“Konyaspor”un bəyənmədiyi futbolçu “Simurq”da
19.08.2009 - 12:18
“Konyaspor”un bəyənmədiyi futbolçu “Simurq”da
Azərbaycan milli komandasının futbolçusu Daniel Axtyamov karyerasını ölkəmizdə davam etdirməyə yaxındır. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Zaqatala “Simurq”unda oynamaq istəyir. Klubun baş məşqçisi Roman Pokora məsələnin praktiki olaraq, həllini tapdığını bildirib.

“Komandamızda cəmi iki ön xətt oyunçusu var - Elşən Məmmədov və Nikolay Petrov-Valev. Mövsüm uzundur, buna görə bizə daha bir hücumçu lazım idi. Həm də Petrov-Valev sırf hücumçu deyil, onun əsl mövqeyi hücumçuların arxasındadır. Lakin heyətdə mərkəz hücumçusu olmadığından, mən onu ön xətdə oynatmağa məcbur idim” - deyə Pokora vurğulayıb.

Axtyamovun “Simurq”un heyətində avqustun 22-də Premyer Liqanın II turunda “Muğan”la matçda debüt edəcəyi gözlənilir.

Xatırladaq ki, Daniel bu ilin ilk yarısını Belarusun “Minsk” klubunda keçirib. Yay fasiləsində isə o, “Konyaspor”da (Türkiyə) baxışa yollanmışdı və bəyənilməyərək, geri qaytarılmışdı. Axtyamov indiyədək Azərbaycanda “Gəncə” və “İnter”in şərəfini qoruyub.

Mənbə: extratime.az

0