“Bakı” “Neftçi”yə çatdı
21.08.2009 - 11:18
“Bakı” “Neftçi”yə çatdı
Avropa Liqasının dördüncü təsnifat mərhələsinin ilk oyunları daha bir Azərbaycan rekordunun təkrarlanması ilə nəticələnib. Apasport.az saytının hesablamalarına görə, İsveçrənin “Bazel” klubuna 1:3 hesabı ilə uduzmasına baxmayaraq, “Bakı” “Neftçi”yə məxsus rekordu təkrarlayıb.

Belə ki, görüşün 47-ci dəqiqəsində hesabı açan Fernando Peres komandasının cari mövsümdə qitə miqyaslı oyunlarda vurduğu 7-ci qolun müəllifi olub. Təmsilçimiz digər 6 qola Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Litva “Ekranas”ı ilə oyunlarında imza atmışdı – 2:2 və 4:2. Avrokuboklar tarixində indiyədək yalnız bir dəfə Azərbaycan klubu mövsümə 7 qol vurmağı bacarmışdı. Bu, ötən ilki İntertoto kubokunda qeydə alınıb. “Neftçi” Slovakiya “Nitra”sına üç (2:0, 1:3), Belçika “Jerminal”ına (1:1, 1:0) və Rumıniya “Vaslui”nə (2:1, 0:2) iki qol vurmuşdu.

Qeyd edək ki, cari mövsüm 7 qol vuran “Bakı” və 5 dəfə fərqlənən “Qarabağ” gələn həftə keçiriləcək cavab oyunlarında nəticələrini daha da yaxşılaşdıra bilər.
0