“Olimpik-Şüvəlan” Kamaraya görə ziyana düşdü
19.08.2009 - 12:06
“Olimpik-Şüvəlan” Kamaraya görə ziyana düşdü
AFFA İntizam Komitəsi yeni mövsümdə ilk iclasını keçirib. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, komitə üzvləri XVIII Azərbaycan Premyer Liqasının I turunun oyunlarında baş verən neqativ halları müzakirə edərək, müvafiq qərarlar çıxarıblar.

“İnter” - “Karvan” matçının 68-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydandan qovulan İlham Yadullayev 1 oyunluq cəzalandırılıb. Yevlax təmsilçisi müdafiəçiyə görə 200 manat cərimə ödəyəcək.

“Olimpik-Şüvəlan” - “Neftçi” qarşılaşmasının 70-ci dəqiqəsində hakimə qarşı təhqiredici hərəkət edən Abdul Kader Kamaranın cəzası isə daha ağır olub. Meydan sahiblərini 2000 manat ziyana salan qvineyalı legioner 2 tur “istirahət edəcək”.

Bundan başqa, Premyer Liqa klublarının əvəzedici heyətlərinin çempionatı barədə də qərar verilib. Burada cəmi bir komanda ziyana düşüb. “Karvan”la oyunda 5 futbolçusu sarı vərəqə ilə alan “İnter” 500 manat cərimələnib.
0