“Qarabağ” klubunun futbolçuları üçün 3 oyunluq və 10 funtluq təsadüfi hakim
18.08.2009 - 12:20
“Qarabağ” klubunun futbolçuları üçün 3 oyunluq və 10 funtluq təsadüfi hakim
Avqustun 20-də Hollandiyada Avroliqanın dördüncü təsnifat mərhələsində keçiriləcək “Tvente” - “Qarabağ” oyununun hakimi Andre Mariner vətəni İngiltərəni bir-birinə qatıb. Apasport.az saytının məlumatına görə, bütün britaniyalıların sakit insan kimi tanıdıqları Marinerin bu ilin yanvarında FİFA dərəcəsi alması futbol ictimaiyyətini təəccübləndirib.

Onun FİFA referisinə çevrilməsi böyük müzakirələrə səbəb olub. Buna səbəb hakimin 37 yaşında olması idi. Bəzi ingilislər düşünürdülər ki, beynəlxalq oyun təcrübəsinə malik olmayan Mariner çox yaşlıdır. Hətta onun üçün “qırxında öyrənən, gorunda çalar” məsəlini də çəkirdilər. Andreyə FİFA dərəcəsi verilməsi iki amillə əlaqəli ola bilərdi: ya ölkədəki hakimlik məktəbinin zəifləməsi nəticəsində gənc ədalət təmsilçilərinin yoxluğu, ya da onun başıaşağı, doğru-dürüst olmasının İngiltərə Futbol Assosiasiyası tərəfindən mükafatlandırılması.

Marinerin hakimlik karyerasında ciddi bir hadisə yaşanmasa da, bu sənətə sırf təsadüf nəticəsində gəlib. Doğma şəhərində - Şeldonda keçirilən bütün matçlara yollanan və heç kimə azarkeşlik etməyən Andre 1992-ci ildə iki həvəskar komandanın qarşılaşmasına gedir. Lakin bu görüşün hakimi naməlum səbəbdən stadiona gəlib çıxmır. Vəziyyətin belə olduğunu görən 21 yaşlı Mariner təşkilatçılara yaxınlaşıb, matçı idarə edə biləcəyini deyir. Və bu işin öhdəsindən gəlir. Çəkdiyi əziyyətə görə ona 10 funt-sterlinq qonorar verirlər. Bundan sonra gənc oğlan hakim olacağını qətiləşdirərək, ölkə miqyaslı turnirlərə 13 il vaxt sərf edir. 2005-ci ildə İngiltərə çempionatında peyda olan Mariner müxtəlif liqalarda oyunları sıralayır və nəhayət, FİFA hakiminə çevrilir.

Üçüncü kateqoriyalı ingilis hakim indiyədək 3 beynəlxalq matçda fit çalıb. Bu görüşlərdə o, futbolçulara 3 dəfə qırmızı vərəqə göstərib. “Tvente” - “Qarabağ” oyunu Marinerin karyerasında sayca 4-cü olacaq.

Marinerin idarə etdiyi beynəlxalq matçlar:

U-19, elit mərhələ (Fransa)
20 may 2009-cu il. Norveç - Rumıniya - 1:1
23 may 2009-cu il. Fransa - Rumıniya - 3:0

Avroliqanın ikinci təsnifat mərhələsi
23 iyul 2009-cu il. “Uypeşt” (Macarıstan) - “Styaua” (Rumıniya) - 1:2
0