Feliks Felipe Almeydanı vuran “Levski” komandasının müdafiəçisi həbs olunub
17.08.2009 - 17:08
Feliks Felipe Almeydanı vuran “Levski” komandasının müdafiəçisi həbs olunub
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Bakı” klubunu mübarizədən kənarlaşdıran Bolqarıstan “Levski”si xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Sofiya təmsilçisinin 24 yaşlı müdafiəçisi Yusuf Rabeh qalmaqal salaraq, klub rəsmilərini özündən çıxarıb.

Mərakeşli futbolçu “Bakı” ilə ölkəmizdə keçirilən ilk oyunda komandamızın hücumçusu Feliks Felipe Almeydanın üz nahiyəsinə təpik vurmuşdu. Müvazinətini saxlaya bilməyərək, yerə uzanan Almeyda həkimlərim köməyi sayəsində ölümdən dönmüşdü. Rabeh bu dəfə heç kimin sifətinə təpik vurmasa da, polis tərəfindən saxlanılıb. Buna onun artıq üçüncü dəfə içkili vəziyyətdə avtomobil idarə etməsi səbəb olub.

Futbolçunu polis məntəqəsinə aparıblar. Özü də Yusuf sənədi olmadan sükan arxasında əyləşibmiş. Ərəb futbolçu ilə nə etməli olduğunu bilməyən polislər “Levski”nin idman direktoru Georgi İvanovu da bölməyə çağırıb. Məsələdən xəbərdar olan klub rəsmisi müdafiəçi ilə bölmənin bir otağına çəkilərək düz 15 dəqiqə onu tənbeh edib. İvanov yalnız bundan sonra Rabehi məntəqədən aparmağa nail olub. İdman direktorunun futbolçuya dediyi bəzi ifadələr isə qonşu otaqdan da eşidilib: “Bu da sənə azdır! Nə vaxtadək “Levski”ni gülünc vəziyyətdə qoyacaqsan?”
0