Avropa Liqasında “Bakı” və “Qarabağ” klublarının növbəti sınağı
19.08.2009 - 12:52
Avropa Liqasında “Bakı” və “Qarabağ” klublarının növbəti sınağı
Sabah Avropa Liqasının dördüncü təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qitə kubokları tarixində ilk dəfə qrup mərhələsinin bir addımlığında olan Azərbaycan təmsilçiləri də növbəti sınağına çıxacaq. İsveçrənin “Bazel” klubunu qəbul edəcək “Bakı” bu mərhələdə meydana çıxan ilk komandamız kimi tarixə düşəcək.

Ən yaxşı bombardiri Feliks Felipe Almeyda cəzalı olan “Bakı” isveçrəlilərin paytaxta ikinci səfərini də “korlamağa” çalışacaq. Avropa klub turnirlərində heç vaxt komandalarımızla oynamayan mərkəzi avropalılar 1996-cı ildə Bakıdan başıaşağı ayrılıb. Tarixinin ən yaxşı dövrlərindən birini yaşayan İsveçrə yığması 13 il öncə dünya çempionatının seçmə mərhələsinin matçında ölkəmizi 0:1 hesablı məğlubiyyətlə tərk etmişdi. İndiyədək həmin qarşılaşmanı xoşagəlməz xatirələrlə yada salan isveçrəlilər indi də “Bazel”ə ümid edir. Avrokuboklar tarixində heç vaxt öz meydanında uduzmayan “Bakı” növbəti qələbə ilə cavab oyunu ərəfəsində qrup mərhələsinə daha da yaxınlaşa bilər.

Paytaxtın eyni adlı təmsilçisindən 3 saat sonra meydana çıxacaq “Qarabağ” isə “ikinci eşelon” təmsilçisinin qonağı olacaq. Hollandiyada “Tvente”ylə görüşəcək ağdamlılar bu ölkə klubları ilə ilk oyunumuzu keçirəcək. Bu il rəqib meydanında keçirdiyi qarşılaşmalarda qol buraxmayan Qurban Qurbanovun yetirmələri bu seriyanın davamını gətirməyə çalışacaq. Rəşad Sadıqov, Emin İmaməliyev, Aftandil Hacıyev zədəli, Elnur Allahverdiyev isə cəzalı olmasına baxmayaraq, “Qarabağ” “Neftçi”nin nailiyyətini təkrarlamaq əzmindədir. Belə ki, flaqman “ikinci eşelon” təmsilçisini mübarizədən kənarlaşdıran hələlik yeganə Azərbaycan klubudur. Bakılılar ötən il Belçika “Jerminal”ını üstələmişdi - 1:1, 1:0.

Avropa Liqası, dördüncü təsnifat mərhələsi, ilk oyunlar
20 avqust


20:00. "Bakı" (Azərbaycan) - "Bazel" (İsveçrə)
Baş hakim:
Jolt Sabo
Hakim köməkçiləri: Robert Kispal, Jolt Varqa, Yojef Berger (hamısı Macarıstan)
Hakim-inspektor: Frants Vörer (Avstriya)
UEFA nümayəndəsi: Dimitru Mihalake (Rumıniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

23:00. "Tvente" (Hollandiya) - "Qarabağ" (Azərbaycan)
Baş hakim:
Andre Marriner
Hakim köməkçiləri: Darren Kann Endryu Neubold, Kevin Frend (hamısı İngiltərə)
Hakim-inspektor: Jan Lemmer (Lüksemburq)
UEFA nümayəndəsi: Qudmundur Petursson (İslandiya)
Enshede. "Arke" stadionu
0