“Biz heç bir komandadan qorxmuruq” - MÜSAHİBƏ
17.08.2009 - 11:14
“Biz heç bir komandadan qorxmuruq” - MÜSAHİBƏ
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Oliver Pelzer AFFA-nın rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Belarusda keçirilən təlim-məşq toplanışı, həmçinin Litvanın Palanqa şəhərində təşkil olunacaq beynəlxalq turnirə hazırlıq barədə fikirlərini bildirib.

- Əvvəlcə, təlim-məşq toplanışı çərçivəsində Minsk “Dinamo”su ilə keçirdiyiniz son oyun barədə fikirlərinizi öyrənmək istərdik.
- Rəqibimiz çox güclü komanda idi. “Dinamo”nun gənclər də əsas komandasının tətbiq etdiyi sistem üzrə oynayır. Ona görə də bizə asan olmayacağını bilirdik. İlk hissəyə yaxşı başladıq. Hücum edir və qol vəziyyətləri yaradırdıq. Oyunun əvvəlində hesabı açmaq üçün 5-6 imkanımız olsa da, dəyərləndirə bilmədik. Düzdür, belarusluların da qol vurmaq üçün şansları oldu. Hər halda, hesabı biz açdıq. Bundan sonra üstünlüyü ələ aldıq. Fasiləyə qədər hesab arasındakı fərqi daha da artıra bilərdik. İkinci hissənin əvvəlində uşaqlar oyuna nəzarəti bir qədər itirdilər. Bu ərəfədə 1-2 şansımız olsa da, istifadə edə bilmədik. Yetirmələrim həmin dəqiqələrdə sanki özləri üçün oynayırdılar. Məhz bundan yararlanan rəqib hücumlar təşkil etməyə başladı. Hər halda, uşaqlar tezliklə özlərinə gəldilər. Nəticədə daha iki qol vuraraq, hesab arasındakı fərqi 3 topa çatdırdıq. Bundan sonra qarşılaşmada tam üstünlüyə yiyələndik. Yenə 3-4 dəfə fərqlənə bilərdik. Amma 3:0-dan sonra oyuna nəzarəti tam saxlamaq heç də həmişə mümkün olmur. Nəticədə bir qol buraxdıq. Bununla belə, qələbə qazana bildik.

- Deyirsiniz ki, matç ərzində futbolçular bir neçə dəfə oyuna nəzarəti itirdilər. Bunun səbəbi nə idi?
- Uşaqların 15-16 yaşı var. Bu amili nəzərə almaq gərəkdir. Digər tərəfdən, İngiltərə Premyer Liqasında və Almaniya Bundesliqasında belə, komandalar 90 dəqiqə eyni cür çıxış edə bilmirlər. Düşünürəm ki, buna təbii yanaşmaq lazımdır.

- Bu toplanış zamanı komandada hansı problemləri aşkar etdiniz?
- Əgər iş varsa, orada problem də olmalıdır. Müdafiə xəttində müəyyən çatışmazlıqlar mövcuddur. Təbii ki, oyunçular nə qədər az səhv edərsə, işlər bir o qədər yaxşı gedər. Ümumiyyətlə, hər bir futbolçu qarşılaşmaya yüz faiz hazır olmalıdır. Minskdəki toplanışda ağır məşqlərimiz oldu və üstəlik, Belarus yığması ilə də qarşılaşdıq. Bunun nəticəsi də özünü göstərir. Futbolçularda yorğunluq hiss olunur.

- Ümumiyyətlə, hazırlıq prosesi sizi qane etdimi?
- Toplanış yaxşı keçdi. Belarus paytaxtında hazırlaşdığımız dövrdə bir çox planlarımızı gerçəkləşdirdik. İki yoxlama görüşü keçirdik və bu oyunlarda qələbə qazandıq. Bu da müsbət nəticədir. Onu da qeyd edim ki, biz plan üzrə işləyirik. Almaniyadakı toplanışın davamı burada oldu. Qarşıdan gələn Palanqa turnirinin özü də Avropa çempionatının seçmə mərhələsinə hazırlığın bir hissəsi olacaq.

- Palanqadan söz düşmüşkən, turnirə tam hazır olduğunuzu demək olarmı?
- Təbii ki, uşaqlar yarışa tam hazırdırlar. Təlim-məşq toplanışı da bunu deməyə imkan verir. Lakin yuxarıda qeyd etdiyim kimi, əsas məsələ seçmə oyunlara tam hazır olmaqdır.

- Turnirdəki rəqibləriniz barədə məlumatınız varmı?
- Ukraynanın güclü komanda olduğunu bir daha deməyə, məncə, ehtiyac yoxdur. Litva yığması da pis komanda deyil. Onların meydan sahibi olması da vacib məqamdır. Bu o deməkdir ki, litvalıların əlavə üstünlüyü olacaq. Özünüz də bilirsiniz ki, meydan sahiblərinə qarşı oynamaq çox çətindir. İstənilən halda, biz heç bir komandadan qorxmuruq və bütün oyunlarda meydanda mübarizə aparacağıq.

- Təqvim elə qurulub ki, ilk turda istirahət edirsiniz. Həmin vaxt qrupdakı rəqiblərimiz Litva ilə Ukrayna qarşılaşır...
- Bu oyunu mütləq izləyəcəyəm. Məhz ondan sonra hər rəqibə qarşı hansı taktikadan istifadə edəcəyimi müəyyənləşdirəcəyəm. Düşünürəm ki, bu amil bizim xeyrimizə işləyəcək.

- Turnirdə qarşınıza hansı məqsəd qoyulub?
- Belə yarışlarda hansı nəticəni qazanmağın mümkünlüyünu əvvəlcədən demək çətindir. Burada istənilən nəticə qeydə alına bilər. Lakin biz birinci yeri tutmaq üçün oynayacağıq. Turnirə gediriksə, deməli, qalib gəlmək istəyirik.

- Avropa çempionatının seçmə mərhələsində rəqiblərimiz İngiltərə, Serbiya və Qazaxıstan yığmalarıdır. Bu komandalar haqqında hansısa məlumata maliksinizmi?

- Qazaxıstanın oyununa baxmışam. Serbiyanın İngiltərəni 3:0 hesabı ilə məğlub etməsindən də xəbərim var. Sadəcə, bilmirəm ki, qarşımıza məhz bu komandalar çıxacaq, yoxsa tam yeni bir heyətlə qarşılaşacağıq. Çox istərdim ki, bu komandaların oyunlarını canlı izləyim. Bu mümkün olmasa, rəqiblərin oyunlarının videoyazısına da baxmaq olar. Bütün diqqətimizi seçmə oyunlarda uğur qazanmağa yönəltmişik. İnanıram ki, bu arzumuzu gerçəkləşdirə biləcəyik.
0