UEFA Azərbaycana auditor göndərir
17.08.2009 - 15:16
UEFA Azərbaycana auditor göndərir
Avropa Liqasının dördüncü təsnifat mərhələsində keçiriləcək “Bakı” - “Bazel” matçını idarə etmək üçün Jolt Sabo ikinci dəfə Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, 37 yaşlı FİFA hakimi 3 il əvvəl də Tofiq Bəhramov adına Respublika stadionunda fit çalıb. Belə ki, macarıstanlı ədalət təmsilçisi 2006-cı il sentyabrın 6-da baş tutan Azərbaycan - Qazaxıstan qarşılaşmasını idarə edib.

Həmin görüş də müəyyən mənada “Bakı” üçün uğurlu olub. Çünki yığmamızın yeganə qolunu o vaxt “Bakı”nın şərəfini qoruyan Andre Ladaqa vurmuşdu. Lakin milli komandamız qələbə hesabını qoruya bilmədiyindən, 1:1 hesabı ilə kifayətlənmişdi. Qırmızı vərəqə və penalti ilə bağlı qərar qəbul etməyən Sabo “Bakı”nı təmsil edən digər braziliyalı Leandro Qomeşə sarı vərəqə göstərib. Qomeş həmin matçda yığmamızda yeganə vərəqənin müəllifi olub. Macar referi bu görüşdə mübahisəli epizodda Qazaxıstanın qapısına penalti verməməklə, qonaqlara da kömək edib. Hətta oyundan sonra qazaxların müdafiəçisinin özü də jurnalistlərlə söhbətində qaydanı pozduğunu, lakin bəxtindən hakimin bunu görmədiyini söyləmişdi. Bu, Sabonun Azərbaycan komandaları ilə ilk tanışlığı olub.

İxtisasca auditor olan Sabo 1999-cu ildən FİFA dərəcəsini daşıyır. Macarıstanlı referi 2005/06 mövsümündə “Bazel”in oyununda da fit çalıb. Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu ilə görüşdə Sabo isveçrəlilərin 5:0 hesablı qələbəsini qeydə alıb. Üstəlik, “Bazel”in rəqibinə qırmızı vərəqə də göstərib. UEFA-nın hakimlər üçün ikinci kateqoriyasına daxil olan 37 yaşlı ədalət təmsilçisi 17, 19 və 21 yaşlılar arasında qitə birinciliklərinin final mərhələlərinə təyinat alıb.
0