Feliks: Tribunada oturub öz-özümü söyürdüm...
21.08.2009 - 12:00
Feliks: Tribunada oturub öz-özümü söyürdüm...
“Yaşadığım hissləri sözlə ifadə etməyə çətinlik çəkirəm. Tribunada oturub öz-özümü söyürdüm ki, nəyə görə “Levski” ilə təkrar oyunda lazımsız sarı vərəqə aldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın futbolçusu Feliks Felipe Almeyda deyib.

Braziliyalı hücumçu bildirib ki, “Bakı” Avropa Liqasının dördüncü təsnifat mərhələsində “Bazel”lə görüşdə qələbəyə daha çox layiq olub: “Deməzdim ki, komandamız zəif oynadı. Qələbəyə rəqibdən daha çox layiq idik. Lakin ikinci hissədə oyunumuz “sındı” və arxayınlıq ucbatından 3 qol buraxdıq. Səhvlər haqqında danışmayacağam. Əgər komanda bir qol vurursa, ardından gözlənilmədən 3 top buraxırsa, bu, çox mətləblərdən xəbər verir”.

25 yaşlı legioner gələn həftə Bazeldə keçiriləcək cavab oyunu barədə də fikirlərini bölüşüb. O, növbəti mərhələ yüksəlmək şansının itirilmədiyini söyləyib: “Cavab oyununda üzərimə ikiqat vəzifənin düşdüyünü anlayıram. İki top fərqini aradan götürmək asan olmayacaq. Marko Streller burada iki qol vura bilirsə, mən İsveçrədə niyə 2 dəfə fərqlənməyim?”

Qeyd edək ki, Almeyda Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Levski” ilə qarşılaşmada ikinci sarı vərəqə aldığından, cəzalı duruma düşmüşdü. Onun oynamadığı matçda isə “Bakı” “Bazel”ə 1:3 hesabı ilə uduzub.

Mənbə: extratime.az
0