Premyer Liqada yubilyar kim oldu: Alispahiç, yoxsa İvanauskas?
15.08.2009 - 10:52
Premyer Liqada yubilyar kim oldu: Alispahiç, yoxsa İvanauskas?
Azərbaycan Premyer Liqasının I turunun ilk oyununda iki əcnəbi mütəxəssisin milli çempionatda debütü rəsmiləşib. Apasport.az saytının məlumatına görə, bosniyalı Kamal Alispahiçin çalışdırdığı “Muğan” litvalı Valdas İvanauskasın rəhbərlik etdiyi “Standard”ı minimal hesabla məğlub edib. Lakin Salyandakı qarşılaşma əcnəbi məşqçilərdən kimin yubilyar olduğunu müəyyənləşdirməyə imkan verməyib. İndiyədək Azərbaycan Premyer Liqasında 23 legioner məşqçi komandasını meydana çıxarmışdı. Alispahiç və İvanauskas isə bu siyahıda 24-25-ci mütəxəssis olublar. Onların eyni zamanda debüt etmələri yubilyarı ayırd etməyi müşkülə çevirib.

Premyer Liqa tarixinin 25 əcnəbi məşqçisindən 7-si Ukrayna, 6-sı Türkiyə, 2-si Serbiya, 2-si Gürcüstanı təmsil edib. Litva və Bosniya və Herseqovina ilk məşqçisini ölkəmizə ezam etməklə, Almaniya, Çexiya, Fransa, Moldova, Makedoniya və Xorvatiya ilə eyni sırada yer alıb.

“Muğan” tarixində ilk dəfə əcnəbiyə güvənməklə, bu addımı atan 14-cü komanda oldu. “Gənclərbirliyi”, “Neftçi”, “Xəzər-Lənkəran”, “Standard” və “İnter”in Premyer Liqa tarixində 3 legioner məşqçi meydana çıxarıb. “İnter” bu gün birinci çempionat matçına çıxaracaq Kaxaber Sxadadze isə rekord vuracaq. Bununla da, “İnter” 4 xaricinin baş məşqçi olduğu yeganə klub çevriləcək.

Vaxtilə “Standard”a rəhbərlik etmiş Sxadadze Rasim Karadan sonra iki klubumuzu çalışdırmış ikinci əcnəbi olacaq. Türkiyəli “Xəzər-Lənkəran”la “Qarabağ”da buna nail olub. “Turan” və “Olimpik” 2, “Masallı”, “Qarabağ”, “Simurq”, “Bakı”, “Karvan”, “MKT-Araz”, “Muğan” Premyer Liqada bir gəlmə baş məşqçiyə güvənib.

Premyer Liqa komandalarında işləmiş 25 əcnəbi çalışdırıcıdan ikisi baş məşqçi əvəzi kimi bu funksiyanı yerinə yetirib.
0