "Eyndhoven" və s. Beş namizəd arasında ən yaxşı variant "Bazel" idi. "Partizan"la düşməmək yaxşı oldu. Serblərin çox güclü komandası və azarkeşləri var. Hər halda, Serbiyadansa, İsveçrəyə getmək daha yaxşı idi. Mən məyus deyildim. Sözün düzü, ürəyimə dammışdı ki, "Bazel"lə düşəcəyik. Püşkdə ən axıra biz ikimiz qaldıq. Sevincimi büruzə verməmək üçün özümü güclə saxlayırdım. Bircə ondan narahat idim ki, birinci kimin adı torbadan çıxacaq. İstəyirdim, səfərə gedək. Hər halda, ilk oyunu İsveçrədə keçirmək daha yaxşı idi ki, Bakıda işimiz bir qədər asan olsun. Əksi oldu. Neyləyək, "Qarabağ"ı da başa düşməliyik. Hər ikimiz ev oyunlarını "Tofiq Bəhramov"da keçiririk.

- "Bazel" rəhbərliyi püşkü, doğrudan da, gülüşlə qarşılayıb?
- Görmədim. Mərasimdən sonra onlarla da, "Tvente"nin nümayəndələri ilə də görüşdüm. Təşkilati işlər barədə danışdıq. "Tvente"yə "Qarabağ" rəhbərliyinin əlaqə nömrələrini verdim. "Bazel"in nümayəndəsi isə bu günlərdə Bakıda idi. Gəlib, stadion, otel və digər təşkilati məsələlərlə tanış oldu. İşinin asan olması üçün biz də köməyimizi əsirgəmədik. Bu gün də iki klub arasında yazışmalar gedir.

- Komanda "Levski"yə məğlubiyyətin şokundan ayrılıb?
- Sofiyada heç gözləmədiyim nəticə qeydə alındı. "Bakı" ən zəif oyunlarından birini keçirdi. Əlbəttə, müəyyən səhvlər buraxmışıq. Bütün oyunu müdafiədə keçirdik. "Levski"yə imkan verdik ki, rahat oynasınlar. Bəzi futbolçular öz səviyyələrindən qat-qat aşağı təsir bağışladılar. Bunda hakimin də rolu oldu. İlk beş dəqiqədə bizə iki sarı vərəqə göstərdi. Feliksə şifahi xəbərdarlıq etmək olardı. Skuliçi niyə cəzalandırması indinin özündə də mənə çatmır. Fernando Peresi vurub əzirlər, isveçli hakim rəqibə vərəqə göstərmir. Kimlər ki, oyunu ortada aparmalıydı, onlar üzərlərinə düşəni eləmədi. Fabio Luis Ramim və Georgi Adamiyanın oyunu getmir. Hər ikisi ondan gözlədiyimizi vermir. Peres də sıradan çıxandan sonra yarımmüdafiə xətti gücdən düşdü.

- Fabio Luis Ramim son vaxtlar qətiyyən özünə bənzəmir. Bizə görə, o, "Bakı"da candərdi oynayır.
- Fabionu mən də tanıya bilmirəm. Sofiyada oyunu korladı. Aleksandr Soliç onun yerinə də qaçırdı, tez-tez sol cinahı boş buraxıb, mərkəzə çəkilirdi. Fabio öz üzərinə düşəni etsəydi, Soliçə də elə əziyyət düşməzdi. Özüylə bir də söhbətim olacaq.

- Hacıyevski Ramimin oynamadığını görürsə, niyə ona bu qədər etimad göstərir?
- O, "Levski" ilə birinci oyunda meydana sonradan girib, yaxşı təsir bağışladı. Hacıyevski də fikirləşdi ki, yəqin, Sofiyada da elə oynayar.
0