Almaniya milli komandasının qapıçısı Azərbaycan yığması ilə oynamaqdan qorxur
17.08.2009 - 17:27
Almaniya milli komandasının qapıçısı Azərbaycan yığması ilə oynamaqdan qorxur
Almaniya milli komandasının qapıçısı Tim Vize sentyabrda keçiriləcək rəsmi matçlarda oynamaq istəmir. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu CAR-la yoldaşlıq görüşünü və Azərbaycan yığması ilə dünya çempionatının seçmə oyununu buraxmaq istəyir. Buna səbəb Bundestimə namizəd digər qapıçılar Robert Enke (“Hannover”) və Rene Adlerin (“Bayer”) qarşılaşmaların keçiriləcəyi iki şəhəri - Hannover və Leverkuzeni təmsil etməsidir.

“Həmin matçlarda meydana çıxsam, azarkeşlər 90 dəqiqə ərzində durmadan məni fitə basacaqlar. Çünki yığmadakı qapıçılar, mənim rəqiblərim Hannover və Leverkuzen şəhərinin təmsilçiləridir. Mən belə vəziyyət yaşamaq istəmirəm. Bu, bütün komandamıza mənfi təsirini göstərə bilər. Axı, alman azarkeşin alman futbolçunu fitə basması pis haldır. Mən məsələ ilə bağlı baş məşqçimiz Yoahim Lövlə də danışacağam” - deyə Vize vurğulayıb.

Qapıçının açıqlamasından sonra Lövün onu sentyabrın 9-da Azərbaycanla oyuna çağırmayacağı gözlənilir. Vize ötən həftə Bakıya gəlsə də, yığmamızla görüşdə ehtiyat oyunçular skamyasında qalmışdı.
0