Fatih Terim Əmrə Belözoğlu ilə bağlı narazılığa aydınlıq gətirdi
19.08.2009 - 11:27
Fatih Terim Əmrə Belözoğlu ilə bağlı narazılığa aydınlıq gətirdi
Türkiyə yığmasının üzvü Əmrə Belözoğlunun avqustun 12-də səfərdə Ukrayna ilə yoldaşlıq görüşündə iştirak etməməsi birmənalı qarşılanmayıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi ukraynalılarla matça çağırılsa da, daha sonra zədəli olduğunu əsas gətirərək, heyətdən çıxarılmağa nail olmuşdu. Lakin “Fənərbaxça”nın da şərəfini qoruyan futbolçu milli komandanın oyunundan 3 gün sonra Türkiyə Superliqasında “Sivasspor”la matçın (3:0) qəhrəmanına çevrilmişdi. Həmçinin, Fransanın “Soşo” klubunda çıxış edən Mövlud Erdinc də Əmrə kimi, eyni üsula əl atmışdı.

Futbolçuların bu addımlarının pislənməsinə isə yığmanın baş məşqçisi Fatih Terim münasibət gətirib. Təcrübəli mütəxəssis hər iki oyunçuya şəxsən icazə verdiyini söyləyib: “Aranı qarışdırmaq üçün heç bir səbəb yoxdur. Onları riskə atmaq istəmədim. Həm Əmrəyə, həm də Mövluda dünya çempionatının seçmə matçlarında böyük ehtiyacım var. Hansısa futbolçunun zədələnməsini istəmədiyindən, Ukrayna ilə görüşdə istirahət verdim”.
0