“İnter” ötən il “Rabotniçki” ilə oyun alqı-satqısına girib?
18.08.2009 - 15:54
“İnter” ötən il “Rabotniçki” ilə oyun alqı-satqısına girib?
Avropa Liqasının 2009/10 mövsümündə oyun alqı-satqısı ilə bağlı ilk qalmaqal qeydə alınıb. Apasport.az saytının məlumatına görə, UEFA bu dəfə də Makedoniya klubunun iştirakı ilə keçirilən qarşılaşmaların nəticələrindən şübhələnir. Avropa futbol qurumunun rəsmisi Herxard Kapel ötən ay oynanılmış “Milano” (Makedoniya) - “Slaven” (Xorvatiya) matçının nəticəsinin danışılmağa oxşadığını bildirib. Elə bu səbəbdən UEFA araşdırmala başlayıb.

Kapel alqı-satqının təsdiqlənəcəyi halda, makedoniyalıların 8 il müddətinə avrokuboklardan kənarlaşdırılacağını söyləyib. UEFA rəsmisi araşdırmaların təkcə bu matçla məhdudlaşmadığını vurğulayıb. Onun sözlərinə görə, daha iki Makedoniya komandasının adı “qara siyahı”ya düşüb. “Vardar”ın Kipr “Anartosis”inə hər iki oyunda 0:1 uduzmasından 2 il vaxt ötsə də, araşdırmalar davam edir.

Eyni zamanda, Makedoniyanın digər klubu “Rabotniçki” də şübhəli sayılır. Kapel Skopye təmsilçisinin son illərdə oyun satdığının ehtimal edildiyini bildirib. O, konkret hansı ildən və hansı oyundan şübhələndiyini açıqlamayıb. Bununla belə, UEFA tezliklə araşdırmalara başlayacaq.

Qeyd edək ki, 2008-ci ildə Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Rabotniçki” iki oyunun nəticəsinə görə Bakının “İnter” klubuna uduzmuşdu - 0:0; 1:1. Bu matçın danışılmış olub-olmadığı məlum deyil.
0