Premyer Liqada ilk hakim səhvi aşkarlandı - EKSKLÜZİV
19.08.2009 - 13:39
Premyer Liqada ilk hakim səhvi aşkarlandı - EKSKLÜZİV
Azərbaycan Premyer Liqasının 2009/10 mövsümünün ilk turu hakim səhvi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, çempionatın açılış turunda FİFA referisi Fariz Yusifov “fərqlənib”. Premyer Liqanın sayca ikinci oyunu olan “İnter” - “Karvan” görüşünü idarə edən hakim matçdan sonra buraxdığı nöqsanla hətta AFFA rəsmilərini də çaş-baş qoyub.

Belə ki, ikinci hissədə öncə “İnter” hesabı açıb, ardından rəqib futbolçu İlham Yadullayev meydandan qovulub. Lakin Yusifov bu hadisələrdən hansının tez baş verdiyini özü də unudub. Buna görə də 37 yaşlı hakim oyunun protokolunu doldurarkən, qolun qırmızı vərəqədən tez qeydə alındığını xatırlamayıb. Onun Peşəkar Futbol Liqasına təqdim etdiyi rəsmi sənəddə qırmızı vərəqə 68-ci, qol isə 70-ci dəqiqədə göstərilib. Halbuki qol 70-ci, qırmızı vərəqə isə 72-ci dəqiqəyə təsadüf edib.

Bu gün AFFA-nın İntizam Komitəsinin iclasında da İlham Yadullayevin məhz 68-ci dəqiqədə meydandan qovulduğu göstərilib. Matçdan 3 gün keçsə də, AFFA-nın Hakimlər Komitəsinin üzvləri hələlik Yusifovun səhvini görməyiblər.
0