“Bazel” klubu “Bakı” ilə oyun günü də məşq edəcək
18.08.2009 - 13:08
“Bazel” klubu “Bakı” ilə oyun günü də məşq edəcək
Avropa Liqasının dördüncü təsnifat mərhələsində “Bakı” klubunun rəqibi İsveçrə “Bazel”inin ilk oyuna hazırlıq planı məlum olub. Apasport.az saytının məlumatına görə, bazellilər Bakıda keçirəcəkləri iki gün ərzində nə edəcəklərinə aydınlıq gətiriblər. Bu gün axşam saatlarında paytaxtımıza təşrif buyuracaq “Bazel” sabah səhər ilk məşqə çıxacaq. İsveçrə təmsilçisinin bu məşqinin saatı hələ dəqiqləşməyib. Sabah axşam oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda növbəti məşq baş tutacaq. Maraqlıdır ki, “Bazel” oyun günündə də məşq edəcək. İsveçrəlilər qarşılaşmadan 10 saat əvvəl, yəni avqustun 20-də saat 10:00-da son hazırlıqlarını keçəcəklər.

Qonaqlar “Bakı” ilə matçdan dərhal sonra İsveçrəyə qayıdacaqlar. Çünki “Bazel”i bazar günü İsveçrə çempionatında “Ksamaks”la oyun gözləyir. Buna görə də baş məşqçi Torsten Fink yetirmələrinə istirahət verməyəcək və ayın 21-də İsveçrəyə çatan kimi futbolçuları məşq etdirəcək.

Xatırladaq ki, “Bakı” - “Bazel” görüşü avqustun 20-də saat 20:00-da başlanacaq.
0