Rəşad Sadıqov Adnan Yamana “atıb”
15.08.2009 - 12:54
Rəşad Sadıqov Adnan Yamana “atıb”
Türkiyənin “Kocaelispor” klubunun Transfer Komitəsinin sədri Adnan Yamanın apasport.az saytına müsahibəsi.

- Ötən mövsümün ikinci dövrəsində sizin klubunuzda oynayan Rəşad Sadıqovun “Kocaelispor”la müqaviləni uzada bilməməsinə səbəb nə oldu?
- Sadıqovun məsələsi artıq bitib. Onun keçidi ilə bağlı hər şey həll olunub. Gələn həftə keçiriləcək klubun konqresini gözləyirik. Bundan sonra, Rəşad gəlib komandamızdakı çıxışını davam etdirəcək.

- Siz buna əminsiniz?
- Bəli. Azərbaycan - Almaniya matçını izləmək üçün Bakıya gəlmişdim. Orada Rəşadla danışıb, hər şeyi razılaşdırdıq. O, artıq bizim oyunçudur. Yalnız əldə etdiyimiz anlaşmanı rəsmiləşdirmək qalır. Buna da çətin ki, hər hansı bir əngəl olsun.

- Deyəsən, Sadıqovun “Qarabağ” klubu ilə bir illik müqavilə bağlamağından xəbəriniz yoxdur? O, artıq rəsmən Ağdam klubunun futbolçusu sayılır.
- Bunu ilk dəfədir, sizdən eşidirəm. Nə vaxt müqavilə bağlayıb?

- Dünən.
- Bəs niyə Rəşad bu haqda mənə heç nə deməyib? Ən azı, məni xəbərdar edə bilərdi.

- Onun bu addımını necə qiymətləndirirsiniz?
- Bu, Sadıqovun öz qərarıdır və biz buna çox hörmətlə yanaşırıq. Təbii ki, onun bizə söz verməsindən sonra belə addım atması gözlənilməzdir. Bizə bununla bağlı nəsə desəydi, işimizi bilərdik. Mən Rəşadın dalınca, heç Bakıya da gəlməzdim. Bütün bunlara baxmayaraq, Rəşada yalnız bir söz deyə bilərəm: xeyirli-uğurlu olsun! O da bizim öz övladımızdır. Ona harada yaxşıdırsa, orada da oynasın. Sizdən bir söz soruşmaq istəyirəm.

- Buyurun.
- “Qarabağ” Sadıqova nə qədər pul verib?

- Bilirsiniz, Azərbaycanda klublar transfer məbləğlərini açıqlamırlar.
- Eybi yox, transfer məbləğini mən açıqlayaram. Onsuz da Rəşad Türkiyəyə gəlməyəcək. Yəqin ki, Sadıqovla razılaşdırdığımız məbləğ sonradan onu qane etməyib. Buna görə də indi mənim də həmin qiyməti açıqlamağıma problem yoxdur...

- Maraqlıdır, siz onun transferi üçün nə qədər pul verməyə razı idiniz?
- Biz ona ildə 300 min dollar verməyə boyun olmuşduq. Rəşad da razılaşmışdı. Üstəlik aşağı dəstədə çempion olacağımız təqdirdə, ona 35 min dollar mükafat da verəcəkdik. Yəni, 1 ilə 335 min dollar qazana bilərdi.

- Rəşad bu məbləğin müqabilində “Kocaelispor”da oynamağa razı idi?
- Bəli. Hər şey razılaşdırılmışdı. Təkcə müqaviləyə imza atmaq qalırdı. Amma mənə zəng etsəydi, daha düzgün olardı. İstənilən halda Rəşada mənim salamlarımı və xeyir-duamı çatdırın.
0